Neftçalada balıq bazarı uğrunda savaş qızışıb

1424417415_1393059294_1392971597_veliyevİcra başçısı İsmayıl Vəliyev Məhəmməd Fərziyevə məxsus bazarı sıradan çıxarmağa çalışır

Başçının müavini Əlikömək Babayev və bələdiyyə sədri Aydın Aslanov bazarın yerləşdiyi ərazidə bilərəkdən antisanitar vəziyyət yaradır

Neftçala rayonunda sosial gərginlik pik həddə çatıb. Belə ki, rayonda uzun müddətdir davam edən balıq bazarı qalmaqalı yenidən alovlanıb. Xatırladaq ki, fevral ayının 5-də Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) başçısı İsmayıl Vəliyev müavini Əlkömək Babayevə və rayon sanitar epidemioloji stansiyasının bazar üzrə məsul nümayəndəsi Mələk Hüseynovaya bazarın qısa zamanda bağlanması barədə təlimat verib.

Başçı bazarın bağlanmasına nail olmayacaqları təqdirdə həmin şəxsləri işdən çıxarmaqla hədələyib. Qarşı tərəf, yəni bazarın sahibi Məhəmməd Fərziyevin qardaşı Zakir Fərziyev isə mətbuata açıqlamasında icra başçısının bazarın yerini ələ keçirməklə şəxsi biznesini genişləndirmək istəyində olduğunu deyib. Zakir Fərziyevin sözlərinə görə, icra başçısı İsmayıl Vəliyev onun qardaşı Məhəmməd Fərziyevin bazarına göz dikib: “Mənim qardaşım ikinci qrup əlildir. “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülmüş adamdır. Onun xırda bir balıq bazarı var. İsmayıl Vəliyev gələndən sonra kənar bir yerdə özü üçün böyük bir bazar tikdirib, istifadəyə verə bilmir. Ona görə də balıqçıları kənarda qorxudub başçının bazarına aparırlar. Balıqçılar da kənar yerdə balıq sata bilmədikləri üçün təzədən mənim qardaşımın bazarına qayıdırlar. Bazarın da kənarlarında dükanlardır. Traktorla bazarın ətrafındakı dükanları söküblər. İndi hər iki tərəfdən bazar açıq qalıb. Qardaşım hasar hörmək istəyir, amma başçı qoymur. Bir neçə gün əvvəl qardaşım dörd cərgə hasar hörüb. İcra hakimiyyətinin işçiləri gəlib deyib sök. Qardaşım deyib ki, sökmürəm. Gətirib traktoru özü hasarı söküb. Yaranmış problemlə bağlı bir çox dövlət qurumlarına müraciət etmişəm, amma heç birindən cavab gəlməyib. Bizim bazarlar mərkəzdə yerləşir. Bir-birinin yanında 3 bazardır. 20 ildir ki, sahəsi 1 hektar olan bazarımız qanuni şəkildə fəaliyyət göstərir. Orada ət, balıq, göy-göyərti, meyvə-tərəvəz – hər şey satılır. Alvercilər üçün həm yerhaqqı ucuzdur, həm də yer rahatdır, müştəri boldur. Bir müddət əvvəl başçı polis gücünə alverçilərin bir hissəsini bizim bazarlardan çıxarıb öz bazarına yönəltdi. Bununla belə bizim müştəri sarıdan kasadlığımız olmadı deyə dinmədik. Ancaq artıq neçə gündür ki, icra hakimiyyətinin başçısının müavinləri, polislər, baytarlıq idarəsinin işçiləri, bələdiyyə üzvləri bazarın ətrafında fırlanırlar ki, alverçilərə necə təzyiq göstərsinlər”. Şikayətçi həmçinin bir neçə gün əvvəl icra hakimininin müavini Əlikömək Babayevin bir qrup şəxslə bazara gələrək ölçmə-biçmə işləri apardığını deyib: “Bazara gələn şəxslər arasında icra nümayəndəsi, onun müavini Bəybala Qasımov, sanitar epidemioloji stansiyanın rəhbəri, sahə müvəkkili və 10 nəfər bələdiyyə nümayəndəsi olub. Əlikömək Babayevdən gəlişlərinin səbəbini soruşdum. Cavab olaraq “göyərti almağa gəlmişik” deyə bildirdi. Bundan sonra bələdiyyə işçiləri bazardakı dükanları ölçməyə başladılar. Rayon sanitar epidemioloji stansiyasının bazar üzrə məsul nümayəndəsi Mələk Hüseynova isə bazarda işləyənlərə həmin vaxt yenidən hədə-qorxu gələrək onları 500 manat miqdarında cərimə edəcəyini bildirib. İcra başçısının müavini ilə gələn şəxslərin arasında Azər adlı bir müəllim də olub. O rayon məktəblərinin birində dərs deyir. Amma Əlikömək Babayev onu işindən ayıraraq bazarın ərazisində çəkiliş aparmaq üçün gətirib. Həmin şəxs də bazarın qarşısında toplanıb qalmış tullantıların foto və videosunu çəkib. Bazarın qarşısında tullantılar üçün ayrılmış ərazi var. Neçə gündür ki, bələdiyyənin zibilyığan maşınları həmin ərazidəki tullantıları təmizləmirlər. Bələdiyyəyə gedib nə üçün belə etdiklərini soruşdum. Bələdiyyədən mənə icra başçısının bu haqda tapşırığının olduğunu dedilər. Daha sonra bələdiyyənin sədri Aydın Aslanov bazardakı işçilərə xəbərdarlıq edib və bildirib ki, yeni tikilən bazara köçməsələr, buldozer gətirərək həmin mağazaları sökdürəcək. Aydın Aslanov bir zamanlar polis kimi fəaliyyət göstərib. Lakin işində yol verdiyi nöqsanlara görə vəzifədən çıxarılıb. Aydın Aslanov həmçinin rayonun yerli idarə müdirlərindən birinin qohumudur. O çox qədimdən rayonda çalışdığı üçün bir çox məmurun eyiblərini yaxşı bilir və onları qorxudaraq rayonda istədiyini edir. Məhz bu minvalla bələdiyyə sədri seçilib”. Məhəmməd Fərziyevin və qardaşı Zakir Fərziyevin bir sıra dövlət qurumlarına şikayət etməsinə baxmayaraq, icra başçısı İsmayıl Vəliyev və bələdiyyə sədri Aydın Aslanov bazarı sökməkdə israrlıdır. Rayon rəhbərinin özbaşına əməllərindən əl çəkmədiyini görən bazarın sahibi, 20 yanvar əlili Məhəmməd Fərziyev söküntüyə davam ediləcəyi təqdirdə özünü yandıracağını, canına qəsd edəcəyini söyləyib. Məlumata görə, onun əlində bir qab dolusu benzin olub. Ətrafdakı insanların səyi nəticəsində Məhəmməd Fərziyevin əlindən benzini almaq və onu sakitləşdirmək mümkün olub. Rayon icra hakiminin müavini Əlikömək Babayev isə məsələyə münasibət bildirərkən bazar sahibinin sadəcə “şou” göstərdiyini irəli sürüb. O bazarda antisanitariyanın hökm sürdüyünü vurğulayıb. Neftçaladakı mənbələrdən əldə etdiyimiz son məlumatlara görə isə, İsmayıl Vəliyev Məhəmməd Fərziyevin bazarını əlindən almaq üçün müxtəlif üsullara əl atır: “İcra başçısının təyin etdiyi adamlar rəqib bazarda çalışan adamları gah hədələyir, gah da onlara heç bir səbəb olmadan külli miqdarda cərimə tətbiq edirlər. Bundan başqa, bələdiyyənin zibilyığan maşınları bilərəkdən bazardakı zibil qutularını yığışdırmırlar. Bələdiyyə sədri Aydın Aslanov icra hakiminin tapşırığı əsasında bazarın ərazisində antisanitar vəziyyətin yaradılmasına çalışır. Bu məqsədlə zibilyığan maşınlar qəsdən bazarın ərazisinə zibil tökürlər. İcra hakimi bazarda sanitar normalara əməl edilmədiyi görüntüsünü yaratmaqla buranı sökdürmək və satıcıları öz bazarına yönləndirmək istəyir. Amma bazarda işləyən balıqçılar və digər satıcılar isə nəyin bahasına olur-olsun burdan çıxmayacaqlarını bildiriblər”. Göründüyü kimi, İsmayıl Vəliyevin şəxsi biznes maraqları Neftçalada onlarla insanın çörək təknəsini itirməsinə səbəb ola bilər. Odur ki, yuxarı instansiyalar səviyyəsində rayon rəhbərinin qanuna sığmayan hərəkətlərinə dərhal reaksiya verilməli və narazılıq halları aradan qaldırılmalıdır.

Yazı ilə bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

gundelik-baku.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR