Nigar Camal: “Yaraşıqlı kişini sevə bilmərəm” – MÜSAHİBƏ

nj05_8075ac04fdb37aba66aa92ad0c0cc04c“Boşanmışam, amma bunu sənətimə görə etməmişəm”

Müğənni Nigar Camalın Ailəm.az-a müsahibəsi:

– Bir qadın kimi özünü nə dərəcədə xoşbəxt hesab edirsən? Ümumiyyətlə, xoşbəxt olmaq üçün nə etmək lazımdır?

– Bir qadın kimi özümü vaxtaşırı xoşbəxt hesab edirəm. Həmişə xoşbəxt olmaq mümkünsüzdür. Kədərli olduğum vaxtlar da olur, amma belə zamanlarda yaxınlarımla, dostlarımla, məni sevən insanlarla bərabər oluram, həyata bir az daha başqa cür baxıram və problemlər barədə düşünməkdənsə zamanımı xoş keçirməyin tərəfdarıyam. O ki qaldı qadın xoşbəxtliyinə, hesab edirəm ki, qadının xoşbəxt olması üçün çox şey elə onun özündən asılıdır. Əslində hər şeyə pozitiv yanaşmaq lazımdır. Düzdür, bu, çox çətindir, amma bunu bacarmalıyıq. Sözsüz, hər insanda müəyyən zamanlarda depressiyalar olur, amma ən çətin anlarda belə, çıxış yolu var.

Xasiyyəti pozitiv olan, yumora üstünlük verən insanların xoşbəxt olmağa şansları daha çoxdur. Eyni zamanda xoşbəxtliyi fərqli qəbul edən insanlar var: pul ilə xoşbəxt olanlar, sevdiyi insan yanında olanda xoşbəxt olanlar və s. Yəni hər kəsin fərqli xoşbəxtlik formulu var.

 

– Bəs Nigar Camalın xoşbəxtlik formulu nədir?

 

– Mənim üçün ən əsası sevdiklərimin, yaxınlarımın xoşbəxt yaşamaları, problemlərinin olmamaları, övladlarımın və sevdiyim insanın yanımda olmasıdır, vəssalam. Xoşbəxtlik formulum budur.

 

– Nigar, şəxsi həyatında dəyişiklik, yəni boşanma sırf sənəti üstün tutmağınla bağlıdır, yoxsa artıq o insana qarşı hisslərinin bitdiyini hiss etdin deyə bu addımı atdın?

 

– Mən öz dünyamda yaşayan insanam. İşdir, gedirəm işləyirəm və qayıdıram hər kəsin daxil olması mümkün olmayan dünyama. Heç kim boşanmaqdan sığortalanmayıb. Boşanma məsələsi çoxdan olub, sadəcə mən bu barədə danışmamışam, çünki şəxsi həyatımla bağlı hansısa mənada məlumat verməyi xoşlamıram. Hər halda bu gün bizdə boşanmaların sayı çoxdur. Hansısa bir boşanmada kişi və ya qadının pis olması ilə bağlı nəsə demək yanlış düşüncədir. Adətən aktyor, müğənni, ictimaiyyətdə tanınan bir insanın boşanma məsələsi ətrafında müxtəlif fikirlər yürütməyə başlayırlar. Amma heç biri bunun əsl səbəbini, nələrin baş verdiyini bilmir. Sadəcə demək istərdim ki, heç kim harda xoşbəxtlik varsa və xoşbəxtdirsə, onu heç zaman dağıtmaz. Harda xoşbəxtsənsə, oradan heç zaman getməzsən. Sənəti üstün tutaraq ailəni dağıtmağı isə mən ümumiyyətlə, ağılsızlıq kimi qiymətləndirirəm. Şəxsən mənə bu yanaşma heç zaman çatmayıb. Hesab edirəm ki, boşanma qərarını vermək üçün daha ciddi səbəblər lazımdır. Eyni zamanda hisslər tükəndiyi üçün ayrılmağı da doğru hesab etmirəm. Bəzi insanlar düşünür ki, uşaqlara görə nələrəsə dözmək, dözmək də yox, ailəni davam etdirmək lazımdır. Sözsüz, ailənin qalması üçün çalışmaq, mübarizə aparmaq lazımdır, amma bu addımlar hər zaman müsbət nəticə vermir. Uşaqlar sağlam ailədə böyüməlidirlər, hər gün söz-söhbət, anlaşılmazlıq olan ailədə övlad sağlam şəraitdə böyüyə bilməz. Bütün bu hadisələr uşağın psixologiyasına, əsəb sisteminə mənfi təsirini göstərir.

 

– Onsuz da şəxsi həyatına qədər də daima çoxsaylı şayiələrin ünvanı olmusan. Yəqin, bu ərəfədə şayiələrin sayı birə-beş artıb. Şayiələrdən depressiyaya düşdüyün zamanlar olub? 

 

– Məni əsəbiləşdirən, bəzən isə güldürən məqam odur ki, bilmədən hər şey haqqında danışırlar. Məsələn, biri yazır ki, “onun danışmağa haqqı yoxdur, ailəsini saxlamadı”. Axı ailədə nələrin baş verdiyini, nələrin yaşandığını bilmədən bunu necə demək olar?! “Əgər boşanma varsa, demək qadın pisdir” düşüncəsi yanlışdır. İndi ayrılan hər kəsi öldürmək lazımdır? Özü də əgər qadın müğənnidirsə və boşanırsa, deməli pis biridir?! Çox qəribə düşüncədir… Şayiələrdən, danışılanlardan depressiyaya düşmürəm, amma qıcıqlandığım məqamlar çox olur. Danışılanların 99 faizi yanlışdır, barı biri düz olsa, qıcıqlanmaram.  Ümumiyyətlə, istər tanınmış, istər adi vətəndaş olsun, heç kim haqqında danışmaq doğru deyil. Danışan insan öz həyatına zaman ayırsa, daha yaxşı olar.

 

– Ailə Nigar Camal üçün nə deməkdir?

 

– Uzun müddətdir məni tanıyan hər kəs bilir ki, mən valideynlərimə çox bağlıyam. Valideynlərim, övladlarım, qardaşım, bacım mənim üçün həyatda hər şeydir. Baxmayaraq ki, artıq hər birimiz ailə qurmuşuq, başqa-başqa ölkələrdə yaşayırıq, amma biz hər zaman bir yerdəyik, bir-birimizə lazım olduğumuz zaman bütün ailə bir yerə toplaşır və birgə qərar veririk. Yaxın dostlarıma da ailə üzvlərim kimi yanaşıram.

 

– Sərbəst və olduqca gözəl, cazibədar xanımsan. Sözsüz, səninlə ailə qurmaq istəyənlər də zamanla qarşına çıxacaq. Arzusunda olduğun bir insan gələcəkdə qarşına çıxsa, amma uşaqların bunu etirazla qarşılasa, hansı addımı atarsan?

 

– Həyatda zamanla hər şey dəyişir. Tez və ya gec bir qadın kimi mən tək qalmaq istəmirəm. Mənim də istənilən qadın kimi xoşbəxt olmağa haqqım var. Bununla bağlı fikrimi sizə tam açıq şəkildə bildirim. Gələcək günlərin birində qarşıma həmin adam çıxsa, istər ata, istərsə də ana tərəfdən həmin insan dərhal sevgili kimi yox, ailə dostu kimi uşaqlara tanıdılmalıdır. Yəni o insanla uşaqlar arasında münasibət yavaş-yavaş yaranmalıdır, o insanla dostluq əlaqələri qurulmalıdır. Fikrimcə, ilkin mərhələdə uşaqların o insanı sevgili kimi tanıması yox, bir dost kimi tanıması lazımdır. Bu, həm ataya, həm də anaya aiddir. Eyni zamanda o, insanın uşaqlara necə yanaşması ana üçün daha vacibdir. Həm uşaqları incitmək, qırmaq istəmirsən, həm də tək qalmaq istəmirsən. Nə zaman uşaqlar o insanı sevməyə başlasalar, o zaman artıq hər şeyi demək və ailə olmaq olar.

 

– Türkiyə şou-biznesində də kifayət qədər məşhurlaşdın. Azərbaycan, Türkiyə, Rusiya, yoxsa Böyük Britaniya – hansı ölkə qadın müğənni üçün daha rahatdır?

 

– Azərbaycanda təəssüflər olsun ki, şou-biznes yoxdur. Hazırda mövcud olanı mən şou-biznes hesab etmirəm. Buna yalnız toy-biznes demək doğru olar. Yaradıcılıqla çox az məşğul olan adam var. Ölkəmizdə bu sahəylə məşğul olan insanlara yanaşma tərzi heç də qənaətbəxş deyil, bu sahədə olan insanlar haqda heç də yaxşı düşünülmür, o səbəbdən də hörmətlə yanaşma yoxdur. Çox sevindirici haldır ki, “Eurovision” yarışmasında çıxış edən sənətçilərə başqa cür, daha üstün yanaşma var. Yarışmadakı iştirakdan sonra biz həm Azərbaycanda, həm Rusiyada, həm də Türkiyədə işlər gördük. Baxmayaraq ki, mənimçün fikirlərimi rus dilində çatdırmaq daha asandır, ancaq Türkiyə şou-biznesi mənə daha yaxındır. Orada işləmək çox asan və daha professionaldır. Həqiqətən də Türkiyədə çox ali səviyyədə şou-biznes var. Türkiyəli müğənnilərlə dostluq və yaxınlıq etmək çox xoşdur. Hande Yenerlə çox yaxşı dostuq. İstanbulda yaşamaq və Türkiyədə bu sahədə işləmək çox xoşuma gəlir. Onlarda həddindən çox peşəkar var. Onlar çox əməksevərdilər və işlərinə məsuliyyətlə yanaşırlar. İstanbulda klip çəkilişlərim oldu. İki günlük – biri 19, biri 16 saat olmaqla çəkiliş müddətində mən yorulmadım, əksinə, pozitiv əhval-ruhiyyədən zövq aldım. Türkiyədə sənətçiyə çox böyük hörmətlə yanaşılır. London isə mənim üçün övladlarımı böyütdüyüm məkandır. Bu şəhərdə öz karyeramı qurmaq istəmərəm. Hətta əgər mənim orada sənətimlə bağlı irəli getmək kimi bir şansım olsaydı, bunu etməzdim, çünki Britaniya şou-biznesini sevmirəm.

 

– Bir müddətdir təksən. Həyatda həm kişi, həm qadın olmaq çətin deyil ki?

 

– Mən evdə olanda istənilən işi görürəm. Uşaqları məktəbə aparıb gətirirəm. İşləməyə gələndə dərk edirəm ki, işləməliyəm və uşaqlarımı öz ayaqları üstə durmağa çatdırmalıyam. Mənim bütün günlərim yazılmış şəkildə gedir. İşləyirəm, amma evdə anayam. Həyatdır, bəzi yaşantılardan qaçmaq mümkünsüzdür. Bəzən həm kişi, həm qadın olmaq məcburiyyətində qalırıq. Mənim situasiyamda da belədir. İstəsən də, istəməsən də, bu vəziyyətə alışırsan. Neqativ tərəfləri düşünmək istəmirəm, onsuz da bu var. Sözsüz, çətindir, düşünürsən ki, uşaqları böyütməlisən, onların hər arzusunu həyata keçirməlisən. Qadın hər şeydən əvvəl övladlarını və onların gələcəyini düşünməlidir. Mənim xarakterim də bu yolda kömək edir. Zəif olmaq qadına yaraşmaz. Bizim bir çox ailələrdə kişi ola-ola, qadın o ailəni öz çiyinlərində aparır, qadın yalnız güclü olmalıdır və o zaman onda hər şey alınacaq.

Ümumiyyətlə, mən pis nələrsə yaşayanda ən yaxın dostlarımla bölüşürəm, onlardan məsləhət alıram. İnsan çox uzun müddət pis ola bilməz, bu, sübut olunmuş şeydir. Depressiyaya düşəndə düşünürəm ki, bunu yaşamaq və bu vəziyyətdən çıxmaq lazımdır. Kim ki həyatınızda sizə pisliklər edib, o insanlardan uzaq olmaq lazımdır. Hətta o insanla bütün əlaqələri qırmaq, hər yerdə blok eləmək və bu vəziyyətdən çıxmaq üçün mübarizə aparmaq ən yaxşı yoldur. Düşdüyüm situasiyada anam və atam mənə dəstək və arxa oldular. Heç bir valideyn övladının göz yaşlarına dayana bilmir…

İstənilən situasiyada güclü olmaq lazımdır. Həyat bitdi deyə düşünmək doğru deyil, çünki həqiqətən də bununla həyat bitmir. Elə insanlar var ki, keçmişlə yaşamağı xoşlayır və keçmişdə hər şeyin yaxşı olduğunu, gələcəkdə belə olmayacağınıı düşünürlər, amma elə deyil. Gələcəkdə hər şey çox daha yaxşı ola bilər, bunu düşünmək lazımdır. “Mənə pisdir, evdə oturum”, – deyib özünə qapanmaqdansa, cəmiyyət arasına çıxıb özgüvəni artırmağı tövsiyə edirəm. Hər bir qadın güclü olmalıdır, əgər anadırsa, daha güclü olmalıdır.

 

– Bakıya yalnız işin olandan olana, yoxsa darıxdığın vaxtlarda da gəlirsən?

 

– Əvvəllər Bakı üçün darıxanda tez-tez gəlirdim, amma indi artıq daha çox işləyirəm və işlərimin çoxluğundan gələ bilmirəm. Çünki Türkiyədə çoxşaxəli işlərlə məşğulam. Bununla yanaşı, Xocalıyla bağlı yeni bir layihəyə hazırlaşırıq. Elə bu günlərdə sözügedən layihəylə əlaqədar Moskvada görüşdə oldum. İndi ancaq çağırılanda, işim olanda Bakıya gəlirəm. “Euro-2015”də Eldarla bərabər səfir seçildiyimiz üçün bununla bağlı tez-tez gəlirəm. Həm də uşaqlarla məşğul oluram deyə zamanımı hesablayıram. Mart ayı üçün İstanbulda yeni mahnımın təqdimatını edəcəyəm. Buna çox tələsirəm.

 

– Corc Kluni, Bred Pitt, Antonio Banderas və ya Robert Pattinson. Hansı Nigar Camalın zövqündədir?

 

– Corc Kluni, Bred Pitt, Antonio Banderas qocalıblar. Birmənalı şəkildə Robert də mənim romanımın qəhrəmanı deyil. İlk üç aktyorun çəkildiyi hər bir filmə baxmağı xoşlayıram, amma Robertin çəkildiyi filmlərə baxmıram, çünki onun oyunu məni qane etmir.

 

Bəs idealındakı kişi obrazı necə biridir?

 

– Ən birincisi, azərbaycanlı olması şərtdir. Zamanla bu, mənim üçün daha vacib hal alır. Çünki istəyirəm ki, o, mənim yiyələndiyim mədəniyyətə sahiblənsin və eyni şəhərdən olsun. Çox səbrli və sakit, kişi xüsusiyyətli, hörmətli və hörmət qoymağı bacaran biri olmalıdır. Mən sakit insan olmadığım üçün o insanın xasiyyətcə sakit olması lazımdır. Mənim üçün xarici görünüşdən çox, daxili daha çox önəm daşıyır. Özünü cəmiyyət arasında idarə etmə bacarığı mənim üçün vacib faktorlardan biridir. Mən çoxsaylı qadınlardan fərqli olaraq xarici görüşə önəm vermirəm və düşünürəm ki, yaraşıqlı kişi istənilən şəkildə daxildə qüsurlu olur. Yaraşıqlı kişini sevə bilmərəm, bunu dəqiq bilirəm.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR