Oliqarx Sayadovu həbsdə saxladılar və daha iki maddə “yüklədilər”

1425025980_0001Rusiyanın Sıktıvkar şəhər məhkəməsi azərbaycanlı oliqarx, korrupsiya və dövlət əmlakının mənimsənilməsi ittihamları ilə həbsdə olan Akif Sayadovun müalicə almaq üçün azadlığa buraxılması barədə müdafiə tərəfinin vəsatətini yenə rədd edib.

Virtualaz.org saytı xəbər verir ki, məhkəmə ilkin istintaq orqanlarının “Uxtanefteqazgeologiya” ASC-nin keçmiş baş direktoru Akif Sayadovun barəsində həbs qətimkan tədbirinin qüvvədə qalmasına dair vəsadətini təmin edib.

Məhkəmə Sayadovun həbs müddətini bu il aprelin 27-nə qədər uzadıb. Onun barəsində çıxarılmış həbs qətimkan tədbirinin müddəti bu gün fevralıb 27-də başa çatırdı.

Akif Sayadov bir neçə ağır xəstəlikdən, o cümlədən xərçəng xəstəliyindən əziyyət çəkir. Vəkilləri bildirir ki, onun vəziyyəti ağırdır, təcridxana şəraitində müalicəsi mümkün deyil və müalicə olunmaq üçün ixtisaslaşmış xəstəxanaya yerləşdirilməlidir.

Lakin məhkəmə bu qənaətə gəlib ki, Sayadov həbsdən buraxılsa qaça və istintaqdan gizlənə, yaxud şahidlərə təzyiq göstərə bilər. Çünki onun Komi muxtar respublikasında dayanıqlı sosial əlaqələri yoxdur, yaxınları Azərbaycanda yaşayır.

Nəticədə məhkəmə müdafiə tərəfinin Sayadovun ev dustaqlığına buraxılması və ya 3 milyon rubl girov müqabilində məhkəməyə qədər azad edilməsi barədə vəsadətini təmin etməyib.

Vəkil Vadim Kulikov deyib ki, Kirov istintaq təcridxanasının həkimləri vicdansızlıq edərək Sayadovun səhhətinin təcridxanada saxlanılmağa imkan verdiyinə dair yalançı tibbi rəy yazıblar. Əslində Sayadov kimyəvi terapiya kursu keçməlidir və təcridxanada saxlanılan adama belə müalicə kursunun tətbiq edilməsi mümkün deyil. Onun sözlərinə görə, Komidən gələn adamlar təcridxananın həkimlərinə tapşırıblar ki, “lazım olan rəyi” yazsınlar.

Akif Sayadov özü isə deyib ki, o, təcridxanada saxlanılmasına da razıdır, bir şərtlə ki, təcridxana kimyəvi terapiya kursunun keçirilə biləcəyi şəhərdə olsun.

“Qoy məni elə yerə aparsınlar ki, heç olmasa orada kimyəvi terapiya kursu keçə bilib. Düzgün keçməyən kimyəvi terapiya kursu ölümə səbəb ola bilər. Kirovda həkimlərin heç tomoqrafı da yoxdur”- Sayadov bildirib.

Məhkəmə iclasında müstəntiq elan edib ki, fevral ayında Sayadova qarşı daha iki cinayət işi qaldırlıb: xüsusilə iri məbləğdə fırıldaqçılıq və iri məbləğdə vəsaiti talama. İstintaqın versiyasına görə Sayadov aldatma və vəzifəsindən sui-istifadə yolu ilə “İntaneft” ASC-nin 8.8 milyon rubl vəsaitini mənimsəyib. Həmçinin o,”Uxtaneftegeologiya” ASC-nin 147 min rubl vəsaitini qeyri-dövlət mükafatı olan “Rusiyanın fəxri vətəndaşı” mükafatının təntənəli təqdimolunma mərasiminə xərcləyib. Bu mükafatı Sayadova adi kommersiya təşkilatı verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR