Paytaxtda satılan qızılların 90 faizi saxtadır – Açıqlama

1424861945_0001“Qızılla bağlı dəfələrlə istehlakçılardan çoxsaylı şikayətlər almışıq. Dəfələrlə zərgərləri toplamışıq və komissiya yaratmağa cəhd göstərmişik. Onlar Azad İstehlakçılar Birliyinə məlumat verməkdən başqa əməli heç bir iş görə bilməyiblər. Ötən gün kiçik bir toplantımız keçirilib. Çoxlu sayda mallar gətirilib. Müəyyən olundu ki, qızıl bazarında istehlakçıların hüquqları həddindən çox pozulur.”

Bu sözləri Analitik.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. Birlik sədri qeyd edib ki, paytaxtın qızıl bazarında kiçik monitorinq də həyata keçiriblər. Monitorinqin nəticəsi isə vəziyyətin heç də yaxşı olmadığını göstərir: “ Monitorinqimiz nəticəsində məlum oldu ki, Bakının qızıl bazarında satışa qoyulmuş qızılların 90 faizi Əyyar Palatasının nəzarətindən keçməyib. Qızılın üzərində Əyyar Palatasının möhürü yoxdur. Əhali bilməlidir ki, Əyyar Palatasından nəzarətdən keçmiş qızılın üzərində dördbucağın içərisində ay-ulduz şəkli olan emblem olmalıdır. Bu, qızıl-zinət əşyalarının Azərbaycan Respublikasının Əyyar Palatasından yoxlamadan keçməsinə dəlalət edir. Yoxlamalarımız zamanı təxminən 90 faiz qızıl məmulatlarında bu göstərici müşahidə olunmadı.”

E. Hüseynov açıqlamasında qızıl bazarında mövcud olan digər problemlərdən də söz açıb. Ona görə də AİB sədri istehlakçıları qızıl alanda diqqətli olmağa çağırıb: “Hissələrə ayrılan sırğaların birində istehsalçının əyyarı var, digərində isə yoxdur. İstehlakçı birinə baxır elə bilir ki, bu digərinə də şamil olunur. Hətta istehlakçını aldadıb sırğanın digərinə bijuteriya da qoşmaq olar. İstehlakçılar qızıl-brilyant dəstlər alan zaman baxmalıdırlar ki, ayrılan hissələrin hər birində istehsalçının əyyarı olsun.”

AİB sədri xaricdən gətirilən qızıllarla bağlı da istehlakçıların aldadıldığını vurğuladı: “Xaricdən gətirilən qızılların ayrılan hər bir hissəsində istehsalçının əyyarı, kiçik birkalar və onların üzərində isə istehsalçının ştrix kodu olmalıdır. Bu məsələyə istehlakçılar fikir verməlidirlər. Azərbaycanda zərgərlərin hamısında demək olar ki, əyyar var. Döymə ilə vurulur və o əyyarı qoyub xarici mal adı altında satırlar.”

Onun sözlərinə görə, qiymətli daşlar bazarında da vəziyyət ürəkaçan deyil. E. Hüseynov vurğuladı ki, bu sahədə də kifayət qədər problemlər var: “Üzükdə olan qaşlarla bağlı satıcı deyir ki, bu filan karatdır. Alıcının qaşı oradan çıxarıb çəkisini yoxlamağa imkanı yoxdur. İstehsalçıları bu sahədə çox ciddi aldadırlar. Təxminən bahalı daş-qaşlarda istehlakçıları karatla bağlı 30-40 faiz aldadırlar.”

Birlik rəhbəri bu sahəyə nəzarət edən dövlət qurumunu da ittiham edib. O, belə bir məsələ ilə bağlı Maliyyə Nazirliyi yanında Dövlət Əyyar Palatasının səlahiyyətli şəxsləri ilə əlaqə yarada bilmədiyini bildirib: “Bu məsələlərə aydınlıq gətirmək üçün dəfələrlə Maliyyə Nazirliyi yanında Dövlət Əyyar Palatasının rəisi Adil Əhmədova zəng vurmuşam. Oranın ekspertiza şöbəsinə zəng vurub adamlarla danışmaq istəmişəm. Heç biri Azad İstehlakçılar Birliyi ilə əlaqəyə girmək istəməyib. Yalnız telefonun o tayında olan xanım sizi birləşdirəcəyik, sizinlə əlaqə saxlayacaqlar, deməklə kifayətlənib. Sizin sayt vasitəsi ilə Adil Əhmədova bildirmək istəyirəm ki, əhalinin aldadılmasının qarşısının alınması üçün üzərlərinə düşən öhdəlikləri yerinə yetirsinlər.”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR