3 fevralda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində 16 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum, 1961-ci il təvəllüdlü Süleymanov Adil Qara oğlu dünyasını dəyişib. Bu barədə Nizami rayon prokurorluğu məlumat yayıb. Onun ürək çatışmazlığından öldüyü bildirilir. Adil Süleymanov 2006-cı ildə Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə təqsirləndirilərək 14 il müddətinə azadlıqdan məhrum edilib. (vesti.az). Penitensiar Xidmətin Müalicə Müəssisəsinin hüquqşünası İftixar Qurbanov bildirib ki, ilkin versiyaya görə, məhkum infarktdan ölüb. Qurbanovun sözlərinə görə, son cavab meydin yarılmasından sonra məlum olacaq. Qurbanov onu da qeyd edib ki, məhkuma vaxtında tibb yardım olub, təcili yardım çağrılıb. Ölüm faktı ilə bağlı təhqiqat işi Nizami rayon prokurorunun köməkçisi Məmməd Məmmədova həvalə olunub. Biz Məmmədovla əlaqə saxlamağa çalışsaq da mümkün olmadı. Həkim Azad Mirzəzadə isə qafqaznews.org-a bildirib ki: “ Adil Süleymanovun ölümünün əsas səbəbini bilmək üçün müstəqil ekspertiza keçirilməlidir. Təəssüf ki, bizdə müstəqil ekspertiza yoxdur. Ona görə də məcburuq Penitensiar Xidmətin məlumatı ilə kifayətlənək”.
Rəşad Rüstəmov
Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)