QHT sədri ona yönəlmiş ittihamları rədd elədi

скачанные файлыFevralın 6-da Beynəlxalq Mətbuat Mərkəzində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova aznews.az saytında “Mehriban Zeynalovanın adı insan alverində hallanır” başlıqlı yazı ilə əlaqədar mətbuat konfransı keçirib. M.Zeynalova bildirib ki, sədri olduğu qurumun işgüzar nüfuzuna zərər gətirən aznews.az saytını, həmçinin sosial şəbəkədə onun şəxsiyyətini alçaldan jurnalist Aynur İmranova və keçmiş deputat Gültəkin Hacıbəylini məhkəməyə verəcək: “Bəzi mətbuat orqanlarında Filippin vətəndaşı Fe Diaz Lliantonun öz ölkəsinə göndərilməsi barədə həqiqətə uyğun olmayan və “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin nüfuzuna xələl gətirməyə yönəlik məlumatlar yayılıb”. M.Zeynalova saytın Lliantonun guya onun deportasiya etdirdiyi haqda yazılar yazdığını dedi: “Həmin sayt yazır ki, guya Lliantonun deportasiya edilməsində mənim əlim var. Fe Diaz Llianto 06.01.2015-ci il tarixdə ərizə ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək öz ölkəsinə könüllü olaraq qayıtmaq istədiyini bildirib. Onun müraciəti nəzərə alınaraq nəqliyyat və digər xərcləri tam ödənilərək Nazirlər Kabinetinin 2013-cü il 10 sentyabr tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının repatrasiya qaydaları”na əsasən 06.01.2015-ci il tarixdə saat 17:15-də Bakı-Doha-Manila aviareysi ilə öz ölkəsinə qayıdışı təmin edilib”. Zeynalova bildirib ki, həm saytı həm də bu iki xanımı məhkəməyə verəcəyəm, biz məhkəmədə saytın bağlanmasını tələb edəcəyik. Aynur İmranova deyilənlərə belə münasibət bildirib: “ Mən Facebook statusumda konkret ad çəkməmişəm. Ona görə, bu iddianın siyasi sifariş hesab edirəm”. Məlumat üçün bildirək ki, Fe Diaz Llianto Gültəkin Hacıbəylinin baldızı Aynur Mehdiyevanın evində qulluçu olub. Və Bakı Ağır Cinayətlər Məhkəməsinin 22.05.2014-cü il tarixdə qəbul olunmuş hökmü ilə Azərbaycan Respublikası vətəndaşı Mehdiyeva Aynur Lətif qızı CM-nin 144-1.2.8 və 144-2.1 maddəsi ilə cinayət törətməkdə təqsirli bilinərək 8 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, himayəsində 2 azyaşlı övladı olduğu nəzərə alınaraq ona sınaq müddəti verilib”. (contact.az) Mehriban Zeynalova qafqaznews.org-a bildirb ki: “ “Təmiz dünya” deportasiya ilə məşğul olmur. Mən Liantonu necə deportasiya edə bilərdim? Əksinə həmin xanım il yarım bizim sığınacaqda yerləşib və biz ona hər cürə qayğı göstərmişik. Digər tərəfdən Lianto ölkədən deportasiya olunmayıb. O, Azərbaycanı könüllü tərk edib və bütün xərcləri ödənilib”. QHT sədri saytımıza onu da bildirib ki, mən tənqidə normal yanaşıram, amma heç kimə imkan vermərəm ki, məni insan alverində ittiham eləsinlər.

 Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR