Sabirabadlı fermerlər DBX rəisindən kömək istəyir

12 copyÖlkə başçısı İlham Əliyev cənablarının 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etməsi çox ciddi məsələdi.
Birincisi, ölkə iqtisadiyyatını bütünlüklə neft-qaz faktoruna bağlamaq olmaz. Çünki bu sərvətlər gec-tez tükənəcək. İkincisi, hazırda dünyada “ərzaq təhlükəsizliyi” deyilən problem bütün dövlətləri ciddi məşğul edir. Və hər ölkə çalışır ki, qismən də olsa öz əhalisini ərzaqla təmin eləsin. Üçüncüsü, ölkəmiz “ 9 iqlim qurşağı” olan münbit ölkədir. Niyə, aqrar sahə inkişaf eləməsin?
Son 1 ildə aqrar sferada ciddi proseslər gedir. İlkin olaraq kənd təsərrüfatı nazirliyində ciddi kadr dəyişikliyi baş verdi. Nazir və nazir müavinləri dəyişdi. Heydər Əsədov cənabları nazir təyin olunandan sonra nazirliyin tabeçiliyində olan Dövlət Baytarlıq Xidmətində ( DBX ) də xeyli dəyişikliklər oldu. Amma nəticə göz qabağındadır. Müsbət irəliləyiş hiss olunmur.
Ölkənin bir çox rayonlarında iri buynuzlu mal-qara arasında infeksion xəstəliklər yayılıb, DBX ciddi tədbirlər görmür və nəticədə ərzaq təhlükəsizliyimizə ciddi ziyan dəyir, mal-qara tələf olur, xəstəliklər yayılır.
Aldığımız məlumata görə Sabirabad rayonunda mal-qara arasında müxtəlif xəstəliklər yayılıb. Məsələn, rayonun Cavad kəndində sahibkarların, eləcə də kəndlilərin mal-qarası arasında xəstəliklər tüğyan edir.
Rayonun Baytarlıq İdarəsinin rəisi, rayonun baş baytar həkimi Xəlilov Oqtay Məhəmməd oğlu xəstəliklə mübarizə üçün heç bir profilaktik tədbir görmür. Mal-qara sahiblərinin dediyinə görə, Türkiyədən dərman preparatları gətirilsə də rayonun baş həkimi dərmanları harasa istifadə edir, ancaq mal-qara sahiblərinə vermir.
Cavad kəndinin mal-qara sahibləri üzlərini nazir Heydər Əsədova, DBX-nin rəisi Siyalə Rüstəmovaya tutaraq kömək istəyirlər…

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR