Xərçəngə qalib gələn teleaparıcı: “Evlənmək istəyirəm” – MÜSAHİBƏ

nuranUzunmüddətli və ağır müalicə prosesindən sonra sağlamlığına qovuşaraq ölkəyə qayıdan tanınmış teleaparıcı Hacı Nuran Hüseynov yaşadığı çətinliklər barədə Ailem.az-a müsahibə verib.

– Xəstəliyinizin əlamətlərini əvvəllər hiss etmişdinizmi?

– Öncə onu qeyd edim ki, mən 15 ilə yaxındır ki, televiziyada çalışıram və eyni tipli verilişlər aparıram. Ola bilsin, orada olan ab-hava çox ağır idi. Əməliyyata, müalicəyə ehtiyacı olan insanları çəkirdik. Valideynlərim rəhmətə getdi. 4 il öncə atamı, sonra da anamı itirdim. Anamda beyin xərçəngi ortaya çıxdı. Xəstəliyin ilk mərhələlərində çox stress keçirdim. Ona baxırdım. Xəstəxanaya yerləşdirdik, sonra ev şəraitində müalicə etdik, daha sonra Türkiyəyə apardıq. Həkimlər dedilər, heç nə eləmək mümkün deyil. Çünki beynindəki şiş çox böyük idi. Və həmin 8 ay çox ağır keçdi. O müddətdə çalışırdım ki, Azərbaycanda olum. Amma Moskvaya çəkilişə gedəsi oldum. Mən ordaykən anam rəhmətə getdi. Bu itki nəticəsində yaşadığım stress, digər tərəfdən işdə olan stress üst-üstə gəldi. Bir müddət sonra çəkiliş prosesində gördüm ki, özümü pis hiss edirəm. Moskvada “Vətənimdir Azərbaycan” verilişini çəkəndə temperatur -27 dərəcə idi. Geyimlərim isə o havaya uyğun deyildi. Və bunu ilk dəfə sizə deyirəm ki, orda olarkən gözlərim tutulmuşdu. Səhər oyandım və gözlərim görmürdü. Heç nə görmürdüm. Dərhal oradakı səfirliyimizə müraciət etdim. Həkim dəqiq bir söz demədi. Ya stressdən, ya da hava şəraiti ilə əlaqədardır, – dedi, – amma indi müalicə etməsək, görmə qabiliyyətini tamamilə itirə bilərsiniz.

Və mən orada qalası oldum. Təxminən, 1 ay müalicə aldım. Vətənə qayıtdıq. Yenidən çəkilişə gedəndə halsız olduğumu hiss etdim. Bu işlərdən az-çox başım çıxır. Odur ki, həkimə getməyi qərara aldım. Qan analizi verdim, amma orda təhlükəli heç nə görünmədi. Sonra ağ ciyərimi rentgenə saldırdım. Gördüm ki, qarpız şəklində böyük bir şiş var. Həkim dedi, bəlkə yenidən çəkək, səhv olub. Amma mən başa düşdüm ki, səhv deyil. Birinci elə bildim, vərəm olmuşam. Dispanserə getdim. Vərəm deyildi. Sonra bir neçə müayinədən də keçdim. Nəticə eyni idi – ağ ciyər xərçəngi.

Xərçəng elə bir xəstəlikdir ki, onun ağrısı olmur. Müəyyən vaxt heç nə hiss etmirsən.

– Bu xəstəliyin yaranmasına səbəb olacaq hər hansı zərərli vərdişləriniz olubmu?

– 1-ci müayinə zamanı həkim soruşdu ki, neçə ildir içirsiniz, siqaret çəkirsiniz? Mənim heç vaxt belə şeylərə meylim olmayıb. Həmişə də qarşı çıxmışam. Həm də insanın dərisindən bilinir. Onsuz da bir passiv siqaret çəkirik. Siqareti başqası çəksə də, əziyyətini biz çəkirik. Məclislərdə yanımda siqaret çəkəndə mən durub gedirəm. Bəlkə də immunitetim sağlam olmasaydı, müalicə uzana bilərdi.

– Xəstəliyiniz barədə məlumatlar yayılanda belə bir fikir səslənirdi ki, insanların dərdini içinə çəkdi, ona görə xəstələndi. Siz necə düşünürsünüz?

– Ola bilər. Yenə də deyirəm, gün ərzində çox xəstələrlə ünsiyyətdə olurduq. Mənə o qədər deyirdilər ki, onların dərdini içinə atma. Fikrini yayındır. Amma bu, mümkün deyil axı! Elə olurdu ki, çəkilişin yarısını efirə vermirdik. Dəhşətə gələrdiniz! Mən razılaşıram. Ola bilər. Çünki həssas insanam. Süngər kimi özümə çəkirəm.

– Siz çox insana yardım etmisiniz. Amma xəstəlik məhz sizi tapdı. Heç düşünmüsünüzmü, nəyə görə məhz siz?

– Hamı o sualı verir. Amma mən bu barədə düşünməmişəm. Məni sadəcə kimya terapiyası qorxudurdu. Nə qədər desək ki, niyə belə oldu? – nə xeyri var. Allah yazıbsa, olmalıdı.

– Hər zaman belə təmkinlisiniz? Yoxsa hansısa məqamda aqressiya nümayiş etdirə bilərsiniz?

– Necə var, eləyəm. Həmişə mənə deyirlər ki, biraz canlı ol.

– Yaxşı gündə ətrafımızda çox adam olur amma dar gündə əksinə. Sizdə necə oldu?

–  Hamı gəldi. Bəlkə də şad günümdə olanlardan daha çox insan mənə dəstək oldu.

 

– Bəs yolunu xüsusilə gözlədiyiniz adamlar var idimi?

 

– Vardı. Kim gələ bildisə, gəldi. Çox istədiyim insanların hamısı gəldi.

 

– Müalicə dövründə tək qalanda nə edirdiniz?

 

– Yazı yazırdım. Xəstəxananın qarşısından Reyn çayı axırdı. Baxırdım, ilham gəlirdi, yazırdım, qoyurdum “Facebook”a.

Əsas kimya terapiyası dövrü ən ağır dövr idi. O otağa girəndə göz yaşlarımı saxlaya bilmirdim. Amma insan hər şeyə dözür.

 

– Gələcək planlarınız?

– 1-ci evlənmək lazımdı. Çoxdan istəyirəm. Namizəd yoxdur. Artıq 38 yaşım var. Dostlarımın hamısının uşaqları var. Nəsə gecikmişəm. Vaxtımı xeyriyyə işlərinə sərf etdim.

 

– Bəs yeni layihələr varmı?

 

– Var. Yenə də xəstələrlə bağlı veriliş etmək istəyirəm. Çünki məni hamı o şəkildə tanıyır. Uzun müddətdi, yoxam. İnsanların problemləri yığılıb. Mənə deyirlər ki, özün sağalmısan, bizə də kömək elə. Adam necə “yox” desin?! Amma köhnə formatda yox, biraz geniş istəyirəm. Çox əziyyətli idi. Böyük komanda olmadığına görə əziyyətin çoxu mənə düşəcək. Başqa kanallar da məni dəvət edir, amma mən Xəzər TV-nin işçisiyəm. Ona görə də orda işləmək istəyirəm.

 

– Müasir dövrdə bu tip verilişlər çoxdu. Rəqabətə davam gətirə biləcəksinizmi?

– O gün bir söhbət düşdü belə verilişlərlə bağlı. Mən dedim ki, sağolsunlar, başqa kanallarda bu cür verilişlər var. Heç vaxt məndən başqa heç kim belə veriliş aparmayıb. İndi görürəm, kanallarda var. Bu yaxınlarda mənə bir təklif gəldi. Layihəni özləri təklif etdilər, amma mən istəmədim, çünki başqa kanalda artıq bu formatda veriliş var idi. Amma israr etdilər ki, o ayrı, bu ayrı. İnsanlar sənə güvənirlər. Sən istəsən də, istəməsən də efirə çıxsan, sənə tələbat var.

Efir xəstəsi deyiləm. Sadəcə insanlara yaxşılıq etmək istəyirəm. Şou tipli veriliş apara bilmərəm, ya başqa formatlı. Maksimum xəbər tipli. Amma yenə deyirəm şou tipli veriliş istəmirəm. İstəmirəm insanların üstünə ilanları töküm. Məni 1 neçə dəfə reklama da çəkmək istəyiblər. Senarini oxumuşam. İmtina eləmişəm. Düzdü, işin maliyyə tərəfi də var, amma… Adam hər şeyi sata bilməz. Adam adını da satsın ki, həm pul qazanacam, həm də məni görəcəklər?! Bu gün siyasi bir veriliş edib, sabah ucuz bir reklama çəkilməyə pis baxmışam. Adam özünü qorumalıdır. İnsan nəyəsə görə özünü ucuz satmamalıdır.

 

Nigar Həsənli

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR