Ayaz Salayev: “Elə bilirlər ki, məni aldatmaq asandır“

azatr“Ən böyük səhvim yaradıcılığımda uzun illər fasilə verməyimdir, amma, bu, təkcə mənimlə bağlı məsələ deyil. Hazırda planlarım çoxdur və bir neçə film çəkmək istəyirəm. Düşünürəm ki, işlərimi həyata keçirəcəyəm. Təbii ki, yaddaşlarda bir filmin müəllifi kimi qalmaq istəmirəm.”

Qafqaznews.az  xəbər verir ki, bunu APA TV-nin efirində yayımlanan “Üç dama” verilişinin qonağı kinorejissor, əməkdar incəsənət xadimi Ayaz Salayev deyib.

Həmsöhbətimiz xarakterində bəyənmədiyi bəzi xüsusiyyətlərin olduğunu dilə gətirib: “Məni kinodan çox həyatın özü maraqlandırır. İnsan həyata olduğu kimi baxanda bir çox xəyallarını kənara qoymalı olur. Əlbəttə, hər kəsə həyata öz düşüncəsindən baxır. Ona görə də həyati məsələlər haqda danışmaqdan çəkinirəm. Məsələn, mənim özümdə sevmədiyim xasiyyətim mülayimliyimdir. Çünki mülayimliyim haqqımda yanlış təsəvvür yaradır. Bəzən insanlar bu xüsusiyyətimdən istifadə etməyə çalışırlar. Düşünürlər ki, məni aldatmaq asandır. Ona görə də elə vəziyyət yaranır ki, mən özümdə süni şəkildə “yox” demək qabiliyyətini formalaşdırıram”.

Müsahibimiz Azərbaycanda kino yaradıcılığının mövcud problemlərindən də söhbət açıb: “Bəzən indiki filmlərimizin zəif olduğu barədə danışırlar. Lakin mən bu fikirlə qətiyyən razı deyiləm. Çünki, indi dövr başqadır, filmlərimiz sadəcə yeni sima alıb deyərdim. Bu gün dramaturgiya ən böyük problemdir. İndi film çəkməyə imkan var, amma, yaxşı ssenari tapmaq çətindir. Düşünürəm ki, lap sıfırdan başlayaraq yeni dramaturqlar yetişdirmək lazımdır. Bəlkə bu problemin həllinə gətirib çıxara bilər. Bizim filmlərdə nikbinlik azdır. İndi hansı keyfiyyətli film görsəniz bilin ki, bu, yalnız və yalnız rejissor əməyinin nəticəsidir. Əfsus ki, mən bunu deməliyəm. Ümumilikdə dünya kinosuna baxanda deyə bilərəm ki, böyük sənət əsərləri əvvəlki illərlə müqayisədə çox azdır. Festivallara göndərilən filmlər də adətən çox zəif olur, hətta tamaşaçı auditoriyası da bəsitləşib. İndi kinoya bir obraz kimi baxsam, deyərdim ki, kəndli adamı xatırladır”.

“Qadın mövzusu mənim həyatımda çox mühümdür. Təbii ki, mən qadın deyəndə həyat yoldaşımı nəzərdə tuturam. Əgər belə olmasa, bu ailəni yaşada bilməzdim. Ailəmə çox bağlı adamam. Ona görə də məni ən çox narahat edən problemlərdən biri son illərdə boşanmalarının sayının artmasıdır. Bir insanın tək qalması mənə çox qeyri-təbii görünür. Hesab edirəm ki, qadın və yaxud kişi mütləq bir-biri ilə həyatlarını bölüşməlidirlər. Bu, onların həm də məsuliyyətli vəzifəsi olmalıdır. Xüsusilə də qadın ərinin problemini öz üzərinə götürüb, şərik olursa belə qadına hər bir kişi ömrü boyu borclu olmalıdır”.

Ayaz Salayev bu fikirləri ailə münasibətlərindən danışarkən söyləyib: “İnsanlarda sevmədiyim xüsusiyyətlərdən biri də eqoistlikdir. Tutaq ki, bir cavan oğlan metroda qatara minir və qapının ağzında dayanır. Düşünmür ki, arxadan gələn olacaq, ən azı onun da rahat minməsi üçün bir-iki addım qabağa getməlidir. Bax, hər şey belə xırda məsələlərdən başlayır. Məsələn, hərdən fikirləşirəm ki, əgər on film çəkəcəkdimsə, bunun beşini ailə qayğılarıma görə çəkə bilməmişəmsə buna heyfslənmərəm”.

Müsahibimiz istirahət üçün tez-tez paytaxt kinoteatrlarına getməyindən danışıb: “Ailəmlə birgə tez-tez kinoteatrlara gedirəm. Ancaq çalışıram filmə rejissor gözü ilə yox, məhz tamaşaçı kimi baxım. Yəni orada hansısa səhvləri axtarmağa çalışmıram. Məndə sovet filmlərinə həsrət hissi yoxdur. Düşünürəm ki, indiki dövr keçmişdən qat-qat yaxşıdır. Ən azından indi kinoteatrlarımızda tum çırtlayıb yerə atmırlar”.

Ayaz Salayev çəkdiyi filmlərdə bəzən aktyor seçiminin yanlış olduğunu və bununla bağlı peşmançılıq keçirdiyini dilə gətirib: “Filmə cavabdeh yalnız rejissordur. Bütün seçimləri rejissor edir. Əgər o səhv etdiyini anlayırsa, bunu heç vaxt dilinə gətirməz, çünki onun aktyorun mənəvi rahatlığını pozmağa haqqı yoxdur. Həm də filmin keyfiyyətli alınmasının başlıca səbəblərindən biri kifayət qədər maliyyənin ayrılmasıdır. Xüsusən də rejissorlar demək olar ki, qonorarla yaşayan adamlardır, ona görə də qonorar çox olsa, yaxşı iş ortaya qoymaq olar. Məsələn, mənə nə qədər çox qonorar verib desələr ki, komediya filmləri çək, mən bunu bacarmaram. Çox arzulayaram ki, komediya filmi çəkim. Əfsus ki, mənim belə bacarığım, istedadım yoxdur. İnsanları güldürmək ağlatmaqdan çətindir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR