Binəqədi İcra Hakimiyyətində vətəndaşdan rüşvət istəyirlər… – İDDİA

1427785495_0001Binəqədi İcra Hakimiyyətində vətəndaşdan rüşvət istəyirlər…

Bu barədə Ölkə.Az-a danışan şikayətçi Rəcəbova Yana deyib.

Onun sözlərinə görə, hazırda BRİH onun qanunu tikilisinə qanunsuz şəkildə müdaxilə edir.

“Nəzərinizə çatdırmaq istəyirəm ki, 30.04.2014 tarixində Binəqədi rayonu Goradil kəndində 98 saylı bağ sahəsinin 600 m2 torpaq sahəsini, Mahmudov Məmmədqulu Hacıoğlundan etibarnamə yolu ilə almışam və notarial qaydada bağ sahəsinin bölgüsünü aparmışıq. Bölgüdən sonra da Mahmudov M. mənə həmin sahədə tikinti icazəsi apara biləcəyimə dair yenə notarial qaydada sənəd verib. Daha sonra Mahmudov Məmmədqulu həmin bağ sahəsini özəlləşdirib xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirdikdən sonra, 27.09.2014 tarixində onunla notarial qaydada alqı-satqı müqaviləsi bağlayaraq 13.10.2014 tarixində də həmin 600 m2 hissəni öz adıma xüsusi mülkiyyət kimi qeydiyyata saldırmışam.

Torpaq sahəsində tikintiyə icazə aldıqdan sonra, tikdirmək istədiyim 2 mərtəbəli evin eskiz lahiyəsini, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 22582 saylı lisenziya almış “Arxitrav MMC” hazırladaraq, 19.06.2014 tarixində müvafiq bildirişi və digər sənədləri Binəqədi Rayon İcra Hakimiyyətinə yolladım.

Nəzərinizə çatdırmaq istəyirəm ki, eskiz lahiyəsi hazırlandığı zaman, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1-ci maddəsi Milli Məclisdə dəyişdirildiyinə görə, AR Prezidenti tərəfindən imzalanmasa belə, irəlidə imzalanacağı dəqiq olduğuna görə, eskiz lahiyəsində xarici divarı ilə bina divarı arasındakı “ara məsafə” qanun dəyişikliyinə uyğun olaraq 0,3 olaraq nəzərdə tutulmuşdu. Belə ki divar uzunluğu 6 metrə, sahənin xarici divarına qədər məsafə isə 3 metrə (yəni 0,5) təşkil edir ki, bu da 0,3 dən çoxdur.

Biz Binəqədi Rayonu İcra Hakimiyyətinə (BRİH) müraciət etdikdən sonra, qanun dəyişikliyi rəsmi qəzetdə yayımlandıqdan və qüvvəyə mindikdən sonra, BRİH 28.07.2014 tarixli məktubla, tikinti lahiyəsinin “ara məsafə” qaydalarına uyğun olmadığına görə tikintiyə icazə verilmədiyini bizə bildirdilər.

Bu məktub üzərinə İcra Hakimiyyətinin müxtəlif işçiləri ilə müxtəlif danışıqlara getdik. Təəsüflə qeyd etmək istəyirik ki, Binəqədi rayonunda tikinti məsələsində korrupsiya halları dəhşətli dərəcədədir və icazə üçün bizdən istənilən qeyri-rəsmi ödəniş astronomik dərəcədə yüksək olduğundan, bununla razılaşa bilmirdik.

Rayon İcra Hakimiyyətinin sahəyə baxan nümayəndəsi Elçin adlı şəxs, qanunun dəyişdiyini bildiyini, qanuni ara məsafəsi tələbinin azaldığını bildirirək, xırda bir “şirinlik” əvəzində bünövrə qoyub tikintiyə başlaya biləcəyimizi bildirmiş. Nəzərə alaraq ki, 27.08.2014 tarixli məktubda eskiz lahiyəsinin ara məsafədən başqa heç bir cəhətinə etiraz edilməmişdi, biz də Avqust ayının 5-də tikinti işinə başlayaraq, 13 Avqust 2014 tarixində növbəti müraciət məktubunu hazırlayıb verdik.

Lakin bu müraciətimiz də Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 10 Sentyabr 2014 tarixli məktubla rədd edilmişdi. Bu səfər müraciətimizin rəddi səbəbi kimi:

1-) istifadə olunan torpaq sahəsinin natural qaydada sərhədlənmədiyi,

2-) “mövcud tikili nəzərə alınmadan” lahiyələndirmənin aparıldığı göstərilmişdir.

Bu səbəblər bəhanədən başqa şey deyildir, çünki torpaq sahəsinin kadastr və bölgü planı təqdim edildiyi kimi, torpaq sahəsi kubik daşdan divarla əhatə edilmişdi, digər tərəfdən də mövcud 3 divar eskiz lahiyəsinə uyğun olaraq tikilmişdi. Digər tərəfdən “natural qaydada sərhədlənməmə” nə mənaya gəldiyi başa düşülmədiyinə görə, habelə müvafiq Məcəllənin 80-ci maddəsində nəzərdə tutulmadığına görə, hesab edirik ki bu süründürməçilik bəhanəsindən başqa şey deyildir.

Daha sonra torpağı xüsusi mülkiyyətimə keçirdikdən sonra bir daha 20.10.2014 tarixində lazımı sənədlərlə bir daha müraciət etdik, bu səfər də müracətimiz 06.11.2014 tarixində geri çevirilmişdir. Həqiqət budur ki qeyri-formal ödənişlər olmadan Binəqədi Rayon İcra Hakimiyyəti vətəndaşların yaşayış evlərinin tikintisinə qanunsuz əngəllər və maneələr törədir.

Beləliklə qanuni istifadə və mülkiyyətimizdə olan torpaq sahəsi üzrə istifadə və sərəncam hüquqlarımız qanunsuz və əsassız şəkildə məhdudlaşdırılmışdır”.

Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə görə, sözügedən yaşayış evlərinin tikintisində icazə tələb olunmur. Belə ki Məcəllənin 80-ci maddəsinə görə:

“80.1. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.

80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur”.

Faktla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, idarədən sualımızı cavablandıran olmadı.

Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR