Burnu əməliyyat olunan qız nədən ölüb? – Tibbi cihaz səhvi?

1426836787_0001Bakıda özəl klinikalardan birində daha bir pasiyentin əməliyyata girən kimi öldüyü məlumdur. Hadisə “StarMed” klinikasında martın 18-də qeydə alınıb. Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı burnundan əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir.
Yayılan məlumata görə, hadisənin baş verdiyi özəl klinikanın – “StarMed”in fəaliyyəti dayandırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlamasında deyib ki, nazirliyin sərəncamı ilə klinikanın fəaliyyəti və hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma başlayıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib, əməliyyatı aparan həkim və klinikanın digər həkimləri iş üzrə dindirilib.

Adətən, tibb məssisələrində xəstələrin ölümü ilə bağlı ilk növbədə müalicə və ya cərrahiyyə əməliyyatını aparan həkimlər təqsirləndirilir. Açıqlanan ilk fikir bu olur ki, xəstənin ölümü həkim səhvi ilə bağlıdır. Xəstələrin qohumları həkimin səhvə yol verdiyini düşünməkdə haqlıdırlar. Çünki canında ağrı olan, yaxud plastik və ya estetik əməliyyata girmək üçün müraciət edən pasiyent həyatını həkimə etibar edir. Lakin indiyədək bütün hallarda həkimlər və tibb müəssislərinin rəhbərləri hər vəchlə səhvi etiraf etməkdən yayınır. Belə mübahisəli halların məhkəməyədək gedib çıxdığı da məlumdur.

Bu arada, xüsusən, özəl klinikalarda pasiyent ölümünün səbəbləri ilə bağlı fərqli bir məlumat əldə etmişik. Analitik.az-a daxil olan məlumata görə, pasiyent ölümünün səbələrindən biri, ən əsası, tibbi avadanlıqlarla bağlıdır. «Bu amil nəzərə alınmır, bu istiqamətdə araşdırmalar aparılmır. Amma, əslində, bu, çox ciddi səbəb ola bilər. Belə ki, klinikalarda istifadə olunan tibbi avadanlıqların standartlara uyğun olması vacib şərtdir. İstər xəstənin müalicəsində, istərsə də cərrahiyyə əməliyyatında tibb avadanlığının rolu xüsusi əhəmiyyətlidir. Avadanlıq, sadə dildə deyilsə, aparatın göstəricisi pasiyentə diaqnoz qoymaq və ya əməliyyatı həyata keçirmək üçün vacib şərtdir. Pasiyenti əməliyyata hazırlayarkən, yaxud əməliyyat zamanı aparatın göstəriciləri əsas götürülür. Tibb avadanlığı yanlış göstərici verdikdə, həmin göstəricini əsas tutan həkim də təbii yanlışlığa yol vermiş olur. Təəssüf ki, bu da bəzən pasiyentin ölümü ilə nəticələnir.» Bunu tibb sahəsində çalışan, adının açıqlanmasını istəməyən mütxəssis deyir.

Məlumata görə, Bakıdakı klinikalarda istifadə olunan tibb avadanlıqlarının qüsurlu olması bir çox hallarda yanlış diaqnozlara və əməliyyat zamanı pasiyentin ölümü ilə nəticələnən başlıca səbəblərdəndir. Məsələn, narkoz verən avadanlığın standarta uyğun işləməməsi, narkozun dozasının az və ya çox verilməsinə şərait yaradır ki, bu da faciəli sonluqla nəticələnir. Məlumatlar var ki, yeni alınmış avadanlıqların klinikalarda quraşdırılmasından sonra, onların mütəmadi yoxlanılması və istifadəyə yararlığı vəziyyətinə nəzarət olunmur. Bəzi hallarda isə, hətta, istifadəyə yararsız avadanlıqlar hələ də dövriyyədən çıxarılmır. Bu cür avadanlıqların istifadəsi isə, nəinki pasiyentin xəstəliyini müəyyən etməyə, əməliyyata yardım etməyə yaramır. Baş verən yanlış diaqnozlar və ölüm halları da bu cür aparatların istifadəsindən törəyə bilər. Minlərlə tibb avadanlığının heç də hamısı vaxtlı-vaxtında müvafiq nəzarətdən keçirilmədiyinə görə, faciə ilə nəticələnən hadisələrin şahidi oluruq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Analitik.az-a bildirdi ki, Azərbaycanda tibbi avadanlıqların akkreditasiyası, kalibrləşdirilməsi, onlara nəzarət mexanizmi yox səviyyəsindədir: “Türkiyədə böyük laboratoriya sisteminə malik olan “Ağpur” firmasının rəhbəri Azərbaycana gələrək tibb cihazlarının akkreditasiyası ilə məşğul olmaq istəyirdi. AİB bununla bağlı müəyyən təşəbbüs göstərdi, lakin məlum oldu ki, bu məsələyə şəffaflıq gətirmək mümkün deyil. Çünki bu sahə tam inhisardadır. Azərbaycanda 20 minə qədər tibbi avadanlıq var ki, həmin cihazlar minimum ildə bir dəfə etalonla tutuşdurularaq kalibrləşdirilməlidir. Təəssüf ki, Azərbaycanda bu qədər tibbi cihazı kalibrləşdirən etalon yoxdur. Azərbaycanda barmaqla sayılan bir neçə etalon var. Ona görə də Azərbaycanda tibbi cihazların kalibrləşdirilməsi saxta aparılır. Hansı qurum kalibrləşmə aparırsa, yalançıdır, pul alınaraq sənəd verilir ki, guya, tibbi avadanlıq yoxlamadan keçib. Əslində isə Azərbaycanda tibbi avadanlıqların düzgün işləməsi tamamilə sual altındadır. Belə cihazlar mütəmadi olaraq yoxlamadan keçməli, etalona cavab verib-verməməsi müəyyən edilməlidir. Həmçinin, dövlət bu sahəyə lazım olan qədər vəsait ayırmalı, ölkədə tibbi avadanlıqların kalibrləşdirmə işi şəffaf şəkildə aparılmalıdır”.

E.Hüseynovun sözlərinə görə, tibbi cihazlarla davranmaq məsələsi də aktual olaraq qalır: “Bəzən ölkəyə tibbi avadanlıqlar gətirilir, onunla işləmək üçün mütəxəssis olmadığından həkimlərimiz xarici ölkələrə göndərilir. Bu, olduqca uzun müddət tələb edir və belə mütəxəssislərin sayı çox azdır. Buna görə də xarici ölkələrdən həkimlərin axını baş verir. Məsələ orasındadır ki, həmin həkimlər də heç bir məsuliyyət daşımırlar. Öz ölkələrində tanınmayan, heç bir imici olmayan həkimlər gəlib Azərbaycanda professorluq edirlər.”

E.Hüseynov onu da qeyd etdi ki, çox təəssüf ölkədə “Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında” qanun yoxdur. Belə bir sənəd layihə halında 2 ildir ki, Milli Məclisin ayrı-ayrı komitələrinə ötürülür, lakin qanun qəbul olunmur. Bu qanunun qəbul olunmaması isə hələ də bədbəxt hadisələrdən, həkim səhvlərindən və tibbi avadanlıqların yararsızlığından pasiyentlərin hüquqlarını qorumaq imkanlarını məhdudlaşdırır.” – deyə, AİB sədri bildirib.

analitik.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR