Cavid Qurbanov vağzallarda kütləvi söküntüyə başlayır, – obyektlər bağlanacaq

1426235274_0001“Azərbaycan Dəmir Yolları” QSC-nin yeni sədri Cavid Qurbanov dəmiryol sistemində köklü dəyişikliklərə hazırlaşır.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, fevralın 9-da QSC sədri təyin olunan C.Qurbanov dəmiryol stansiyalarında və onların yaxınlığında sonradan tikilən bütün obyektlərin bağlanmasına və əlavə tikililərin sökülməsinə göstəriş verib.

Hazırda əksər dəmiryol stansiyalarında xeyli sayda ticarət obyekti fəaliyyət göstərir. Onların hamısı C.Qurbanovun göstərişi əsasında söküləcək.

Xatırladaq ki, Bakı Dəmiryol Vağzalında təmir və yenidənqurma işləri son bir ayda sürətlənib. Binanın müasir standartlara cavab verəcək şəkildə qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır. Vağzalın iyunda Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər hazır olacağı gözlənilir.

Yeni vağzalda indikindən fərqli olaraq xeyli sayda ticarət obyekti, səliqəsiz və yöndəmsiz tikilən mağazalar, digər iaşə və xidmət obyektləri olmayacaq. Vağzal binasında yalnız müasir standartlara cavab verən kafe, market, köşk və s. bu kimi xırda ticarət obyektlərinin fəaliyyətinə icazə veriləcək.

Bakı Dəmiryol Vağzalından fərqli olaraq digər vağzallarda vəziyyət daha bərbaddır. Bir çox dəmiryol stansiyalarının binaları sonradan az qala bütövlükdə ticarət obyektlərinə çevrilib.

Onlardan biri də Sabunçu dəmiryol vağzalıdır. Hazırda vağzal demək olar ki, sırf bazar kimi fəaliyyət göstərir. Vağzalın binasında Sabunçu Xətt Polis Bölməsi də yerləşir. Buradakı ticarət obyektlərinin siyahısında kafe, bar, internet klub, vəkil ofisi, stomatoloq, geyim dükanları, bərbərxana, aptek və s. var. Binanın gözləmə zalı, kassası, tibb məntəqəsi çoxdan bəri öz təyinatını dəyişərək ticarət obyektləri kimi fəaliyyət göstərir.

Bu cür hallar Bakıxanov (Razin) stansiyasında da müşahidə olunurdu. Lakin bir neçə aydır ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aparılan təmir və yenidənqurma işləri zamanı vağzaldakı ticarət obyektləri bağlanıb, qanunsuz tikililər sökülüb.

Sabunçu vağzalında ticarət obyektləri olan icarədarların və xırda sahibkarların virtualaz.org saytına verdiyi məlumata görə, onlara bir neçə gün əvvəl xəbərdarlıq edilib. Bildirilib ki, obyektlər bağlanacaq. Göstərişin isə QSC sədri C.Qurbanov tərəfindən verildiyi deyilib. Beləliklə, ötən il Bakı metrosunda tətbiq edilən praktika bu dəfə də dəmiryol sistemində sınaqdan çıxarılacaq.

Əldə etdiyimiz məlumata görə, Bakı Dəmiryol Vağzalında aparılan təmir işləri ilə yanaşı digər vağzallarda da qeyd edilən nöqsanların aradan qaldırılması istiqamətində işlər görüləcək.

Bu məlumatları virtualaz.org saytına açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov da dolayısı ilə təsdiqlədi: “Vağzalların ərazisində və ətrafında, ümumiyyətlə, dəmiryollarının ərazisində olan bütün qanunsuz obyektlər sökülməlidir. Amma QSC icarədarlara bununla bağlı hələlik heç bir rəsmi xəbərdarlıq etməyib”.Virtualaz.org

 

86792_src 86793_src 86794_src 86804_src 1426235274_0001

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR