FHN Sabunçu RİH-ni günahlandırır

DSC_6715_420x250Bayram günlərində yağan yağışlar Bakıda selə dönüb.
Söhbət minlərlə insanın həyatına təhlükə yaradan seldən getmir.
Kanalizasiya sistemi işləmədiyi üçün yağışın yaratdığı sel xırda həyətlərə dolub.
Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mayakovski küçəsində, 5 saylı binanın sakini Lətafət Mirzəyeva qafqaznews.org müraciət edib: “ 23 martdan sonra yağan yağışlar həyətimizə dolub və biz evdən bayıra çıxa bilmirik”.
Müxbirimiz “ Niyə Fövqəladə Hallar Nazirliyinə müraciət etmirsiniz? Nazirlik məhz fövqəladə hallarda əhaliyə kömək üçün yaradılıb” sualına şikayətçi belə cavab verdi: “ Zəng eləmişəm. Heç kim mənim şikayətimə reaksiya vermir”.
Müxbirimiz olayla bağlı FHN-in “Qaynar xətti” ilə əlaqə saxlayıb. Xəttin əməkdaşı bildirib ki, biz bu barədə mütləq Sabunçu RİH-ə məlumat verəcəyik və onlar da tədbir görəcək.
İki saatdan sonra Lətafət Mirzəyeva zəng edərək bildirdi ki, vəziyyət olduğu kimi qalır, sel artıq evimizə dolur.
Müxbirimiz yenidən FHN-in “Qaynar xətt”inə zəng edərək soruşub ki, niyə tədbir görmürsünüz..?
Xəttin əməkdaşı bildirib ki: “ Bu bizim işimiz deyil. Bu məsələ ilə icra hakimiyyəti məşğul olur və dövlət buna görə onlara hər il kifayət qədər vəsait ayırır”.
Biz Sabunçu RİH-ə zəng eləsək də orada növbətçi polisdən başqa heç kim olmadı. Adını və soyadını deməyən polis işçisi isə bizə bildirdi ki, Sabunçu qəsəbəsinin bələdiyyəsinə zəng edin, sellə onlar məşğul olur.
Biz dəfələrlə Sabunçu qəsəbəsinin bələdiyyəsinə zəng eləsək də cavab verən olmadı.

R.Həsənoğlu

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR