Fuad Musayev: “Deputat kimdir ki, mənə göstəriş versin?!”

85872_res_01Azərbaycan milli komandasının sabiq kapitanı, AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun ölkə kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə oyunundan sonra dediyi sözlər ajiotaja səbəb olub.

Belə ki, Əhmədov kiməsə heç vaxt oyun verməyəcəyini deyib. Sonra isə o, vaxtilə millinin kapitanı olduğu zaman bəzi deputatların Türkiyə millisinə qarşı DÇ-2002-nin seçmə mərhələ oyununu vermək təklifini rədd etdiyini deyib. O, deputatların təklifi barədə o vaxtkı federasiya prezidenti Fuad Musayevlə danışaraq belə bir razılaşma varsa, meydana çıxmayacağını dediyini bildirib.

Komanda.az bu məsələ ilə bağlı Fuad Musayevlə əlaqə saxlayıb. O isə belə bir söhbətin ümumiyyətlə olmadığını deyib.

F.Musayev buna təəccübləndiyini də gizlətməyib: “Tərlan Əhmədovun bu fikrə necə gəldiyi mənə maraqlıdır. Həmin dövrdə bizim türklərə oyun verməyimizdən söhbət belə gedə bilməzdi. Çünki onlara belə bir şey lazım deyildi. Onlar həmin dövrdə çox güclü komanda idi. Təsadüfi deyil ki, həmin komanda sonradan dünya üçüncüsü oldu. Bu cür güclü komanda gəlib bizə oyun verməyimiz üçün yalvara bilər?

Tərlana kim nə deyib, bilmirəm, amma federasiya prezidenti kimi mənə nə türklər, nə də hansısa deputat tərəfindən heç bir müraciət olmayıb, ola da bilməz. Axı deputat kimdi ki, mənə göstəriş versin?

Buradakı oyunda biz türklərə qalib gəlməli idik. Sadəcə o vaxt türk futbolçular meydanda təxribata əl atdılar. Onlar bizim oyunçuları provakasiyaya sövq etdilər. Mən o vaxt qapının arxasından Dmitriyə (Dmitri Kramarenko-red.) nə qədər təxribata uymamasını dedim, xeyri olmadı.

Buradakı oyundan sonra Türkiyə mediasında bizim haqqımızda mənfi fikirlər formalaşmışdı. Onlar millilərinin avtobusunun burada daşa basılmasından yazırdılar. Türkiyə millisi ilə ikinci oyundan əvvəl onların federasiya mənsubları ilə danışdım. Məsələnin başqa cür olduğunu onlara izah etdim. Bizim onlarla nə birinci, nə də ikinci oyunun verilməsi ilə bağlı heç bir danışığımız olmayıb. Sadəcə o vaxt onlar Slovakiya ilə oyunda xal itirdikdən sonra vəziyyətləri bir qədər gərgin idi. Buna görə də bizim Slovakiyadan xal almağımız onlara çox kömək edəcəkdi. Biz onlarla oyuna gedəndə orada təlim-məşq toplanışı keçmək üçün hər cür şərait yaratdılar. Orada keçdiyimiz 10 günlük təlim-məşq toplanışından sonra Bakıda Slovakiyanı məğlub etdik. Bu, onlara çox kömək etdi. Oyundan sonra mənə zəng edərək dəfələrlə təşəkkür etdilər. Bizim onlara köməyimiz ancaq bundan ibarət oldu. Yoxsa hansısa oyun verməkdən söhbət belə gedə bilməz”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR