Kinayəli gülüşə görə qonşusunu öldürən şəxsin məhkəməsi başlayıb – FOTO

bineqedi rpi ve prokurorluq.avi.Still004Samir bıçaqla Nizaminin döş qəfəsinə iki zərbə endirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəzər rayon sakini Samir Eynalovun (1984-cü il təv.) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə başlayıb.

Oxu.Az xəbər verir ki, ittihama əsasən, ötən il avqustun 31-i, axşam saat 18 radələrində Samir Eynalov kafedə spirtli içki qəbul edəndən sonra sərxoş vəziyyətdə kirayədə yaşadığı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsindəki evinə gəlib. Evin həyətində qonşusu, Masallı rayon sakini Nizami Nuriyevin (1969-cu il təv.) gülməsini gördükdən sonra, ondan çölə çıxmasını tələb edib və özü də arxasınca gedib. “Sahil” şadlıq sarayının qarşısında, Nuriyevin ona tərəf baxıb kinayəli gülməsini bəhanə edib ilk olaraq yumruqla sifətinə, sonra isə sinə nahiyəsinə iki bıçaq zərbəsi vurmaqla onu qəsdən öldürüb.

Faktla əlaqədar ilkin olaraq Binəqədi rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb. Təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Nizami Nuriyevin ölümünə döş qəfəsinin deşilmiş-kəsilmiş yarasından irəli gələn kəskin qanitirmə səbəb olub.

Məhkəmə prosesində Samir Eynalov ittiham üzrə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, həmin axşam Nizami ona kinayəli baxıb, güləndən sonra həyətdən özü çıxıb gedib. Bundan 10-15 dəqiqə sonra Samir siqaret almaq üçün marketə gedib, ordan çıxıb 50 metr aralanandan sonra isə təsadüfən Nuriyevlə rastlaşıb. Eynalov Nuriyevi kənara çəkib, gülüşünün səbəbini soruşduqda sonuncu ona söyüş söyüb və yerdən daş götürüb burunundan zərbə vurub. Cavab olaraq Samir əvvəlcədən evdən götürdüyü bıçaqla Nizaminin döş qəfəsinə iki zərbə endirib, sonra isə taksiyə əyləşərək Binəqədi RPİ 40-cı polis bölməsinə gəlib və könüllü təslim olub.

Prosesin növbəti baxışı martın 10-na təyin edilib.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR