Məmurlar bu unikal parkı belə dağıtdı – (Fotolar)

87759_res_01Lənkəran şəhərinin mərkəzindəki unikal park vəhşicəsinə məhv edilərək dağıdılır.

Bu məlumatı virtualaz.org saytının redaksiyasına müraciət edən bir qrup Lənkəran sakini verib.

Sakinlər bildirir ki, Lənkəran rayonunun rəhbərliyi uzunluğu 150 metrdən çox olan bu xiyabanı tamamilə dağıtmağa hazırlaşır. Onların sözlərinə görə, Lənkəran Dövlət Universitetinin binası ilə üzbəüzdə yerləşən bu parkda çoxlu sayda nadir ağaclar və güllər əkilib. Amma yerli məmurlar belə unikal xiyabanı məhv edib yerində ticarət obyektləri tikməyə qərar veriblər.

Müraciətdə deyilir ki, hələ xiyabanda ilk ağaclar kəsilməyə başlayanda yerli sakinlərin bir qrupu Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət ediblər. Nazirlik də Lənkəran şəhər sakinlərinin müraciətinə dərhal reaksiya verib. Nəticədə akt tərtib olunub. Həmin sənəddə deyilir ki, bu xiyabandakı 79 ağacın heç biri kəsilə bilməz. Nazirliyin aktı yerli bələdiyyəyə də təqdim olunub.

Lakin hətta bu da yerli məmurların unikal ağacları kəsib parkı məhv etmək ehtirasının qarşısını ala bilməyib. “Diribaş” məmurlar yeni taktikaya keçiblər. Onlar hər 3-4 gündən bir olmaqla bir ağacı kəsiblər ki, yaşıl soyqırımı diqqəti o qədər də cəlb etməsin. Özü də məmurlar ağacları əvvəlcə budayırlar, bir neçə gün keçəndən sonra isə onları yararsız kötük kimi kökündən çıxarıb atırlar.

Lənkəran sakinləri parkın hamının gözü önündə dağıdılmaqda davam etdiyini görən kimi polisə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətti”nə müraciət ediblər. Lakin  onların bu müraciətlərinə hələ heç yerdən bir reaksiya yoxdur. Ağaclar qırılmaqda, xiyaban məhv edilməkdədir, ticarət obyektlərinin tikintisi isə tam gücü ilə gedir.

Bunu Lənkəran şəhər sakinlərinin virtualaz.org saytının redaksiyasına təqdim etdiyi fotolar da aydın göstərir…

Virtualaz.org

Bunu Lənkəran şəhər sakinlərinin virtualaz.org saytının redaksiyasına təqdim etdiyi fotolar da aydın göstərir…

Virtualaz.org

Lənkəran parkı ağaclar kəsilməzdən əvvəl…

…və sonra

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR