Milli onkologiya Mərkəzi MEK-də maarifləndirmə tədbiri keçirib

IMG_4750Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Süd vəzi xəstəliklərinə müasir yanaşma” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Respublikanın baş onkoloqu Azad Kərimli, Milli Onkologiya Mərkəzin Ümumi onkologiya şöbəsinin müdiri Samir Qurbanov və MEK-in əməkdaşları iştirak ediblər.

Sözügedən xəstəliyin profilaktikasından danışan baş onkoloq A.Kərimli bildirib ki, süd vəzi xərçənginin yaranma səbəbi elmə məlum olmasa da, müəyyən faktorlar var ki, onları səbəb kimi qəbul etmək olar. Yaş faktoru, irsiyyət faktoru, müxtəlif hormonal pozuntular, piylənmə, zərərli adətlər və digər səbəblər xəstəliyin yaranması və inkişaf etməsi üçün təhlükəli hesab edilir. Lakin bu səbəblər  insanlarda təşviş yaratmamalı, 35 yaşdan sonra hər bir qadın ildə bir dəfə həkim müayinəsindən keçməlidir. Mühüm olan xəstəliyin vaxtında aşkar edilməsidir. Erkən müəyyən olunmuş xəstəliklə mübarizə asan olur və müvəffəqiyyətlə müalicə edilir.

Daha sonra Milli Onkologiya Mərkəzinin Ümumi onkologiya şöbəsinin müdiri, Samir Qurbanov süd vəzi xərçəngi və öz-özünə süd vəzilərinin müayinə texnikasından danışıb. Süd vəzi xərçənginin bütün dünyada qadınlar arasında ən çox yayılmış xərçəng növü olduğunu bildirən həkim digər xəstəliklərdən fərqli olaraq bu xəstəlikdə yaş amilinin mühüm rol oynadığını qeyd edib. Bildirib ki, şiş cavan yaşlarda nə qədər tez yaranarsa, bir o qədər tez başqa orqanları da zədələyərək sıradan çıxarır və müalicəyə daha az tabe olur. Buna görə də cavan vaxtlarında süd vəzi xərçənginə tutulan qadının ömrü yaşlı vaxtlarda xəstəliyə yoluxan qadınla müqayisədə qısa olur.

Ölkəmizdə son illər onkoloji xidmətin müasir standartlara uyğunlaşdırılması və maarifləndirmə işinin genişləndirilməsinin nəticəsi olaraq xəstəliyin əlamətləri daha erkən aşkarlanır və xərçəngə tutulmamaq üçün uğurlu müalicə üsullarından istifadə edilir.

Sonra S.Qurbanov öz-özünə məmə müayinə texnikasını nümayiş etdirən slayd təqdim edib.

Tədbirin sonunda MEK-in qadın personalı Milli Onkologiya Mərkəzinin Mobil Diaqnostika Kompleksinin müayinə aksiyasında iştirak edib. İki gün davam edən aksiyada 582 adda müayinə aparılıb.

Qeyd edək ki, AMEA-nın institut və təşkilatları arasında Mərkəzi Elmi Kitabxana Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müayinə aksiyalarını  həyata keçirən ilk təşkilatdır.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)
IMG_4745 IMG_4746 IMG_4748 IMG_4749

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR