Misir Mədəniyyət Mərkəzinin direktoru AMEA Mərkəzi Elmi Kitabxanasında olub-FOTO

IMG_4774Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi Mərkəzi Elmi Kitabxananın (MEK) qonağı olub. Kitabxanadan qafqaznews.az-a verilən məlumata görə, görüşdə MEK-in direktoru,  tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın fəaliyyət istiqamətləri barədə məlumat verib, ölkəmizin kitabxanaçılıq tarixində ən müasir proqram və sistemlərin ilk dəfə məhz bu kitabxanada tətbiq olunduğunu qonağın diqqətinə çatdırıb.

Görüşdən məmnunluğunu ifadə edən Əhməd Sami əl-Aydi ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən söz açıb. İxtisasca  azərbaycanşünas olduğunu bildirən alim Azərbaycanda təhsil aldığı müddətdə xatirələrindən, eləcə də ölkəsi Misirin qədim sivilizasiyası, tarixi və mədəniyyəti haqqında danışıb. Qonaq ölkəsinin muzey və arxivlərində Azərbaycan haqqında kifayət qədər yazılı nümunələrin olduğunu bildirib. Bunu müsbət qiymətləndirən L.İmanova gələcəkdə “Milli Rəqəmsal Yaddaş” bazası üçün bu məlumatların əhəmiyyətli olduğunu və informasiya mübadiləsi üçün zəruriliyini vurğulayıb.

Sonra qonaq kitabxananın Nadir kitablar fondu ilə tanış olub. Fondun şöbə müdiri Gülarə Xələfova burada saxlanılan elmi və tarixi əhəmiyyətli nəşrlər, əlyazmalar, iri həcmli və miniatür kitablar haqqında məlumat verib. Qonaq həmçinin sərgi zalı və oxu zallarında olub. Şərq Ədəbiyyatı Fondu ilə də tanış olan alim fondun müdiri Aidə Hüseynova və fondun işçiləri ilə təcrübə mübadiləsi, birgə elm-mədəni tədbirlərin təşkili imkanlarını müzakirə edib.

Faydalı fikir mübadiləsi əsasında keçən görüşdə əməkdaşlıq perspektivlərindən danışılıb, gələcəkdə Misir Mədəniyyət Mərkəzi ilə kitabxana arasında əməkdaşlıq müqaviləsinin bağlanması və birgə tədbirlərin təşkili barədə təkliflər səsləndirilib.

Daha sonra qonaq Misir mədəniyyətini əks etdirən tablonu və ərəb dilində olan jurnalları elektron variantları ilə birgə kitabxanaya hədiyyə edib.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

IMG_4780 IMG_4773 IMG_4753

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR