Müdafiə Nazirliyi Avropa Oyunları ilə bağlı Ermənistana xəbərdarlıq etdi

097a8e3ed166e1042550c31271bad84f“Ermənistan tərəfindən təxribat əməllərinə yol veriləcəyi, bölgədə vəziyyətin gərginləşməsinə cəhdlər göstəriləcəyi istisna edilmir”

Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində cəbhə xəttində Ermənistan tərəfindən təxribat əməllərinə yol veriləcəyi, bölgədə vəziyyətin gərginləşməsinə cəhdlər göstəriləcəyi istisna edilmir. Qafqaznews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Nazirliyin sözçüsü qeyd edib ki, belə bir təcrübə cəbhə xəttində dəfələrlə müşahidə edilib: “Ermənistan Silahlı Qüvvələrinin bölmələri istər özlərinin guya soyqırıma məruz qaldığı günlərin “ildönümləri”ndə, istər bizim üçün əlamətdar olan günlərdə həm işğal olunmuş ərazilərdə, həm də Azərbaycanla sərhəddə dəfələrlə cəbhə xəttində təxribat aktları törətməyə cəhd edib və hər dəfə də düşmən layiqli cavabını alaraq geri oturdulub. Müdafiə Nazirliyi bəyan edir ki, cəbhədə düşmənlə üz-üzə dayanan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri ətrafda cərəyan edən hadisələrdən asılı olmayaraq hər zaman ayıq-sayıqdırlar və onlara layiqli cavab verməyə hazırdırlar. Avropa Oyunları zamanı cəbhədə bütün təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyacaq. Əgər belə bir hal olarsa, tərəfimizdən görüləcək cavab tədbirləri sərt və qətiyyətli olacaq!”

Qeyd edək ki, 12-28 iyun tarixlərində Azərbaycanın paytaxtı Bakıda I Avropa Oyunları keçiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR