“Qasımuşağı Vətənpərvərlər” İctimai Birliyi təsis olundu

IMG-20150310-WA00092015-ci ilin mart ayının 10-da saat 14-də Bakı şəhərində “Qasımuşağı Vətənpərvərlər” İctimai Birliyinin təsis yığıncağı baş tutdu.

Təsis yığıncağında müzakirəyə çıxarılmış müxtəlif bəndlər üzrə təklif edilən məsələlər dəyərli iştirakçılar, təsisçilər və təəssübkeşlər tərəfindən müzakirə edildi. Diskusiya zamanı verilən təkliflər əsasında müzakirələr aparıldı və bəzi dəyişikliklər qəbul olundu.

Çox vacib, məsuliyyətli, çətin bir missiyanı yerinə yetirməyi qarşısına məqsəd qoyan, könüllü özünüidarə edən,  qeyri-hökumət, qeyri-kommersiya, qeyri-siyasi fəaliyyət göstərmək  “Qasımuşağı Vətənpərvərlər” İctimai Birliyinin əsas məramıdır.

Müasir dövrdə Azərbaycanda milli kimlik, şəxsiyyətin soy kökü, onun keçmiş tarixi barədə müəyyən biliyə malik olması hər kəsin mənəvi haqqıdır. Hər bir insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. “Qasım-uşağı Vətənpərvərlər” İctimai Birliyinin də meydana gəlməsi vətənpərvərlik hisslərindən qidalanmışdır.

Bu İctimai Birliyin məqsədi Azərbaycanın işğal olunmuş ərazilərində yaşamış tayfalar, onların mədəniyyəti, dəyərləri, adət-ənənələri, tarixi və bu tayfalar arasındakı əlaqələr haqqında məlumatların toplanmasıdır.

Təşkilatın digər məqsədi Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında gənclərin geniş iştirakını təmin etməyi şərtləndirən layihə və ya proqramların həyata keçirilməsidir.

Azərbaycanın gələcəyi olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə,  öz  ata-babalarının adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına böyük məsuliyyətlə yanaşmaq və ona həyatı əhəmiyyətli məsələ kimi baxmaqdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.

“Qasımuşağı Vətənpərvərlər” İctimai Birliyi öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına,  “Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında”  Azərbaycan  Respublikasının qanununa, həmçinin digər  qanunvericilik aktlarına, eləcə də beynəlxalq hüquq normalarına uyğun şəkildə təşkil etmiş və gələcək fəaliyyətində bu prinsipləri rəhbər tutacaqdır.

Təsis yığıncağında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov, Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov, “Laçın Yurdu” jurnalının baş redaktoru Arif Məmmədli, həkim Orxan Cəbrayılov və digər laçınlı ziyalılar yeni yaradılan birliyə uğurlar arzulayıblar.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

7 (2) (1)2

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR