Şəmkirun “səhv”i və ya “Synergy Group” kimindir?

img1767679 (1)Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rayonda təşkil etdiyi konsertin ardınca onun bu işə biznes kimi yanaşması xəbəri gündəmə gəldikdən sonra mətbuatın diqqətini cəlb edən əsas mövzulardan birinə çevrilib.
İcra başçısının gündəlik işlərini kənara qoyub “Bu şəhərdə”yə konsert təşkil etməsi və bu üzdən yerli sakinləri belə qəbul etməməsi təəccüblə qarşılanmışdı. Məsələni ilk gündəmə gətirən deputat Etibar Hüseynovsa nədənsə sonradan susdu və ya susduruldu. Onun dedikləri ilə bağlı Şəmkir rayon İcra Hakimiyyətindən verilən açıqlama isə meydana yeni suallar gətirdi. Qeyd edək ki, bu açıqlama bir neçə saat sonra əksər saytlardan yığışdırıldı. Niyə? Bu suala cavab tapmaq üçün əvvəlcə İcra Hakimiyyətindən verilən açıqlamaya bir daha diqqət yetirək: İcra başçısının müavini Sona Əliyeva  deyib ki, konsertə xərclənən vəsaitin Alimpaşa Məmmədova heç bir aidiyyəti yoxdur. Onun sözlərinə görə, heç də “Bu şəhərdə”nin konsertinin baş tutması üçün bilet satışı olmayıb: “Çünki “Bu şəhərdə”nin təşkilatçısı “Synergy Group” ASC konsertin dəvətnamə ilə təşkil olunmasını məsləhət görüb. Eyni zamanda, konsertdə Şəmkirin icra başçısı Alimpaşa Məmmədov iştirak edə bilməyib. Ona görə də martın 16-da rayonun “Bayraq meydanı”nda əhali üçün pulsuz ikinci konsert buraxılışı keçiriləcək. İcra başçısı Alimpaşa müəllim bugünkü konsert buraxılışında iştirak edəcək. Şəmkirdə “Bu şəhərdə”nin konsertinin baş sponsoru və bütün təşkilatı məsələlər “Synergy Group” ASC-yə aiddir. Bu konsertə icra başçısı heç bir vəsait xərcləməyib”.
Əslində icra başçısı bu açıqlamasıyla qaş dözəltdiyi yerdə gözü çıxartdığı görünür. Əvvəla,  necə ola bilər ki, rayonun mərkəzi sarayında hansısa böyük konsert keçirilsin, büdcə təşkilatlarına bilet satılsın,  icra başçısının isə bundan xəbəri və ya  buna aidiyyatı olmasın. İkincisi, tutaq ki, bilet satışı olmayıb. Onda sual olunur –  bu qədər vəsaiti xərcləyib pulsuz konserti keçirməkdə məqsəd nədir? Diqqət yetirək: Şəmkirdə keçililən 2 günlük konsertdə müğənnilər Xatirə, Sevda Yahyayeva, Zaur Əmiraslanov, aşıq Əli və umümilikdə “Bu Şəhərdə” komandasının 42 nəfər üzvü iştirak edib, yəni, 50-yə yaxın sənətçi və texniki heyət. Adları çəkilən müğənnilərin paytaxtdakı toyların yarım saatına 3-5 min manat arası qonorara getdiyi heç kəsə sirr deyil. Onda bu minvalla əyalətə ikigünlük konsertə, həmin müğənnilərin və “Bu şəhərdə”nin 40-dan artıq personalına nə qədər qonorar verilməsini təəsəvvür etmək çətinlik yaradır.
Burda ortaya daha bir sual çıxır: doğrudanmı, Şəmkirdə bu qədər vəsaiti xərcləmək üçün problem qalmayıb və hansısa şirkət icra başçısının şərəfinə bahalı əyləncə təşkil eləyir. Bəli, məhz icra başçısının şərəfinə. Bu sözü təsadüfi yazmadıq. Çünki, gəzən söz-söhbətlərdən əlavə bunu elə tədbirlə bağlı açıqlama verən icra başçısının müavini də təsdiq edib. Həmin açiqlamaya bir daha diqqət yetirək: “Dünənki konsertdə Şəmkir rayon icra başçısı Alimpaşa Nemətov iştirak edə bilməyib. Ona görə də bu gün saat 3-də “Bu şəhərdə”nin rayonun Bayraq meydanında əhali üçün pulsuz ikinci konsert buraxılışı keçiriləcək. İcra başçısı Alimpaşa müəllim bugünkü konsert buraxılışında iştirak edəcək.”  Açıqlamadan aydın olur ki, növbədənkənar keçırılən ikinci konsert heç də əhali üçün deyil, məhz başçının birinci gün keçiriləndə iştirak edə bilməməsi səbəbindən təşkil olunub.
52e6fb40376aQayıdaq İcra Hakimiyyəti nümayəndəsinin açıqlamasının bir saat keçmədən saytlardan yığışdırılmasına. Buna açıqlamada “Synergy Group” ASC-nin adını hallandırması səbəb olub. Yəni, Alimpaşa Məmədov özü də bilmədən mətbuata “pas” verib. Çünki, indi soruşulacaq ki, “Synergy Group” ASC nədir və kimindir? Şəmkirin biznes-ticarət sektorunun az qala 70 faizinə nəzarət edən, rəsmi rəhbərləri Türkiyə vətəndaşı olan bu qrupu Şəmkirə Alimpaşa Məmmədov niyə və nə üçün gətirib? Niyə bu şirkət böyük pulları Şəmkirin problemlərinə və ya humanitar-xeyriyyə işlərinə yox, icra başçısının şərəfinə keçirilən konsertlərə xərcləyir. Bunlar geniş araşdırma tələb edir.
musavat.com

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR