Çempionlar Liqası: “Barselona” və “Bavariya” yarımfinalda

91447_res_01Aprelin 21-də UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin iki cavab oyunu keçirilib.

Qafqaznews.az AZƏRTAC-a istinadən bildirirki, “Barselona” “Nou Kamp”da “PSJ”ni, “Bavariya” isə doğma meydanda – “Allianz Arena”da “Portu”nu qəbul edib.

Komandalar arasında ilk görüşdə “Barselona” və “Portu” hər ikisi 3:1 hesabı ilə qalib gəldiyindən cavab qarşılaşmalarının gərgin keçəcəyi gözlənilirdi.

“PSJ” revanş üçün irəli atılmağa çalışsa da, uğurlu pressinq təşkil edən “Barselona”nın qarşısında çox duruş gətirə bilmədi. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 14-cü dəqiqəsində rəqibin üç futbolçusunu məharətlə keçən İniesta gözəl driblinqini Neymara ideal ötürmə ilə tamamladı. Braziliyalıya isə sadəcə topu qapıdan keçirmək qalırdı ki, o, bunu müdafiəçidən sonra qapıçını da aldadaraq topu boş qapıya yönəltməklə yerinə yetirdi – 1:0.

İlk qoldan sonra oyunda üstünlüyü tamamilə ələ keçirən katalanlar 34-cü dəqiqədə hesab arasındakı fərqi daha da artırdılar. Neymar özünün və komandasının ikinci qolunu vurdu – 2:0.

Oyunun ikinci hissəsində hesab dəyişmədi.

Səfərdə “Portu”ya məğlub olmaqla öz tərəfdarlarına böyük xəyal qırıqlığı yaşadan “Bavariya” Münxendə Portuqaliya təmsilçisinə əsl futbol dərsi keçdi. Almanlar oyunun birinci hissəsində beş qol vurmaqla demək olar ki, matçın taleyini ilk yarıda həll etdilər. İlk hissədə “Bavariya”nın heyətində Tiaqo Alkantara 14-cü, Jerom Boatenq 23-cü, Robert Levandovski 27-ci və 40-cı, Tomas Müller isə 36-cı dəqiqədə rəqib qapısına yol tapdılar.

İkinci hissənin 73-cü dəqiqəsində “Portu”lu Martinez təsəlli qolunu vursa da, 88-ci dəqiqədə “Bavariya” təmsilçisi Alonso hesabı darmadağına çatdırdı: 6:1.

Beləliklə, “Barselona” və “Bavariya” Çempionlar Liqasının yarımfinalına vəsiqə qazandılar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR