Milli Məclisin üzvü İlyas İsmayılov: “Fahişəliklə mübarizə üçün kompleks tədbirlər görülməlidir”

d4ecc573-62f9-48ce-a6ae-6205ae15ca903 apreldə Milli Məclisin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib.
Daxili İşlər nazirinin müavini, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatoru Vilayət Eyvazov deputatlar qarşısında çıxış edərək, ötən müddət ərzində görülən işlər barədə danışıb.
Vilayət Eyvazov qeyd edib ki, son 5 ildə 152 ölkədən olan insan alveri qurbanları istismar məqsədilə 500-dən artıq daimi marşrut üzərindən 124 ölkəyə daşınıb: “Hər il bütövlükdə 20 milyondan artıq şəxs insan alverinin qurbanına çevrilir ki, onların da arasında məcburi əməyə cəlb olunanların sayı stabil templə artaraq 40 faizə yüksəlib. Qurbanların 53 faizi cinsi istismara, 7 faizi isə orqan transplantasiyası və digər məqsədlərlə alqı-satqıya məruz qalır. Narahatedici məqamlardan biri də qurbanların içində azyaşlı qızların xüsusi çəkisinin 21% təşkil etməsidir”.
Nazir müavini əlavə edib ki, son 3 ilə yaxın müddətdə dünyada insan alveri ilə bağlı 25 mindən çox cinayət işinin istintaqı aparılıb, 15 minə yaxın şəxs məhkum edilib, 133 min qurbanın hüquqları bərpa olunub: “Azərbaycanda 2014-cü ildə insan alveri sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hüquqazidd əməllərin qurbanı olan 52 şəxs müəyyən edilib. Qurbanlardan 38 nəfəri təhlükəsiz sığınacağa yerləşdirilərək hamısına tibbi, psixoloji yardımlar göstərilib, zəruri geyimlə təmin ediliblər. İnsan alverindən zərər çəkmiş 53 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinətlər, 40 nəfərə isə İnsan alveri qurbanlarına Kömək Fondundan yardımlar verilib. Qurbanlardan 24 nəfəri işlə təmin edilib, 35 nəfəri isə peşə kurslarına göndərilib. 34 nəfər insan alveri qurbanının ailələrinə qayıtmasına köməklik göstərilib”.
İllik hesabatda göstərilən tədbirlər yetərlidirmi?
Bu barədə Milli Məclisin üzvü, “Ədalət” partiyasının sədri İlyas İsmayılov qafqaznews.org-a aşağıdakıları bildirib: “ Əgər cəza tədbirləri təsir göstərəcəksə, çox yaxşı…amma başqa kompleks tədbirlər də görülməlidir”.
Müxbirimizin “Məsələn hansı tədbirlər?” sualına deputat belə cavab verib: “ Çoxdan sübut olunub ki, fahişəlik həm də kasıbçılıqla bağlıdır. Deməli, kasıblıqla da mübarizə aparmaq lazımdır”.

R.Həsənoğlu

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR