Ərinin az maaş almasına hirslənən qadın 2 uşağını küçəyə atdı

20150406-121041linkTürkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı qadın ərinin evə az pul gətirməsinə hiddətlənərək iki azyaşlı uşağını küçəyə atıb.

Bu barədə virtualaz.org saytına Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

K.Ağazadənin sözlərinə görə, 4 və 7 yaşında olan uşaqlar birliyin sığınacaq evinə yerləşdirilib: “Həyat yoldaşına əsəbiləşən qadın bundan əvvəl də uşaqlarını atıbmış. Ata deyir ki, ailə münaqişəsinin səbəbi onun az maaş almasıdır. Hazırda uşaqların səhhəti normaldır. Azyaşlılar ataları ilə görüşə bilirlər”.

Birlik sədri qeyd etdi ki, uşaqların anasına qarşı məhkəmə iddiası qaldırılıb. Azyaşlılar anadan alınaraq atanın himayəsinə verilə bilər. Amma ata da uşaqlara baxa bilməyəcək.

K.Ağazadə rəhbərlik etdiyi sığınacaq evində hazırda 32 azyaşlının saxlanıldığını xatırlatdı: “Onların hamısı problemli ailələrin uşaqlarıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi övladlarına lazımi diqqət göstərməyən və öz vəzifələrinin öhdəsindən lazımınca gələ bilməyən valideynlərin azadlıqdan məhrum edilməsini təklif edib. Amma problem bununla da həll olunmayacaq. Çünki alternativ xidmətlər, qəyyumluq üçün sosial institutlar yoxdur. Valideyn məsuliyyətə cəlb edildiyi zaman uşağın taleyi necə olacaq? Valideynlik hüququndan məhrum edilmiş şəxslərin uşaqlarına kim baxacaq? Onları himayəyə götürmək istəyəcək ailələr də yoxdur. Uşaqlara müvəqqəti sahib çıxacaq sığınacaq evləri, mərkəzlər yoxdur. Belə çıxır ki, internatlar yenidən problemli ailələrin uşaqları ilə dolacaq”.

Uşaqlara qarşı davranışların hansı halda zorakılıq kimi qiymətləndiriləcəyi də hələlik bəlli deyil.

Qeyd edək ki, hazırda İnzibati Xətalar Məcəlləsinə əsasən, məsuliyyətsizliyə yol verən valideynlərə qarşı 20 manatdan 40 manatadək cərimə tətbiq edilir. Komitə uşaqlarını dilənçiliyə, küçə işlərinə cəlb edən, onları təhsildən yayındıran valideynlərlə bağlı  məsuliyyət növlərinin müəyyənləşdirilməsini təklif edir.

Təkliflər sırasında uşağın dərsdən yayınmasına görə valideynlərin bir neçə gün azadlıqdan mərhum edilməsi məsələsi də var.  Artıq cəzaların sərtləşdirilməsi barədə təkliflər paketi hazırlanaraq rəy alınması üçün müvafiq qurumlara təqdim edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR