Masallı Rayon Mərkəzi Xəstəxanasında neqativ hallar yaşanır

1432101047_masalli-xestexanCəlil Nəzərovu niyə dayandıran yoxdur? 

Ölkənin səhiyyə sistemindəki durum günü-gündən pisləşir. Baxmayaraq ki, özəl tibb müəssisələri çoxalır, bu sahədəki nöqsanlar həllini tapmır. Respublikamızın istər dövlət, istərsə də özəl tibb ocaqlarında kadr çatışmazlığı var. Bir xəstəni bir neçə xəstəxanada müayinədən keçirtdikdə hər bir tibb ocağında ayrı-ayrı diaqnozlar qoyulur. Belə olan halda xəstə hansı səhiyyə müəssisəsinə inanacağını bilmir.

Xüsusilə də regionlardan paytaxta üz tutan xəstələrə qoyulan diaqnozlar səhv olur. Bu tibb ocaqlarından biri də Masallı Rayon Mərkəzi Xəstəxanasıdır. Sözügedən tibb ocağının baş həkimi Cəlil Nəzərov xəstəxananı bazara çevirib. Verilən məlumata görə, baş həkim həm həkimlərlə, həm  də xəstələrlə davranışında kobudluğa yol verir. Belə ki, Nəzərov əsəbiləşəndə həkimlərə qarşı təhqiramiz ifadələr işlədir. Bundan narazı olan həkimlər isə işlərini itirməmək üçün baş həkimin xoşagəlməz hərəkətlərinə göz yummağa məcbur olurlar. Baş həkim həkimləri işdən çıxaracağı ilə hədələyir. Bütün şöbələrdən hər gün nəsə tələb edir. Həkimlər isə bundan narazılıq edirlər. Bildirirlər ki, nə qazanırıq ki, nə də verək. Etibarlı mənbələrin verdiyi məlumata görə, Nəzərov xəstəxanaya hərdən gəlir. Gələndə də hamını acılayır. Artıq bu şəxsin davranışları həm tibb işçilərini, həm də pasiyentləri cana yığıb.

Bundan başqa sözügedən tibb ocağında xəstələrin qalması üçün şərait yoxdur. Nəmişlikdən otaqların xüsusi bir qoxusu var. Xəstələr bu qoxuya görə xəstəxanada qalmaq istəmirlər. Yalnız əməliyyat olunan şəxslər burada qalmağa məcburdurlar. Demək olar ki, xəstəxanada xəstə əlindən tərpənmək mümkün deyil. Hələ üstəlik də baş həkimin tələbinə uyğun olaraq həkimlər xəstələrdən nəsə tələb edirlər. Açıq-aşkar xəstəni soğan kimi soymasalar işə başlamırlar. Xəstəxananın şəraitinə gəldikdə isə xəstələrdən aldıqlarının heç cüzi hissəsini də tibb ocağının şəraitinin yaxşılaşdırılmasına sərf etməyiblər. Hələ dövlətin səhiyyə ocaqlarına ayırdığı vəsaiti demirik. Göstərdikləri xidmət heç bir işə yaramır.

Şikayətçilər qeyd edir ki, dövlətin Masallı səhiyyəsinə ayırdığı bütün vəsaitləri təyinatı üzrə xərcləməyən baş həkim faktiki olaraq bunun əvəzini xəstələrdən çıxır.

Nəinki rayon mərkəzi xəstəxanasının, eləcə də kəndlərdəki ilkin tibbi yardım məntəqələrinin də vəziyyəti bərbad durumdadır. Bu tibb məntəqələri daha çox uçuq-sökük daxmaya bənzəyir. Əslində bu məntəqələrin özlərinə yardım lazımdır. Bu yararsız kənd sahə xəstəxanalarının və tibb məntəqələrinin hesabına hər il yüz minlərlə manat vəsaitlərin silinərək mənimsənildiyi üzə çıxır.

Diqqətinizə çatdıraq ki, Masallı rayon mərkəzi xəstəxanası 1 RMX, 2 kənd sahə xəstəxanası, 1. AğCiyər XX-sı 30 kənd həkim məntəqəsi, 28 tibb məntəqəsi ilə Masallı rayon əhalisinə tibbi xidmət göstərir.Cəmi rayon mərkəzi xəstəxanası üzrə 315 çarpayılıq stasionar hissə vardır. Masallı rayon mərkəzi xəstəxanası 240 çarpayılıqdır. Rayon mərkəzi xəstəxanasında Cərrahiyyə şöbəsi 50 ,çarpayılıq, Terapiya şöbəsi 60 çarpayılıq, Doğum şöbəsi 40 çarpayılıq, Mama ginekoloji şöbə 20 çarpayılıq, Uşaq şöbəsi 30 çarpayılıq, Yoluxucu şöbə 20 çarpayılıq, Reanimasiya şöbəsi 10 çarpayılıqdır. Bundan əlavə 35 çarpayılıq ACXX -sı ,Kalinovka kəndində 15 çarpayılıq, Boradigah qəsəbəsində 15 çarpayılıq, kənd sahə xəstəxanaları fəaliyyət göstərir.

Hər kənd sahə xəstəxanasında 5-i terapevtik, 5 pediatrik, 5 çarpayı isə doğuşa yardım xidməti üçün nəzərdə tutulmuşdur.

Masallı rayon mərkəzi Xəstəxanasında 248 nəfər həkim çalışır. Onun 169 nəfəri kişi, 79 nəfəri qadındır. 497 nəfər orta tibb işçisinin 363 nəfəri qadın,134 nəfəri kişidir. Onlardan10-nəfər laborant, 45 nəfəri mama, 32 nəfər feldşer,2 nəfər diş texniki,6 nəfər rentgen laborant, 399 nəfəri isə tibb bacısıdır.306 nəfər kiçik tibb işçisi çalışır.

Qeyd edək ki, xəstəxananın doğum şöbəsində də vəziyyət olduqca acınacaqlıdır. Heç bir problemi olmayan anaları qeysəriyyə əməliyyatı edirlər. Bu da hər kəsə bəllidir ki, qeysəriyyə əməliyyatı təbii doğuşdan bahadır. Nəzərov bu yolla da varlanmaq istəyir.

Ona görə də müvafiq qurumlar Masallı Rayon Mərkəzi Xəstəxanasına baş çəksələr, özləri bütün bunların şahidi olacaqlar.

gundelik-baku.com

P.S. Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR