Tacikistanda şok: OMON komandiri vəsiqəsini atıb dəstəsi ilə İŞİD-ə qoşuldu

94214_res_01Tacikistan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsinin (OMON) komandiri, polkovnik Gülmurod Halimov ölkəni tərk edib və İŞİD tərkibində döyüşmək üçün Suriyaya yollanıb.

Virtualaz.org saytı xəbər verir ki, “İnterfaks” bu haqda Tacikistan hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Polkovnik Halimov indiyədək İŞİD-ə qoşulan ən yüksək rütbəli xarici ölkə vətəndaşıdır, üstəlik o, xidmətdə olan polkovnikdir.

Məlumata görə, Halimov İŞİD tərəfdarı olan bir qrup Tacikistan vətəndaşını da özü ilə aparıb.

Təxmin edilir ki, polkovnik Halimov mayın 1-də Tacikistandan Moskvaya uçub, ertəsi gün Şeremetyevo aeroportundan Türkiyəyə gedib. Oradan isə Suriyaya keçib.

“Halimov ilin əvvəlindən bu “İslam Dövləti” xəstəliyinə tutulmuşdu. Daim internetdə İŞİD ideologiyası haqda oxuyurdu, həmkarları ilə mübahisəyə girib həqiqətin onların tərəfində olduğunu deyirdi. O, hətta OMON-çulara təklif edirdi ki, yığışıb Suriyaya döyüşməyə getmək lazımdır” – deyə adının açıqlanmamasını istəyən tacik OMON-çularından biri söyləyib.

Tacikistan xüsusi xidmət orqanlarındakı mənbə G.Halimovun Suriyaya getdiyini təsdiqləyib: “Özü də o, bunu tək etməyib. Ətrafına ona yaxın İŞİD tərəfdarını toplayaraq gedib”.

Rəsmi olaraq Tacikistan DİN polkovnikin harada olduğunu şərh etmir. G.Halimov bu posta 2012-ci ildə təyin olunub. Xidmət etdiyi müddətdə dəfələrlə müxtəlif dövlət mükafatlarına layiq görülüb.

Gülmurod Halimovun qardaşı, 28 yaşlı Nazir Halimov deyib ki, OMON komandiri aprelin 23-də evi tərk edib. Deyib ki, iş dalınca gedir və üç günə qayıdacaq. Ancaq qayıtmayıb və mobil telefonu söndürülüb.

Bununla belə N.Halimov qardaşının Suriyaya getdiyinə inanmır, deyir ki, Gülmurod o qədər də dindar adam deyildi. Üstəlik vətənində böyük planları var idi, 7 uşaq atasıdır və o, uşaqlarını bu cür atıb gedə bilməzdi.

Bununla belə G.Halimovun xidməti vəsiqəsini və tabel silahını iş otağında qoyaraq dəstəsi ilə birlikdə Moskvaya getdiyini, oradan Türkiyəyə uçduğunu təsdiqləyən dəqiq faktlar var. Xüsusi xidmət strukturlarındakı mənbə deyib ki, G.Halimov əsasən işsiz vətəndaşları başına toplayıb. İŞİD hər verbovka olunan döyüşçüyə görə ona iri məbləğdə pul vəd edib.

Tacikistandan İŞİD sıralarına qoşulanların sayı 200-dən çoxdur. İndiyədək onlardan 40-a yaxını öldürülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR