Akademik Məhərrəm Məmmədyarovun bibliografiyası nəşr edilib

Meherrem_MemmedyarovQafqaz Xəbər Agentliyi xəbər verir ki,”Elm” nəşriyyatı tərəfindən “Məhərrəm Əli oğlu Məmmədyarov: bibliografiya” kitabı nəşr olunub.  “Azərbaycanın elm və mədəniyyət xadımləri” seriyasından olan nəşr AMEA, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu və Mərkəzi Elmi Kitabxana tərəfindən hazırlanıb. Kitab AMEA Rəyasət Heyətinin qərarı ilə nəşr olunub və onun elmi redaktoru akademik Vaqif Abbasovdur.  Kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı Məhərrəm Məmmədyarovun bibliografiyası 1954-2014-ci illəri əhatə edib. Bu bibliografiyada alimin Azərbaycan, rus və ingilis dillərində çap olunmuş elmi əsərləririn, monografiyaların, məqalələrin siyahısı, həmçinin, müxtəlif  konfrans və simpoziumlarda akademikin məruzələrinin və çıxışlarının mövzuları daxildir. Bibliografiyada, həmçinin, Məhərrəm Məmmədyarovun həyat və fəaliyyətinin əsas tarixləri, elmi, elmi-təşkilati və pedagoji fəaliyyəti  haqqında qısa oçerk, elmi əsərləririn, rəhbərlik etdiyi və məsləhətçi olduğu dissertasiyaların siyahısı, alimin elmi fəaliyyəti haqqında aparıcı mütəxəssislərin fikir və mülahizələri daxildir.  Üzvi kimya, neft-kimya sintezi, biotexnologiya sahələrində elmi fəaliyyəti ilə tanınan Məhərrəm Məmmədyarov Azərbaycanda kimya elminin inkişafında xidmətlərinə görə prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.

Məhərrəm Əli oğlu Məmmədyarov 17 oktyabr 1924-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan doğulub. 1939-ci ildə yeddiillik məktəbi tərifnamə ilə qurtararaq, Naxçıvan Pedagoji texnikumuna daxil olub. 1941-ci ildə oranı bitirəndən sonra Culfa rayonunun məktəblərində müəllim işləyib. Böyük Vətən Müharibəsi illəri Məhərrəm Məmmədyarovun gənclik vaxtlarına düşüb. 1943-cü ildə Kursk döyüşündə iştirak edib, yaralanıb, səyyar hospitalda müalıcə alıb, sıraya qayıdıb, yenidən ağır yaralanıb. Hospitalda 6 aylıq müalicədən sonra 1944-cü ilin yanvarında Sovet Ordusu sıralarından II qrup əlil kimi tərxis olunub.                             1945-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti, BDU) qəbul olunub. Elmi-tədqiqat işlərinə həvəsi və kimya elminə olan marağı onu Leningrad Kimya-Texnologiya İnstitutunun aspiranturasına gətirib. 1953-cü ildə namizədlik dissertasiyasını müdafiə edib. Elə həmin il Bakıya dəvət olunub, Azərbaycan EA Kimya İnstitutunda elmi katib vəzifəsinə təyin edilib, 1955-ci ildə isə böyük elmi işçi vəzifəsinə keçirilib. Daha sonra uzunmüddətli elmi təcrübə keçmək üçün Moskvaya SSRİ Eimlər Akademiyası  (EA) N.Zelinski adına Üzvi Kimya İnstitutuna göndərilib. Burada SSRİ EA-nın müxbir üzvü M.Şostakovskinin rəhbərliyi altında bir sıra tədqiqat işlərini yerinə yetirib. 1957-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə üzvi kimya ixtisası üzrə baş elmi işçi elmi dərəcəsinə layiq görülüb.                                                                                                                                                Azərbaycan EA-nın o vaxtkı prezidenti Yusif Məmmədəliyevin təklifi ilə 1959-cu ildə Bakıya qayıdaraq onun rəhbərlik etdiyi laboratoriyada baş elmi işçi vəzifəsində çalışıb. 1970-ci ildə doktorluq dissertasiyasını müdafıə edib. 1972-ci ildə «Neft kimyası və neft kimya sintezi» ixtisası üzrə professor elmi adı alıb. Azərbaycan elminin qocaman ziyalılarından olan Məhərrəm Məmmədyarov akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 1969-cu ildən bu günə qədər laboratoriya müdiri kimi fəaliyyət göstərir. Eyni zamanda 1972-ci ildə Naxçıvanda yaradılmış  Elmi mərkəzə 1973-1979-cu illərdə rəhbərlik edib. Mikrobiologiya institutunun birinci direktoru olub (1981-1994-cü illər). M.Məmmədyarov məruzələrlə beynəlxalq və respublika səviyyəli konfranslarda çıxış edərək, ölkəmizi müxtəlif şəhərlərdə – Moskva, Leningrad, Kiyev, Minsk, Riga, Tbilisi, Alma-Ata, Düşənbə, Daşkənd və s. təmsil edib. Alim elmi-tədqiqat işləri ilə tanışlıq və təcrübə mübadiləsi məqsədi ilə bir sıra xarici ölkələrdə (Rusiya, Misir, Çexoslovakiya, Rumıniya, Meksika, Türkiyə, Fransa, ABŞ) elmi ezamiyyətdə olub. M.Məmmədyarovun fəaliyyətində pedagoji fəaliyyət mühüm yer tutub: alim 1967-1969-cu illərdə Ç.İldırım adına Politexnik İnstitutunda, 1973-1975-ci illərdə isə Naxçıvan Pedagoji İnstitutunda üzvi kimya kursu üzrə mühazirələr oxuyub. M.Məmmədyarovun rəhbərliyi ilə 20 namizədlik və 5 doktorluq dissertasiyaları müdafıə olunub. Alim 200-dən artıq namizədlik və doktorluq dissertasiyalarının opponenti olub. 1989-cu ildə M.Məmmədyarov Azərbaycan EA-nın «Neft kimyası» ixtisası üzrə müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının «Kimya» ixtisası üzrə həqiqi üzvü seçilib. 2001-ildən M.Məmmədyarov BDU-da «Kimya» ixtisası üzrə bakalavr dərəcəsi verən Dövlət Komissiyasına sədrlik edir. M.Məmmədyarov xidmətlərinə görə 14 dövlət mükafatına layiq görülüb.

“Qafqaznews”

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR