“Alıcının ət alarkən baytarlıq sertifikatı tələb etməyə haqqı var”

maxresdefaultBakıda bəzi ət kəsimi məntəqələrinin fəaliyyəti dayandırılacaq

“Bakı şəhərində bir neçə böyük ət kəsimi məntəqəsi fəaliyyətini dayandıracaq. Bu məntəqələrdən biri “Keşlə” bazarında, digəri isə “Koroğlu” stansiyasının yaxınlığında yerləşir. Bildiyiniz kimi, “Keşlə” bazarının yaxınlığındakı yol layihə üzrə genişləndiriləcək. Bu gün Bakı Şəhər İcra Hakimiyyətindən bununla bağlı rəsmi məktub almışıq”. Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova deyib. S. Rüstəmova bildirib ki, Şamaxı, Salyan və Quba istiqamətindən paytaxta girişdə böyük ət kəsimi məntəqələri tikiləcək: “Məqsəd şəhərə diri heyvanların gətirilməsinin qarşısını almaqdır. Həmin ət kəsimi məntəqələrinə mərkəzləşdirilmiş qaydada nəzarət olunacaq”. Xidmət rəisi paytaxtda qeyri-qanuni ət kəsimlərinin ləğv edildiyini də bildirib: “Qeyri-qanuni ət kəsimlərinə görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan pul cəzalarının miqdarı çox aşağıdır. İnsanlar demək olar ki, eyni əməlləri təkrar edirlər. Bildiyiniz kimi, I Avropa Oyunları ilə əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində çalışır. Artıq cədvəl üzrə xeyli iş görülüb. Baytarlıq-sanitariya ekspertiza laboratoriyasının əməkdaşları növbəli iş rejiminə keçiblər. Bazarlara məhsullar adətən gecələr gəlir. Onlar gecə məhsulların müayinələrini aparırlar ki, səhər satışda problem çıxmasın” (apa.az) Qafqaz Xəbər Agentliyi olaraq bu məsələ ilə bağlı Dövlət Baytarlıq Nəzarəti  Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəliyə müraciət etdik. O, agentliyimzə açıqlamasında bildirdi ki: “Bu hazırda aktual bir məsələdir. Əlbəttə ki qeyri-qanuni qəssabxanaların hamısı ləğv olunacaq. Bununla bağlı Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 20 aprel tarixində verilmiş 11 nömrəli əmri var. Bakı şəhərində, Mingəçevirdə, həmçinin turizmin inkişaf etdiyi ərazilərdə, yol kənarlarında ,həmçinin qeyri-qanuni ət kəsilən yerlərdə bu tədbirlər həyata keçiriləcək. Cərimənin az olması ilə bağlı biz müvafiq orqanlara müraciət etmişik ki,İnzibati Xətalar məcəlləsinin 125-ci maddəsinə dəyişikliklər edilsin. Bununla bağlı müvafiq nazirliklərə müraciət də olunub. Cərimələrin artırılması nəzərdə tutulur. Bu tək Dövlət Baytarlıq Xidmətinin apardığı iş olmamalıdır. Bu istiqamətdə də lazımi işlər aparılır. Bir ay ərzində biz bu istiqamətdə olduqca çox iş görmüşük. Bu müddətdə Bakı, Mingəçevir və bununla bərabər bir neçə rayonlarda (Qəbələ, Şəki, İsmayıllı, Quba və.s) heyvan kəsimi və ət satışı ilə məşğul olan obyektlərə bildiriş olub. Baytarlıq sanitariya qaydalarına ciddi əməl olunması tapşırılıb. 15 obyektə şifahi xəbərdarlıq olunub, 11 obyektə yazılı xəbardarlıq verilib, 25 obyektə isə İnzibati Xətalar Məcəlləsinin 125- ci maddəsinə əsasən ekspertiza aparılmadığına və gigiyenik normalara riayət olunmadığına görə müvafiq cərimələr tətbiq olunub. Həmçinin 7 obyektin fəaliyyətinə son qoyulması barədə əmr verilib. 5 obyekt qeydiyyata alınıb. Lakin bütün bildirişlərə baxmayaraq sanitariya qaydalarına əməl etməyən obyektlər barədə də tədbirlər görülür. Qeyd edək ki, alıcının məhsul alarkən baytarlıq sertifikatını tələb etməyə haqqı var. Hazırda bütün obyektlər nəzarət altındadır.”

Kəmalə Şükür

“Qafqaznews” 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR