Bakıda sərnişinləri ölümə aparan avtobuslar

nhhhnmİlqar Hüseynli: “Sərnişindaşıma ilə məşğul olan şirkətlərin əksəriyyəti nəqliyyat nazirinin yaxın ətrafında olan insanlardır və bir növ məsuliyyətdən azaddırlar”; Kamran Əliyev: “Son 4 ayda avtobus sürücüləri tərəfindən törədilən qəzaların, eləcə də bu hadisələrdə ölənlərin və yaralananların sayında artım müşahidə olunur”

İyunun 7-də Bakının Sabunçu-Zabrat yolunda baş verən, 19 nəfərin yaralanması, 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza marşrut avtobuslarında, ictimai nəqliyyatda sərnişinlərin həyati təhlükəsizliyinin nə qədər aşağı səviyyədə olduğunu bir daha sübut etdi.
Paytaxt Bakının mərkəzi və ətraf qəsəbələrinə işləyən ictimai nəqliyyat vasitələrinin istər istismara yararlılığı, istər sürücülərin peşəkarlığı baxımından problemlərin olması heç kimə sirr deyil.
Lakin insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən yol qəzalarının sayının artması və bu istiqamətdə heç bir önləyici tədbirlərin görülməməsi mövzunun aktuallığını bir daha təsdiq edir.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirdi ki, bu məsələdə sərnişindaşıma şirkətlərinin məsuliyyəti artırılmalı, cəzalar ağırlaşdırılmalıdır: “Ümumiyyətlə, bütün avtobus qəzaları ilə bağlı baş verən qəzalara görə həmin sərnişindaşıma xidmətini həyata keçirən şirkətlər yoxlanmalı, onların üzərinə məsuliyyət qoyulmalı, götürülən öhdəliklərin əməl olunmasına nəzarət həyata keçirilməlidir. Bu yalnız kağız üzərində qalmamalıdır. Bu şirkətlərə ciddi şəkildə sanksiyalar tətbiq olunmalıdır. Hər bir qəzaya, xəsarət almış və həyatını itirmiş şəxslərə görə kompensasiyalar, böyük məbləğdə cərimələr şirkətlərin üzərinə qoyulmalıdır ki, onlar məsuliyyətini dərk etsin, sərnişindaşıma ilə məşğul olan sürücülər üzərində nəzarət mexanizmi qursunlar”.
Ekspert bildirdi ki, baş verən qəzaların əsas səbəbi sükan arxasında olan sürücülərin bəlli kateqoriyada sürücülük  vəsiqəsinin olmaması, bəzi sürücülərin ümumiyyətlə sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməsi, interval qaydalarının pozulması, avtobusu sürətlə idarə etməsi, planın çox olmasıdır ki, onlar da məcbur olub yol hərəkəti qaydalarını pozurlar: “Əksər hallarda işıqforun qırmızı işığına məhəl qoymurlar. Bu şirkətlərin arxasında yüksək vəzifəli məmurlar durduğundan onlar özlərini məsuliyyətdən azad olunmuş hiss edirlər. Nəticədə bizim üzləşdiyimiz problemlər ortaya çıxır ki, çoxsaylı qəzalar  olur, insan tələfatı baş verir. Mən onu da deyim ki,  sərnişindaşıma ilə məşğul olan şirkətlərin böyük əksəriyyəti nəqliyyat nazirinin ən yaxın ətrafında olan insanlardır.  Hətta birbaşa nəqliyyat nazirliyinin ailəsinə yaxın olan şirkətlərdir ki, onlar öz üzərində məsuliyyət hissini tamamilə itiriblər. Bütün problemlərin kökündə son nəticədə məmur  özbaşınalığı durur. Bütün bunlar kompleks şəkildə həllini tapmalıdır. Ölkə prezidenti son zamanlar bəzi dövlət məmurlarına, xüsusən iqtisadiyyat sektorunda olanlara xəbərdarlıq edir, onların fəaliyyətini tənqid edir. Lakin təəssüflər olsun ki, bu günə qədər Nəqliyyat Nazirliyinə qarşı bu tənqidlərin şahidi olmamışıq. Yaxşı olardı ki, Nəqliyyat Nazirliyində olan qanunsuzluqlar, özbaşınalıqlarla bağlı da tənqidlər olsun”.
İ.Hüseynli bildirdi ki, əgər Nəqliyyat Nazirliyinin işinə nəzarət güclənməzsə, yol qəzalarının sayı durmadan artacaq: “Mən hətta müşahidə etmişəm ki, yol polisinin olduğu yerdə belə, müxtəlif nəqliyyat şirkətlərinin sürücüləri işıqforu qırmızı işıqda keçirlər. Yol polisinin özündə belə məsələyə bəlli bir münasibət var ki, həmin şirkətlərin sürücülərinə ciddi cəzalar tətbiq edə bilmirlər. Burada məmur asılılığı prinsipi hər məqamda özünü göstərir. Əgər bunların qarşısı alınmayacaqsa, nəqliyyat şirkətlərinə lisenziyaların verilməsində cəzalar tətbiq edilməyəcəksə, bu proses davam edəcək”.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə açıqlamasında bildirdi ki, ara-sıra marşrut avtobuslarının müvafiq kateqoriyası olmayan sürücülər tərəfindən idarə olunması hallarına rast gəlinir: “Sözsüz ki, burada da həm ona nəqliyyat vasitəsini verən şəxs, həm də onu idarə edən şəxs   məsuliyyətdən kənarda qalmır. Ancaq istənilən halda müvafiq kateqoriyası olmayan sürücüyə o nəqliyyat vasitəsini etibar edən  istər fiziki şəxslər, istərsə də hüquqi şəxslər bilməlidir ki, bu, insanların həyatı ilə risk eləmək deməkdir. Əgər həmin şəxs hər hansı qəza törədirsə, bu zaman həmin şirkət rəhbərliyi də cəzadan kənarda qalmayacaq. Bunu onlar nəzərə almalıdırlar”.
DYP rəsmisinin sözlərinə görə, ictimai nəqliyyat vasitələrinin sürücüləri tərəfindən qayda pozuntusuna yol verildikdə onlara qarşı dərhal tədbir görülməsində hüquqi əngəllər var: “Qanunvericilikdə də göstərilir ki, sərnişinlərin rahatlığının təmin olunması məqsədilə qayda pozan sürücü barəsində son dayanacaqda qanuni tədbir görülməsi ilə bağlı müddəa var, bu sonradan qanuna əlavə olunub. Hər addımda avtobusu saxlayıb yoxlamaq mümkün deyil. Bu iri həcmli bir nəqliyyat vasitəsidir, onun yolda saxlanması həm sərnişinlərin ünvana ləngiməsinə səbəb olur, digər nəqliyyat vasitələrinin ləngiməsinə səbəb olur. Bütün bunlar avtobus nəqliyyat vasitələrinin vaxtaşırı yoxlanması üçün bir əngəldir. Ancaq bununla yanaşı, biz həm hüquqi, həm də fiziki şəxslərə müraciət edirik ki, bununla bağlı ciddi tədbir görsünlər, aidiyyəti olmayan şəxslərə nəqliyyat vasitəsini verməsinlər, insanların həyatı ilə risk etməsinlər. Hansısa nəqliyyat vasitəsinin yol verdiyi qayda pozuntusu müvafiq yol qurğuları vasitəsilə aşkarlanırsa, onların barəsində elektron cərimələr yazılır və ünvanlarına göndərilir”.
Kamran Əliyev onu da vurğuladı ki, son 4 ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə  avtobus sürücüləri tərəfindən  törədilən qəzaların sayında, eləcə də qəzalarda ölənlərin və yaralananların sayında artım müşahidə olunur. (musavat.com)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR