İcra hakiminin birinci müavini: “Bu dəqiqə durub elan edəcəm”

1435059611_istigucluSabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 42 dərəcəyə kimi yüksələcək. İyunun 24-26-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada rütubətliliyin bir qədər çox olması fonunda isti temperatur diskomfortu xüsusilə gündüz saatlarında meteohəssas insanlar üçün əlverişsizdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 37-42, dağlarda gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.

Biz də Qafqaz Xəbər Agentliyi olaraq sabah gözlənilən  isti hava ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin əməkdaşı Gülşad Məmmədovadan 42 dərəcə istinin hansı rayonlarda müşahidə olunacağı haqda soruşduq.

Gülşad Məmmədova bildirdi ki, ən çox isti bəzi Aran rayonlarında müşahidə olunacaq. Mərkəzi Aranda ,məsələn ,Kürdəmir, Hacıqabul, Ucar rayonlarda gözlənilir.

Biz bu məsələ ilə əlaqədar Hacıqabul rayon icra hakiminin birinci müavini Sahib Aslanovla əlaqə saxladıq:

-Hacıqabul  rayonunda sabah 42 dərəcə isti olacağı gözlənilir. Bununla bağlı hansı  tədbirlər görülür?

“ Yanğınsöndürən, təcili yardım maşınları hazır vəziyyətdə saxlayırıq. Bir də əhaliyə deyirik ki ,işdən yayınsınlar”,- Sahib Aslanov bildirdi.

“Axı isti ilə əlaqədar açıq havada işləməyə icazə yoxdur, bununla bağlı  vətəndaşlar məlumatlandırmısız ki, müəsisələrdə işləri dayandırsın?” sualımıza

“Bu dəqiqə durub elan edəcəm”,- deyə icra müavini cavab verdi.

“Yəni hələ elan eləməmisiz ?”sualımızı isə Sahib Alanov “hələ nahardır ,nahardan sonra edəcəyik”,-deyə cavablandırdı.

Sahib Aslanovun  “doğrudan da  42 dərəcə  isti olacaq” sualı müxbirimizin təəcübünə səbəb oldu:

-Bu haqda məlumatınız yoxdur deyəsən …

İcra müavini təsdiqlədi ki,həqiqətən bu barədə məlumatı yoxdur. Müxbirimizin “demək biz sizi məlumatlandırmasaydıq siz vətəndaşlara deməyəcəkdiniz ki, 42 dərəcə istidə işləmək olmaz” fikrinə Sahib Aslanov  “Gərək bizə məlumat verələr ki bizdə məlumat verək da”, deyə cavab verdi

Müxbirmizin “axı icra hakimiyyətinin bu haqda məlumatı olmalıdır”etirazına isə  icra müavini “oldu aydındır” deyərək dəstəyi asdı.

Məsələ ilə bağlı Kürdəmir rayon İcra hakiminin birinci  müavini Tacəddin Novruzovla da əlaqə saxladıq.

Müxbirimizin sualına icra müavinin cavabı belə oldu:

“İstilərlə bağlı nə tədbir görəcəyik ki… Kürdəmirdə onsuz da həmişə isti olur da”

Müxbirimizin “əmr vermisiz ki, idarələrdə, müəssisələrdə açıq ərazidə işlər dayandırılsın?”sualına

“Əmr yox, tapşırıq vermişik ki , sənədləşmə aparılsın, idarələrdə müfvafiq  əmrlər verilsin”,-deyə cavab verdi.

Ucar rayon icra hakiminin müavini Vaqif Mehdiyev istilərlə bağlı görüləcək tədbirlərlə bağlı bildirdi ki, məsələ nəzarətdə saxlanılır,vəziyyətdən asılı olaraq tədbirlər görüləcəkdir.

“Sabaha 42 dərəcə isti olacağı gözlənilir, bu istidə açıq havada iş görməyə icazə yoxdur fikrinə “lazımı tədbirlər aparılacaqdır narahat olmayın”,- Vaqif Mehdiyev cavab verdi.

Müxbirimiz “axı isti sabahdır, bu gündən tədbirlər görülməlidir” dedikdə  isə Vaqif Mehdiyev “tədbirlər görülür”,- deyə qeyd etdi.

Müxbirimizin öz növbəsində “axı bayaq qeyd etdiniz ki, aparılacaqdır, indi isə deyirsiz aparılır” fikrinə isə icra müavini Vaqif Mehdiyev “yaxşı oldu” deyərək dəstəyi asdı.

Araz Məmmədov

“Qafqaznews”

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR