İqbal Ağazadə: “Biz çalışmalıyıq ki,Avropanın yanında yer alaq”

68716Milli Məclisin bir qrup üzvü bəyanat imzalayıb: “Biz, Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatı “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı 2015-ci il iyunun 10-da Avropa Parlamentində keçirilmiş dinləmələri Avropa Parlamentinin sədri cənab M.Şults və sədr müavini xanım U.Lunaçek başda olmaqla bəzi siyasi qruplar tərəfindən ölkəmizə qarşı aparılan qərəzli və məqsədyönlü kampaniyanın davamı kimi qiymətləndiririk. Artıq neçənci dəfədir ki, həmin qrupların guya Azərbaycanda insan hüquqlarının pozulmasına dair qondarma problemi müxtəlif bəhanələr altında inadla və məqsədyönlü şəkildə gündəliyə gətirməyə çalışdıqlarının şahidi oluruq. Bu dəfə Azərbaycanı nüfuzdan salmaq üçün Avropa idman hərəkatının tarixində yeni mərhələ açacaq möhtəşəm idman tədbirinə istinad edilməsi yalnız təəssüf hissi doğurur”. Bəyanatı imzalayanlardan biri, “Ümid” partiyasının sədri İqbal Ağazadənin fikirlərini öyrəndik. Millət vəkili Qafqaz Xəbər Agentliyinə bildirdi ki: “ İdman və insan haqları ilə bağlı dünyada bir dənə olsun konfrans keçirildiyini eşitməmişəm. Hələ bu günə kimi idman və insan haqları mövzusunun müzakirə olunduğu bir məsələ çıxmayıb ortalığa. Azərbaycandan qat-qat çox xalqların hüquqlarını tapdalayan imperialist dövlətlərdə olimpiadalar keçirilib. Amerikanın mövqeyini nəzərə almasaq 1980-cı ildə SSRİ kimi bir ölkədə olimpiada keçirilib. Ona görə də idman oyununa insan haqları kontekstindən yanaşmaq düzgün deyil. Əgər hesab etsəm ki, bunlar fərdlərin hüquqlarını müdafiə üçündür, demokratiya üçündür onda dəstəkliyərəm. Adlarını çəkməyəcəm, ölkələrin biri parlamentə 3 nəfərin imzası ilə insan haqlarının pozulması barədə məsələ çıxarıb. Bu 3 nəfərin biri erməni, biri Dağlıq Qarabağa qeyri-qanuni səfər edən şəxs, digəri isə Qazprom-un maliyyəsi ilə məşğul olan şəxsdir.

Bu insanlar Azərbaycanda insan haqlarını müdafiə üçün bəyanat verirlər. Və müzakirəyə çıxarılmasını tələb edirlər. Bunlar doğrudanmı Azərbaycanda insan haqlarının müdafiəsini istəyirlər? Yoxsa vəziyyətdən istifadə edib Azərbaycanın Avropadan daha uzaq düşməsinə, Azərbaycanın Avropa məkanından daha tez ayrılmasına və ənənəvi şərq ölkəsi və ya ənənəvi müsəlman ölkəsi və Rusiyanın yanında yer alan bir ölkəyə çevrilməsini istəyirlər? Yadıma bir şey düşdü, sizinlə bölüşüm. 2013-cü il 30 avqustda Ramil Səfərov Azərbaycana ekstradisya olunanda, bütün bu qurumların hamısı yenə eyni mövqeyi ifadə etmişdi. Halbuki, Azərbaycanda Ramil Səfərovun hərəkətlərinə münasibətin necə olmasından asılı olmayaraq, Ramil Səfərovun ekstradisya olunmasına həmvətənlərimiz sevindi. Və bütün bu qurumların hamısı o məsələyə də bu kontekstdən yanaşdılar. Demokratiya sahəsində problem varsa, bütün sferalar üzrə cəbhə açmağa ehtiyac yoxdur. Bu gün bütün Avropa cəbhə açıb, Azərbaycanın üstünə düşüb. Azərbaycanı Rusiyanın qucağına itələməyin mənası nədir axı? Müxalifətdən olan insanlar bu gün hər kəsi boykota çağırır. Avropada yer ala bilməsələr hara gedəcək Azərbaycan? Bu coğrafiya müasir siyasət üçün uyğundurmu? Biz çalışmalıyıq ki,Avropanın yanında yer alaq.”

Kəmalə Şükür

“Qafqaznews” 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR