Nazirlik 400 min uşağa pul verir

96526_res_01Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırda 10 kateqoriyadan olan uşaqlar üçün aylıq və birdəfəlik sosial müavinət verir.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara, ailə başçısını itirmiş ailələrdəki uşaqlara, valideyn himayəsindən məhrum olmuş uşaqlara, şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin, beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə aylıq sosial müavinət təyin olunur.

Aylıq sosial müavinət ödənilənlər sırasına müddətli hərbi xidmət qulluqçularının uşaqları, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlar da daxildir. Ümumilikdə, 140 minə yaxın uşağa görə aylıq sosial müavinət ödənilir.

Həmçinin uşağın doğulmasına görə ailələrə birdəfəlik müavinət verilir ki, bu müavinət növü cari ilin birinci rübündə 26 min nəfərə yaxın uşağı əhatə edib. Bunlar və ünvanlı dövlət sosial yardımı alan ailələrdəki 18 yaşadək şəxslər (235 min nəfərə yaxın) nəzərə alınmaqla, ümumilikdə 400 mindən çox uşaq ƏƏSMN tərəfindən birbaşa sosial təminat növləri ilə əhatə olunub. Beləliklə, ölkədə sosial müavinət və ünvanlı sosial yardımla təmin olunanların təqribən 45 faizdən çoxunu uşaqlar təşkil edir.

Bundan başqa, ƏƏSMN-in sosial sifarişləri əsasında hazırda 1500-dək uşaq sosial xidmətlərlə təmin edilir. Bu il ərzində nazirliyin tabeliyində yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın istifadəyə verilməsi nəzərdə tutulur ki, həmin müəssisə çətin həyat şəraitində və risk qrupuna daxil olan uşaqların yaşayış şəraiti ilə təmin olunmasına, onların tibbi-psixoloji və sosial reabilitasiyasına xidmət göstərəcək.

Qeyd edək ki, Əmək Məcəlləsində uşaqların işə qəbulu üçün minimum hədd 15 yaş müəyyən edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR