Yunanıstanda həyat bahalaşır

14374768264030326048_1000x669Yunanıstanda ərzaq məhsulları və xidmətlər üçün əlavə dəyər vergisi (ƏDV) dərəcələrinin 13 faizdən 23 faizədək artırılmasına başlanılıb. Məlum olduğu kimi, Afinaya üçüncü maliyyə yardımı paketi verilməsinin əsas şərtlərindən biri olaraq qəbul edilmiş müvafiq qanunu Yunanıstan parlamenti iyulun 16-na keçən gecə təcili qaydada təsdiqləyib.

Bu tədbirin görülməsini beynəlxalq kreditorlar təkid ediblər. Belə ki, ƏDV-nin artırılması qısa müddətdə dövlətin gəlirlərini artırmağın ən sadə və təsirli üsuludur. Məsələn, yeni dərəcə sayəsində xəzinə təkcə çörək-bulka məmulatlarından ildə 54 milyon avro əlavə gəlir qazanacaq.

Ət və balıq, süd məhsulları və şəkər, makaron məmulatları, habelə ictimai-iaşə müəssisələrində yemək və içkilərə görə də vergi dərəcələri artırılacaq. Yunanıstan KİV-ləri xəbər verir ki, artıq bu ilin sonunadək xəzinəyə əlavə olaraq 800 milyon avro daxil olacaq.

ƏDV-nin artırılması pərakəndə qiymətlərin artmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində həm yerli, həm də turist alıcıların azalmasına səbəb olacaq. Axı taksi, çimərlikdə satılan dondurma, barda təklif olunan kofe və ya şam yeməyi xarici qonaqlar üçün də bahalaşacaq. Oktyabrda isə mehmanxana xidmətləri üçün ƏDV də 6,5 faizdən artıb 13 faizə çatdırılacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR