Banklar birinci qrup əlildən «şapka» alıb – FOTOLAR

23733Kredit alan Gülzar Kazımovanın evi əlindən çıxıb, əlillik müavinətini isə banklar əlindən alır
Əkrəm Həsənov: «Konstitusiya Məhkəməsi may ayında qərar verdi ki, banklar faiz məsələsində güzəştə getməlidirlər»
Yeganə gəliri birinci qrup əlillik müavinəti olan Kazımova Gülzar Qədir qızı kredit götürdüyü “Nikoil” və “Kapital” banklarda faizlərin çox olmasından şikayətçidir.
Bank tərəfindən “Sovetski”də yerləşən evi hərraca çıxarılan vətəndaş hazırda Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən yataqxanasının sakini olub və burada qeydiyyatdadır. O, kredit götürdüyü bankların ondan “şapka” aldığını vurğuladı.
Gülzar Kazımova bankların onun başına açdığı hekayəni danışır. Bildirir ki, kiçik biznes üçün 2004-cü ildən “Nikoil” bankın Yasamal rayonu (Nərimanov heykəlinin yanında) filialından kredit götürüb: “Bankın Pərviz adlı əməkdaşı mənim adıma 3 min dollar  yazıb, amma mənə cəmi 2500 dollar təqdim etdi. 500 manatı “şapka” kimi götürdülər.
Mən o zaman gözəllik salonunda işləyirdim. Həmin vəsaitlə yeni salon icarəyə götürüb, ora üçün lazımi avadanlıqları aldım. İcarədar icarə haqqını qaldırdığı üçün müflis oldum. Bu zamanda həm də gözümdəki problem ciddiləşdi. Salonu tərk etməyə məcbur oldum, avadanlıqları satıb həkimlərə verdim, onlar da məni əlil etdilər”.
“Nikoil”dən 2500 manat kredit alan G.Kazımova deyir ki, hazırda onun bu banka  6800 dollardan artıq borcu var: “Bankdan götürdüyüm puldan iki qat artıq məndən pul istənilir. Bu qədər borcun faizdən yarandığı bildirilir. Mən bu qədər faizlə razı deyiləm, etiraz edirəm. Nə qədər faizlə mənə kredit verilib, onu bilmirəm. Mən dörd ay  250 dollar ödədim. Sonra ödəyə bilmədim. Çünki dediyim kimi müflis oldum və səhhətimdə problem yarandı”.
G.Kazımova gözündəki problemə görə yenidən banka müraciət etməli olur: “Beləliklə, 2008-ci ildə “Kapital” banka müraciət etdim. Bankın Xətai rayon filialının Ayaz adlı əməkdaşı mənim adıma 35 min manat kredit yazıb, mənə 30 min manat verdi. Anam Kazımova Rübabə Muxtar qızının mənə təqdim etdiyi etibarnamə əsasında öz adıma kredit götürdüm. Anamın adına “Sovetski” adlanan məhəllədə evimi banka girov qoydum. 2011-ci ildə anam rəhmətə getdi. Xəstəliyim üçün aldığım kreditin də müsbət nəticəsi olmadı.  Həkimlərə verdiyim pulların xeyri olmadı və birinci qrup əlil oldum.
Mən bankdan götürdüyüm kreditin 2500 manatını banka geri ödəyə bildim. Hazırda banka borcumun 40 min manatdan çox olduğu bildirilir. Anamın yadigar olan “Sovetski”də yerləşən evini “Kapital” bank hərraca çıxardı. Söküntü ərazisi olduğu üçün evi hələ alan olmayıb. Ev 70 min manat dəyərində dəyərləndirilib”.
25 il əmək stajı olan Gülzar Kazımova deyir ki, əlilliyə görə 244 manat müavinət alır. Hazırda həmin məbləğdən 50 manatı “Nikoil” banka, 50 manatı isə “Ekspress Maqnit”ə ödəyir.
Şikayətçinin tələbi budur ki, banklar onun əlilliyini və işləmədiyini nəzərə alaraq faizi güzəşt etsinlər, yalnız götürdüyü vəsaiti banka ödəsin.
Adı çəkilən banklara sorğu göndərib G.Kazımovanın “şapka” ittihamına, bank faizinin çox olmasından şikayətinə və faizlərin ləğv olunması istəyinə münasibət öyrənmək istədik. Amma…
“Kapital”a göndərdiyim sorğuya bu bankın Marketinq  Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Vüsal Əzizov cavab verib: “Bildiririk ki, Mülki Məcəllənin 967-ci maddəsinə və “Banklar haqqında” Qanunun 41-ci maddəsinə əsasən digər şəxsə aid bank sirri olan məlumatlar təqdim edilə bilməz. Müraciətə baxılması üçün kredit götürən şəxs “Kapital” Bankın Pərakəndə Bankçılıq Departamentinə poçt vasitəsi ilə məktub göndərməlidir”.
“Nikoil”a göndərdiyim sorğuya cavabda da bildirildi ki, bank sirrini təşkil edən məlumatların bank tərəfindən açıqlanması qeyri-mümkündür.
“Bildirmək istərdim ki, müştəri narazıçılığına səbəb olmuş halların araşdırılması şəxsən müştəri tərəfindən olunan müraciətə əsasən aparıla bilər”,-deyə bankın mətbaut xidmətinin rəhbəri Rüstəm Babazadənin cavabında bildirilir.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirir ki, əgər məsələ ilə əlaqədar banka borclu vətəndaş və ya onun etibarnaməsi əsasında digər şəxs müraciət etməyibsə, bankın bank sirri rejiminə istinadən cavab verməməsi düzgündür: “Məsələnin mahiyyətinə gəldikdə isə “şapka” cinayətdir. Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Amma nəzərə almaq lazımdır ki, sübut etmək çətin olacaq. Yəqin ki, şahid də yoxdur. O ki qaldı faizlərin aşağı salınmasına, bunu tələb etmək borclunun hüququdur. Belə ki, Konstitusiya Məhkəməsi məlum may qərarında müəyyən edib ki, banklar borclulara güzəşt etməlidir, o cümlədən faiz məsələsində”.bizimyol.info21101 21094 21095 21096 21097 21098 21099 21100

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR