Göyçaylılar deyir borc yazılır, “Azərsu” da deyir yazılmalıdır…

107787_res_01Göyçay şəhəri, Xurşidbanu Natəvan küçəsinin sakinləri aylıq su pulu borclarının sərf etdiklərindən artıq hesablanmasından şikayətlənir.

Virtualaz.org saytına müraciət edən şikayətçilər şəhərin bir neçə küçəsində oxşar vəziyyətin hökm sürdüyünü, bəzi evlərə isə hətta 100-150 manat supulu borcu yazıldığını bildirib.

Məsələyə aydınlıq gətirmək üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.

A.Cəbrayıllı virtualaz.org-a açıqlamasında bildirdi ki, problemdən xəbərdardırlar, həmin küçəyə su artezianlardan verilib və sayğacları olmayıb: “Onlara bildirişlər verilsə də bir çox abonentlər buna əhəmiyyət belə verməyib. İndi yeni layihə çərçivəsində smart sayğaclar quraşdırılıb və balansa vurulan pulun müəyyən hissəsi avtomatik olaraq borca silinir.

“Azərsu” ASC-nin özünə də Göyçaydan bir neçə belə müraciət daxil olub. Yazırlar ki, qızımız ailə qurub köçüb, rəhmətə gedənimiz var. Və ya yazırlar ki, oğlumun biri ailəsi ilə Bakıya köçüb, amma burada qeydiyyatdadır.

Vətəndaşlar bilməlidir ki, ailə tərkibində dəyişiklik olanda su idarəsinə yeni arayış verilməlidir və bir çoxu bunu etməyib. Ona görə də hesabat qeydiyyatda olanlara uyğun aparılıb”.

A.Cəbrayıllı vurğuladı ki, rəhmətə gedənlər, həbs edilənlər və hərbi xidmətdə olanlar istisna olmaqla digər ailə üzvlərinin arayış təqdim olunan tarixdən geri dövr üçün yaranmış borcları silinmir: “Əgər kimsə ailə üzvlərindən rəhmətə gedənin ölüm kağızının surətini təqdim edirsə, həmin şəxsin rəhmətə getdiyi gündən borcu silinir. Bir də ki, kimsə ailəliklə Göyçaydan Bakıya köçürsə və qeydiyyatda qalırsa, ona borc hesablanır. Söhbət sayğacsız abonentdən gedir. Əgər o, su idarəsinə hesabatın dayandırlılması və suyun verilməməsi ilə bağlı ərizə müraciət edərsə, onda ona borc hesablanmaz”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR