Milli Dram Teatrda dramatik vəziyyət davam edir

img1755459Akademik Milli Dram Teatrının kollektivi məzuniyyətdə olmasına baxmayaraq teatrın ətrafındakı qalmaqallar bitmir ki, bitmir.
Bu günlərdə tanınmış xalq artistlərinin arasında baş verən “Facebook davası” səngiməyə başlamışdı ki, teatrın ədəbi hissəsinin müdiri və teatrın bədii şurasının üzvü Atababa Hacıbabayevin heç bir səbəb olmadan teatrdan qovulduğu haqda məlumatlar yayıldı.
Belə ki, teatrın aktyorlarının Ölkə.az-a verdiyi məlumata görə, teatrın kadrlar şöbəsinə şifahi şəkildə bildirilib ki, eyni zamanda Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının da üzvü olan A.Hacıbabayevə avqustun 1-dən işə gəlməməsi haqda tapşırıq verilsin.
Bununla əlaqədar olaraq teatrın direktoru İsrafil İsrafilov ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab vermək istəmədi.
Teatrın mətbuat katibi Elçin Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Atababa Hacıbabayevin işdən çıxarılması barədə məlumatsızdır:
“Hazırda teatr məzuniyyətdədir. Buna görə də teatrda son baş verənlər barədə məlumatım yoxdur. Teatrın yeni mövsümünün açılışında yayılan məlumatlara aydınlıq gətirəcəyik”.
Qeyd edək ki, Akademik Milli Dram Teatrının ədəbi hissəsinin müdiri və teatrın bədii şurasının üzvü Atababa Hacıbabayev 2005-ci ildə prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif olunub.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR