Yalançı endirim kampaniyasıyla istehlakçıları aldadırlar – “Music Gallery”dən ŞİKAYƏT

1438582306_0001Paytaxtda fəaliyyət göstərən mağazalar şəbəkəsindən biri də “Music Gallery”dir. Bu mağazalar şəbəkəsiylə bağlı redaksiyamıza tez-tez şikayət daxil olur. Sözügedən ticarət obyektində müştəriləri aldadırlar. Belə ki, yalançı endirim kampaniyalarıyla istehlakçıların hüquqlarını pozurlar. Sözügedən mağazalar şəbəkəsi müştəri cəlb etmək üçün endirim kampaniyaları həyata keçirir. Lakin bu yolla vətəndaşların hüquqlarını pozmuş olurlar. Bizə verilən məlumata görə, “Music Gallery” mağazalar şəbəkəsi dəfələrlə vətəndaşların mobil nömrələrinə sms göndərərək mağazalarında bütün məhsullara endirim olduğunu bildirir.

Lakin mağazaya gedən müştəri bütün məhsullara deyil, köhnə modelli məhsulların bəzilərinə endirim olduğunu görürlər ki, buna da endirim demək olmaz. Çünki məhsulu endirim zamanı baha qiymətə satırlar. Bundan başqa, istehlakçı endirim kampaniyasında olan mal aldıqda onun geri qaytarılmasında problemlər yaşanır. Bildirirlər ki, endirim kampaniyasında olan mal almısan, dəyişdirilmir və ya qaytarılmır. Bu da qanuna zidd olan hərəkətdir.

Qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında qanunda var ki, istehlakçı aldığı malın ilkin sənədlərini, qaiməni tələb edə bilər. Nazirlər Kabinetinin də qərarında göstərilir ki, qaiməsi olmayan malların satışı qadağandır. Əgər satıcı qaiməni təqdim etmirsə, istehlakçı müvafiq dövlət orqanlarına müraciət etməlidir. İstehlakçıları yalançı endirim kampaniyaları ilə aldadan fiziki şəxsləri 600-1000 manat, hüquqi şəxsləri isə 3000 manata qədər cərimə gözləyir.

“Music Gallery” mağazalar şəbəkəsi vətəndaşları sms vasitəsilə tora salmağa çalışır. Hətta buna nail də olurlar. Müştərini mağazaya gətiməyi bacarırlar. Lakin hər şey aydın olandan sonra mağazanın çəkdiyi əziyyət boşa gedir.

Qanunun tələbinə görə, reklamda əhəmiyyətli informasiyanın müəyyən hissəsini qəsdən gizlətməklə istehlakçıları yanlış istiqamətləndirdikdə, bu, haqsız reklam hesab olunur. Əmtəənin dəyəri onun barəsində əhəmiyyətli informasiyadır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən, haqsız reklama yol verilmir, yəni, qadağandır. Həmçinin, reklamın yayımı anında əmtəənin dəyərinə (qiymətinə) dair yanlış məlumatın verilməsi “qeyri-dəqiq reklam” hesab olunur ki, Qanunun 8-ci maddəsinin tələbinə əsasən, bu cür reklamlara da yol verilmir. Bir sözlə, göstərilən formada, o cümlədən, endirim kampaniyalarına dair yalan məlumatların verilməsi ilə aparılan reklam qanunsuzdur. İstehsalçılar və satıcılar tərəfindən bütün bu kimi tədbirlər istehlakçıların hüquqlarının pozulmasıdır. Bu cür qanun pozuntularına qarşı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tədbir görmək səlahiyyətinə malikdir. Qeyri-dəqiq və haqsız reklam yayan təsərrüfat subyektləri inzibati qaydada cərimə olunurlar.

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, sözügedən mağazalar şəbəkəsindən məhsul alan alıcı mağazanın qanunsuz hərəkətləriylə üzləşib. Belə ki, zəmanət müddəti ərzində aldığı məhsul bir neçə dəfə xarab olub. Məhsul iki dəfə təmirə gedib. Müştəri üçüncü dəfə xarab olan məhsulun dəyişdirilməsi üçün “Music Gallery” mağazalar şəbəkəsinə müraciət edib. Lakin mağaza rəhbərliyi məhsulu dəyişdirməkdən imtina edib. Nəticədə isə müştəriylə mağaza rəhbərliyi arasında narazılıq yaranıb. Təəssüf ki, istehlakçı öz hüquqlarını müdaifə edə bilməyib və mediaya üz tutub. Lakin istehlakçı hüquqlarını yaxşı bilsəydi, belə problemlə üz -üzə qalmazdı.

Qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən mal zəmanət müddəti bitməyənə qədər 2 dəfədən artıq xarab olursa, mağaza rəhbərliyi məhsulu dəyişdirməlidir.

Çünki zəmanət müddətində məhsul artıq ikinci dəfə təmirə gedirsə, deməli, qüsurludur. Ona görə də müştərilərin istehlakçı hüquqlarını dərindən bilmələri lazımdır. Ümumiyyətlə, sahibkarlar zay məhsula sahib çıxmalıdır, onu istehlakçıya zorla sırımamalıdır.\\gundelik-baku.com\\

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR