«Azərsu»da rəhbərlik uğrunda savaş

1442906009_zamanCavid Qurbanovun kadrı Zaman Novruzov yenidən ASC-yə qayıtmaq üçün addımlar atmağa başlayıb

«Azərsu» ASC uğrunda start götürmüş savaşın yeni tərəfləri ortaya çıxıb. Daha doğrusu, çoxdan bəri üzdə olan məsələ bir qədər səngisə də, yenidən «alovlanıb». JAM.AZ-ın əldə etdiyi məlumata görə, son günlər ASC-nin prezidenti Qorxmaz Hüseynovun əleyhinə mətbuatda yayımlanan məlumatların əksəriyyətinin konkret təşkil olunmuş proses əsnasında həyata keçirildiyi məlum olub.

Həmin məlumatlara görə, Qorxmaz Hüseynovu «devirib», onun yerinə gəlmək istəyən əsas fiqurlardan biri bir vaxtlar «Azərsu»da vitse-prezident olmuş, daha sonra isə vəzifəsindən uzaqlaşdırılan, hazırda isə «Aqrotikinti» ASC-yə təyinat almış Zaman Novruzovdur. JAM.AZ-a verilən məlumatda deyilir ki, hələ Nizaməddin Rzayev işdən çıxarılan zaman ASC-yə prezident təyin olunacağına böyük ümidlər bəsləyən, hətta bir müddət özünü şirkətin rəhbəri kimi təqdim edən Zaman Novruzovun arzuları reallaşmamışdı. O dönəmdə «Azəryolservis»in rəhbəri olan, bir müddət əvvəl isə Azərbaycan Dəmir Yolları İdarəsinin rəisi postuna təyinat almış Cavid Qurbanova ümid bəsləyən sözügedən şəxsin planı baş tutmamışdı.

Qeyd edilir ki, Zaman Novruzov artıq «Azərsu»ya rəhbər gəlmək üçün mətbuatın gücündən istifadə etməyə başlayıb. JAM.AZ-a daxil olan məlumata görə, son bir ildə yerli mətbuat orqanlarında ASC rəhbərliyi haqqında yayılmış məlumatların «memarı» da məhz sözügedən şəxs olub. Və hazırda həmin prosesin davam etdiyi vurğulanır.

«Azərsu»dakı vəziyyətlə bağlı geniş bilgiləri olan Zaman Novruzovun, həmçinin ASC-də etibar etdiyi adamların da az olmadığı deyilir. Bildirilir ki, onlar vasitəsi ilə məlumat əldə edən keçmiş vitse-prezident həmin bilgiləri mətbuatda yaxınlarına ötürərək, Qorxmaz Hüseynov haqqında mənfi rəy yaratmağa çalışır. Və demək olar ki, istəyinə qismən çatmaq üzrədir.

Elə Qorxmaz Hüseynov da boş-bekar oturmayıb. Hərçənd o, vəzifəsini qorumaq üçün bir sıra addımlar atsa da, onların heç biri yetərli həddə olmayıb. Çünki iri layihələrdən korrupsiyanın boylanması, görülən işlərin əksəriyyətinin keyfiyyətsiz həddə olması ASC rəhbərinin başının bəlasına çevrilib. Üstəlik, daxildə ona qarşı olanların da fəallaşması və Zaman Novruzovla birləşməsi işlərini daha da çətinə salıb.

Mövzu ilə bağlı araşdırmamız davam edir. Yazıda adları çəkilən şəxsləri də dinləməyə hazırıq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR