Prezident tövsiyə, BŞİH sərəncam verir, küçənin adı isə dəyişmir… – FOTO

1443594433_0001Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının Azərbaycan prezidentinin tövsiyəsinə əsasən Mustafa Sübhi küçəsinin adının dəyişdirilməsi barədə imzaladığı sərəncamdan iki ilə yaxın vaxt keçsə də burada heç nə dəyişməyib.

Belə ki, küçənin adı rəsmən dəyişsə də onun köhnə adının yazıldığı lövhə dəyişdirilməyib. Mustafa Sübhinin adı küçədəki lövhələrin üzərində hələ də qalır. Yəni oradan keçənlər özlərini hələ də Mustafa Sübhi küçəsində bilirlər.

Təzəpir məscidinin yerləşdiyi bu küçənin adı Şeyxülislam Hacı Allahşükür Paşazadənin xahişi ilə dəyişdirilib. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri 2013-cü il, dekabrın 9-u BŞİH başçısı Hacıbala Abutalıbova Mustafa Sübhi küçəsinin adının dəyişdirilməsi barədə sərəncam imzalaması xahişi ilə rəsmi şəkildə müraciət etmişdi. Abutalıbov isə bu müraciətə cavabında belə bir səlahiyyətinin olmadığını, bu adın yalnız prezidentin göstərişindən sonra dəyişdirilə biləcəyini bildirmişdi.

Bundan sonra Azərbaycan prezidenti BŞİH başçısına müvafiq göstəriş və tövsiyə verdi. Nəhayət, BŞİH başçısı prezidentin tövsiyəsini əsas götürərək 2013-cü il, dekabrın 10-da adıçəkilən küçənin adının dəyişdirilməsi, ona məşhur xeyriyyəçi Nabat xanım Aşurbəyovanın adının verilməsi barədə sərəncam imzalamışdı.

Qeyd etdiyimiz kimi, buna baxmayaraq həmin küçə hələ də Mustafa Sübhi küçəsi kimi tanınmaqda davam edir. Ən azı lövhələrdən…

Bəs həmin lövhələr niyə hələ də dəyişdirilməyib?

Bu suala cavab tapmaq ümidi ilə aidiyyəti üzrə Yasamal Rayon İcra Hakimiyyətinə (RİH) müraciət etdik.

Yasamal RİH-in nümayəndəsi virtualaz.org saytına açıqlamasında bildirdi ki, bu məsələ onların yox, Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətindədir.

Adıçəkilən komitədən isə bu işin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətində olduğu bildirildi.

Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin ünvan reyestri şöbəsinin müdiri Əkbər Məmmədov virtualaz.org saytına açıqlamasında bildirdi ki, küçədəki lövhələrin dəyişdirilməməsinin səbəbi həmin ərazinin söküləcəyi ilə bağlıdır: “Keçmiş Mustafa Sübhi və ondan əlavə 19 küçənin sökülməsi planlaşdırılır. Ona görə də həmin küçəyə yeni lövhə vurmuruq. Yeni lövhə vurulanda köhnələr sökülür. Amma hələ ki, köhnələri də sökmürük. Qeyd etdiyim kimi, səbəb küçələrin sökülməsinin planlaşdırılmasıdır”.

Məlumat üçün bildirək ki, Şeyxin küçənin adının dəyişdirilməsi ilə bağlı müraciətinin səbəbi Mustafa Sübhinin ateist olması ilə bağlı olub. Belə ki, Mustafa Sübhi XX əsrin əvvəllərində Osmanlı imperiyasında yaşayıb və kommunist olub.

Fransada təhsil alan Mustafa Sübhi Türkiyədə gənclərin inqilabi hərəkatına dəstək verib, siyasi fikirlərinə görə Sinopun ucqar rayonlarının birində sürgündə olub.

Bundan sonra Rusiyaya qaçan M.Sübhi kommunizm uğrunda mübarizəsini davam etdirib. 1921-ci ildə solçu dostları ilə birlikdə Bakıdan Türkiyəyə qayıdarkən Trabzonda həbs olunub və süngü ilə öldürülərək cəsədi dənizə atılıb.

1795-ci ildə Bakıda anadan olmuş Nabat xanım Aşurbəyova isə xeyriyyəçilik fəaliyyəti ilə şöhrət qazanıb. O, Şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləyib, Sabunçu xəstəxanasında kasıb və yеtimlərin müalicəsini öz üzərinə götürüb, Tatar küçəsində (sovеt dövründə Krupskaya, indi isə Topçubaşov küçələri) hamam tikdirib.

Onun ən önəmli xidmətlərindən biri isə Təzəpir məscidini tikdirməsi hesab olunur. Həmin məscidin bənnası isə o zamanlar hələ milyonçu olmayan Hacı Zeynalabdin Tağıyev olub.

1443594476_02 1443594397_01

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR