2500 manat “haqq” tələb edilən “Xoxo”dan açıqlama: “Bəlkə paxıllıq edirlər…”

118941_res_01“Bizim obyektin fəaliyyəti dayandırılmayıb. Həmişəki kimi saat 18:00-dan səhər 06:00-a qədər işləyirik”.

Bunu bir neçə gün əvvəl polislərin gecə saatlarında gəlib bağlamağı tələb etdiyi “Xoxo Lounge” restoranının idarəetmə üzrə menecer assistenti Rəşad Cəbrayılov deyib.

Virtualaz.org saytına danışan restoran əməkdaşının sözlərinə görə, həmin gün polis bölməsinə aparılan şəxs restoranın təhlükəsizlik xidmətinin rəisi olub və aparılandan saat yarım sonra sərbəst buraxılıb: “Bizim heç vaxt polislə problemimiz olmayıb. O hadisə necə baş verdi –  bilmirəm. Hələ ki, təhlükəsizilik xidmətinin rəisi ilə də görüşmək imkanım olmayıb deyə bilmirəm onlar bölmədə nə danışıblar. Bundan öncə də polis heç vaxt müdiriyyətə müraciət edib irad bildirməmişdi”.

Qeyd edək ki, Səbayel Rayon Polis İdarəsi 39-cu polis bölməsinin əməkdaşları restoran sahibindən gecə saat 12-də işi dayandırmağı tələb edib, bunu da “qonşuların şikayət etməsi ilə” izah ediblər. Daha sonra isə restoran sahibinə guya “yazıqları gəlib”. Ona polislərə 2500 manat verəcəyi təqdirdə işləyə biləcəyini deyiblər.

Üzeyir Hacıbəyli küçəsi, 74 ünvanında yerləşən restoranın yalnız bir tərəfində yaşayış binası var.

R.Cəbrayılovun sözlərinə görə, indiyə qədər heç bir qonşu səs-küydən narahat olduğu iddiası ilə onların özünə müraciət etməyib: “Hüquq-mühafizə orqanlarına da yazılı yox, yalnız şifahi şikayət daxil olub. Əslində bura səs-küylü yer də deyil. Karaoke olan hissə tamamilə qapalıdır, heç qapının ağzında dayananda da çölə səs getmir. 3-cü mərtəbədə isə restoran fəaliyyət göstərir, həftənin iki günü canlı musiqi olur. Həzin caz musiqisidir. Diskoteka deyil ki, kimisə narahat etsin”.

R.Cəbrayılov vurğuladı ki, hazırda fəaliyyətlərinə heç bir maneə yoxdur, adi qaydada işləyirlər: “Əvvəl şəhərin başqa yerində fəaliyyət göstərirdik, burada iki aydır ki, işləyirik. Ola bilər ki, bəlkə kimsə paxıllıq edərək şikayət edib. Nə bilmək olar?!”

Xatırladaq ki, 39-cu polis bölməsindən restoranın mühafizə xidmətinin rəisi Bəhmən Məmmədovun saxlanması faktını bir neçə gün öncə də təsdiqləmişdilər. Amma bölmədən polis əməkdaşlarının restorandan hər hansı məbləğdə rüşvət istənilməsi iddiası təkzib olunmuşdu: “Bölmənin heç bir əməkdaşı restoran sahibindən rüşvət tələb etməyib. Bu məlumat düzgün deyil”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR