“Azərsu”dan əhaliyə çirkli suyun verilməsi ilə bağlı AÇIQLAMA ( VİDEO)

383610Dünən axşam saatlarında Nərimanov rayonunun bir hissəsinə (Montin adlanan ərazinin bir hissəsi) bulanıq su verilib. Bu barədə “Azərsu” ASC-yə məlumat daxil olan kimi əraziyə suyun verilişi dayandırılıb.

Milli.Az xəbər verir ki, cəmiyyətin mütəxəssisləri Bakı Sukanal və Nərimanov rayon sukanal idarələrinin əməkdaşları ilə birgə ərazidə olub araşdırma aparıblar. Məlum olub ki, Ceyranbatan-Binəqədi xəttində əvvəlcədən planlaşdırılmış birləşmə işləri ilə əlaqədar Nərimanov rayonunun bəzi hissələrinə suyun verilişi noyabrı 18-i səhər saatlarından dayandırılıb.

Axşam saatlarında əraziyə alternativ istiqamətdən suyun verilişi zamanı borunun ən aşağı hissəsində toplanmış çöküntü müəyən müddətə su təchizatı sisteminə axıb. Hazırda həmin boru yuylub zərərsizləşdirilir. Axşam saatlarına qədər bu işlər başa çatacaq və istehlakçılar təmiz su ilə təmin olunacaqlar.

———–

13:28

Bakının Nərimanov rayonunun bir qrup sakini Milli.Az-a müraciət edərək mənzillərinə verilən içməli suyun keyfiyyətindən şikayət ediblər. Onlar bildiriblər ki, Əliyar Əliyev və Ağa Nemətulla küçələri, xüsusən “Azinko” binalarında su istifadə olunmaz haldadır. Sakinlərin fikrincə, suya kanalizasiya suyu qarışıb.

Hətta faktla bağlı Space TV-nin aprıcısı Zamirə Dadaşova mənzilə gələn suyun hansı vəziyyətdə olduğunu göstərmək üçün facebook səhifəsində videomaterial da yerləşdirib. Jurnalist yazır: “Bu bizə verilən su. Dəhşətdir. “Azərsu”nun rəhbərinə aparıb verəcəm, övladları ilə içsinlər”.
Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Bakının Montin qəsəbəsində mənzillərə çirkli suyun verilməsi faktı həqiqətən də qeydə alınıb: “Amma bu, kanalizasiya suyu deyil. Bu, el arasında deyilən paslı su olub. Hazırda problemin olduğu deyilən ərazilərdə suyun verilməsi dayandırılıb. Heydər Əliyev prospektindən aşağıda, həm Ağa Nemətulla, həm də Hacıyev küçələrində araşdırma aparılması və problemi aradan qaldırmaq üçün əraziyə xüsusi qrup göndərilib. Səbəb aydınlaşan kimi problem qısa bir vaxtda aradan qaldırılacaq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR