İlqar Abbasovun nümayəndəsi RİH-nə yalan məlumat verib

скачанные файлыAğasəlim Əliyevin Suraxanı RİH başçısını təmsil etdiyi Hövsan qəsəbəsində qanunsuzluq və özbaşınalıq hökm sürür
Yeni əldə etdiyimiz məlumatlarda Bakının Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağasəlim Əliyevin yol verdiyi özbaşınalıq hallarından bəhs olunur. Belə ki, bu günlərdə redaksiyamıza ərizə ilə müraciət etmiş vətəndaş Kazımov Şirməmməd Əjdər oğlu icra nümayəndəliyinin rəhbərini bəzi vətəndaşlarla əlbir olaraq qanunsuz hərəkətlər törətməkdə və yaranmış mübahisəli vəziyyətdə qərəzli mövqey tutmaqda ittiham edir. Öz ərizəsində Şirməmməd Kazımov bildirir ki, o, hələ 1993-cü ildə Hövsan qəsəbəsi, 1 saylı Zeytun sovxozu tərəfindən ona verilmiş 10 sot torpaq sahəsinin və bu sahədə tikilmiş evin alqı-satqısı barədə qohumu Əliyev Niyaz Məhərrəm oğlu ilə, 2003-cü ildə şifahi razılaşma əldə edib. Həmin razılaşma əsasında Niyaz Əliyev torpaq sahibinə 2500 ABŞ dolları məbləğində beh ödəyib. Qərara alınıb ki, məbləğin qalan hissəsi tkilən ev tam hazır olandan sonra ödəniləcək və alqı-satqı aktı da rəsmiləşdiriləcək. Bundan sonra Niyaz Əliyev Rusiyaya işləməyə yollanır və bir də yalnız üç ildən sonra Azərbaycana dönür. Həmin vaxt artıq Şirməmməd Kazımov da evinin natamam işlərini başa çatdırmış olur. Lakin bu zaman Niyaz Əliyev nə aralarında qalmış 1500 ABŞ dolları məbləğində pulu ödəməyə, nə də verdiyi behi geri almağa razılaşmır. Bunun əvəzində Niyaz Əliyev öz qohumundan guya ki, ondan artıq pul tələb etdiyinə görə polisə şikayət edir. Şikayətə həmin vaxt Suraxanı RPİ-də müstəntiq işləyən mayor Yaşar Ağammədov baxır. Bu əməkdaşın hal-hazırda harada işlədiyi barədə məlumatımız olmasa da, Yaşar müəlimin bu məsələyə münasibətini öyrənmək çox maraqlı olardı. Məsələ bundadır ki, Şirməmməd Kazımov həmin vaxt müstəntiq tərəfindən əsassız yerə ittiham olunaraq və hətta ailəsinə belə xəbər verilmədən Şüvəlan təcridxanasına göndərildiyini bildirir. Qeyd edək ki, şikayətçinin həmin vaxt artıq 61 yaşı olub. Yalnız 41 gündən sonra, həm də vəkilin səyləri nəticəsində Şirməmməd Kazımov öz evinə qayıdıb. Bu müddətdə isə, Niyaz Əliyev öz ailəsilə birlikdə pulunu ödəmədiyi evə yerləşib. Bundan sonra tərəflər arasında məhkəmə çəkişmələri başlanır. Nəhayət 2013-cü ildə, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Niyaz Əliyevin verdiyi beh özünə qaytarılır, mübahisəli ev isə boşaldılaraq, yenidən Şirməmməd Kazımova təhvil verilir. Lakin məsələ bununla da bitmir. Belə ki, Niyaz Əliyev əldən çıxardığı evə görə, öz qohumunu davamlı olaraq narahat etməyə başlayır. Hətta bu işləri daha təsirli etmək üçün, o, Şirməmməd Kazımovun evinin bilavasitə qonşuluğunda dövlətə məxsus 20 sot torpaq sahəsini qeyri-qanuni zəbt edərək, orada özünə ev də tikir. Bundan sonra “qonşunu bezdirmək” əməliyyatı daha da intensivləşir. Şirməmməd Kazımov qeyd edir ki, qonumunun ondan etdiyi əsassız “şikayətləri” araşdırmaqdan artıq Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin əməkdaşları da zinhara gəliblər. Bütün bunlardan sonra, artıq Şirməmməd Kazımov da müəyyən tədbir görməyə qərar verir və qonşuluqda qanunsuz ev tikilməsi faktını Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağasəlim Əliyevin diqqətinə çatdırır. Bu xüsusda şikayətçi bizə Ağasəlim Əliyev tərəfindən müxtəlif tarixlərdə imzalanmış 3 məktubun surətini təqdim edib. Bu məktublardan ikisi 28.03.2014-cü il və 22.12.2014-cü il tarixlərində Şirməmməd Kazımova və onun ailəsinə ünvanlanıb. Məhz bu iki məktubda təsdiq olunur ki, Niyaz Əliyev həqiqətən də dövlətə məxsus 20 sot torpaq sahəsini qanunsuz olaraq zəbt edib və üzərində yaşayış üçün ev tikib. Həm də məktublarda vurğulanır ki, həmin torpaq sahəsi vətəndaşdan geri alınacaq. Lakin aradan xeyli müddət keçsə də, buna əməl olunmur. Bundan sonra, Şirməmməd Kazımov artıq birbaşa Suraxanı RİH-nə müraciət edir. Təbii ki, icra hakimiyyətindən də məsələni araşdırmağı ehtimalla, Ağasəlim Əliyevə həvalə edirlər. Elə icra nümayəndəsinin 08.07.2015-ci il tarixində imzaladığı üçüncü məktub da məhz “araşdırmanın” nəticəsi kimi Suraxanı RİH başçısının 1-ci müavini Rəşad Hacıyevə ünvanlanıb. Amma məsələ bundadır ki, bu məktubun məzmunu Şirməmməd Kazımova göndərilən məktublardan kəskin formada fərqlənir. RİH-nə ünvanlanan məktubda Ağasəlim Əliyev yazr: “Məlumat üçün bildirirəm ki, Şirməmməd Kazımovun məqsədi müxtəlif bəhanələrlə konfliktdə olduğu qonşuları Dilşad və Niyaz Əliyevlərin oradan çıxarılmasına nail olmaq və onların istifadəsində olan torpaq sahəsinə sahib çıxmaqdır!” Aydın görünür ki, Ağasəlim Əliyev ya Şirməmməd Kazımova, ya da Rəşad Hacıyevə bilərəkdən yalan məlumat verib. Amma istənilən halda, icra nümayəndəsi bu yalan məlumatı öz şəxsi imzası ilə təsdiqləyib. Digər tərəfdən də isə, məhz sonuncu məktubun mətnindən məlum olur ki, Ağasəlim Əliyevin icra hakimiyyətini təmsil etdiyi ərazilərdə tam olaraq qanunsuzluq və özbaşınalıq hökm sürür. Əgər belə olmasaydı, vətəndaşların, həm də yerli sakinlərin deyil, digər bölgələrdə qeydiyyatda olan şəxslərin burya gələrək dövlətə məxsus torpaqlara belə asanlıqla sahib çıxmaları və hətta həmin sahələri öz aralarında mübahisə obyektinə çevirmələri normal hal kimi qəbul edilməzdi.
Ümid edirik ki, ən azından Suraxanı RİH başçısının 1-ci müavini cənab Rəşad Hacıyev bu məsələnin tez bir zamanda araşdırılması üçün lazımı addımları atacaq. Həmçinin inanırıq ki, istənilən halda yalan məlumata imza atan məmuru bu əmələ sövq etmiş səbəblər aşkarlanacaq və Ağasəlim Əliyevin bu hərəkətinə obyektiv qiymət veriləcək.

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR