Təyyar Məmmədov dövlətin qanunlarına qarşı çıxır?

6c2edbf16b22Ucar Neft Bazasının direktoru 6 maşını yararsız hala saldığı avtoqəzadan heç bir nəticə çıxarmayıb Onun rəhbərlik etdiyi müəssisədə “təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması” qaydalarına əməl olunmur “Socar Petroleum” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) neft bazalarında mövcud olan problemlərlə bağlı məsələlər tez-tez medianın gündəminə gətirilir. Son vaxtlar bu quruma tabe olan bəzi neft bazalarında qanun pozuntularının sayı kəskin şəkildə artıb. Bu isə o deməkdir ki, ya QSC-nin baş direktoru Toğrul Seyidov işinə normal münasibət göstərmir, ya da bəzi neft terminallarının rəhbər işçiləri ona tabe olmaq istəmirlər. Müxtəlif problemlərin yaşandığı müəssisələrdən biri də Ucar Neft Bazasıdır. Xatırladaq ki, bazanın direktoru Təyyar Məmmədov bu ilin yayında dəhşətli yol qəzası törətmiş və 6 maşını yararsız hala salmışdı. Qeyd edək ki, hadisə Ucar rayonunun dörd yol deyilən ərazisində baş vermişdi. Hadisəyə səbəb Ucar Neft Bazasının direktoru Təyyar Məmmədova məxsus olan 99 AA 225 dövlət nömrə nişanlı “Toyota Corolla” avtomobili idi. Xüsusi avtomobil olsa da, qanunsuz olaraq hökumət nömrəsi ilə hərəkət edən həmin avtomobil saatda təxminən 180-200 km sürətlə gələrək qəza yaradıb. Nəticədə dayanmış vəziyyətdə olan 5 ədəd avtomobilə ciddi zərər dəyərək yararsız vəziyyətə düşüb. Maraqlıdır ki, bu hadisə ictimailəşəndən dərhal sonra neft bazasının direktoru avtomobili guya avtoyuma məntəqəsində işləyən şəxsin qəzaya saldığını bildirmişdi. Lakin hadisə şahidlərinin bildirdiyinə görə isə qəza baş verən zaman sükan arxasında avtoyuma məntəqəsinin işçisi yox, direktor özü olub. İddialara əsasən, baza rəhbəri kimlərinsə, yaxud nəyinsə yardımı sayəsində bu hadisədən özünü sığortalamağı bacardı.

Redaksiyamıza daxil olan məlumatlarda isə bildirilir ki, məlum avtoqəzadan sonra direktor heç bir nəticə çıxarmayıb: “O həm Ucarda, həm də ətraf rayonlarda avtomobil idarə edərkən yol hərəkəti qaydalarının tələblərinə əməl etmir. Yol polisləri əməkdaşları neçə dəfə onu saxlamağa cəhd göstəriblər, amma hər dəfə direktor tabesizlik göstərib. Artıq neçə ildir ki, Ucar Neft Bazasının direktoru işləyir. Ucar, Bərdə, Yevlax, Zərdab, Kürdəmir və Göyçay rayonlarında yerləşən yanacaqdoldurma məntəqələrinin bir çoxu yanacağı məhz bu bazadan götürürlər. Bazaya yanacaq “Socar Petroleum”dan gəlir. Həmin yanacaq vasitələri məntəqələrə bir neçə qat bahasına satılır. Bazada işləyən şəxslərin böyük hissəsi direktora yaxın adamlardır. Baza rəhbəri öz adamlarının vasitəsilə müəyyən işləri rahatlıqla həyata keçirməyi bacarır. Təyyar müəllim əlindəki vəzifə imkanlarından maksimum şəkildə istifadə edərək özü üçün demək olar ki, hər şərait yaradıb. Onun Ucar rayonunda yanacaqdoldurma məntəqəsi, avtomobil təmiri sexləri, böyük super-marketi, əkin sahələri və ferması var. Deyilənə görə, baza direktorunun Bakıda da mənzili var”.

Etibarlı mənbənin sözlərinə görə, Ucar Neft Bazasında texniki normalara əməl edilməməsi təhlükəli vəziyyət yaradıb: “Belə ki, bazanın marşrutunu əhatə edən fərdi yaşayış evlərinin bir neçə metrliyində yanacaq vaqonlarından maşınlara yanacaq boşaldılır. Hansısa bədbəxt hadisə baş versə, bundan ətrafda yaşayan insanlar ziyan görəcək. Onu da deyim ki, bazada avtomobillərə vurulan yanacaq gözəyarı hesablanır. Halbuki, mövcud qaydalara əsasən, yanacaq maşınlara sayğac vasitəsilə boşaldılmalıdır. Nə qədər qəribə səslənsə də, Ucar Neft Bazasında sayğac yoxdur. Direktor yanacağın maşınlara sayğacsız boşaldılmasına şərait yaratmaqla bəzi maraqlarını təmin edir. Belə olan təqdirdə tonlarla yanacaq hesabdan silinir”. Mənbəmiz həmçinin bazada “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması” qaydalarına riayət edilmədiyini vurğuladı: “Burda çalışan sürücülərin heç biri təhlükəli yükün daşınması marşrutunun tələblərinə əməl etmir. Bu marşrutda yükün texniki adı, sinfi və yarısinfi, təcili tədbirlər kodu, yükün çəkisi, təhlükəli yükü eyni vaxtda daşıyan nəqliyyat vasitələrinin sayı göstərilməlidir. Bu tip yüklər Baş Dövlət Yol Polisi İdarəsinin və Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyinin rəhbərliyinin razılığından sonra daşına bilər. Təyyar Məmmədov isə bu qaydaları pozaraq öz bildiyi şəkildə iş görür”. Başqa bir məlumatda Ucar Neft Bazasında çalışan şəxslərin bir hissəsinin əmək müqaviləsinin olmadığı bildirilir. Bu haqda gələn saylarımızda ətraflı məlumat verməyə çalışacağıq. Bizi izləyin. Qarşı tərəfin də fikirlərini işıqlandıra bidərik.

gundelik-baku.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR