Barakın dərdi var, Barak xəstədir!

12404283_1711882795724279_1588921140_nManatın növbəti dəfə devalvasiyasından sonra, qiymətlərdən çox sosial şəbəkələrdə sarkazmın səviyyəsi artdı. Amma bu, heç də yumor hissindən doğmur.

Yeniyetmə vaxtımda bir dəfə Xırdalanda yeganə övladını, qəzaya düşən oğlunu yola salan ananın həm ağlamasına, həm də gülməsinə şahid olmuşdum. Bu qadın havalanmışdı. Bilmədən ağlayır, bilmədən gülürdü… Bu, havalanmaqdır. O vaxtdan, hər dəfə bəd xəbər eşidəndə o qadının ağlaması-gülməsi yadıma düşür.

Xalqıma “havalanıb” deməyəcəm. Amma “Facebook”dakından fərqli olaraq, real həyatda, ictimai nəqliyyatda insanların simasına, əhval-ruhiyyəsinə baxmaq kifayət edir.

Ölkədəki vəziyyəti, süni bahalaşmanı, büdcədəki durumu təhlil etməyəcəm… Buna ehtiyac da yoxdur.

Dollar 50 qəpik bahalaşıb deyə, siqaretin hər qutusunun qiymətinə 1 manat əlavə edən işbazları da qınamayacam.

Hətta, öz biznes obyektlərini, restoranlarını unudub xalqa qənaət etməyi öyrədən deputatların mətbuata bu cür mənasız açıqlamalar verəndən sonra nahara və şama nə sifariş etməsini də sorğu-sual etməyəcəm.

Heç onu da yada salmayacam ki, əsas vəzifəsi xalq üçün gərəkli qanun layihələri hazırlamaq olan deputatlarımız bütün enerji və yumor hissini Barak Obamaya “diss” atmağa sərf edirlər…

Sadəcə onu deyəcəm: Artıq bəsdir, kreditlərdən, sosial problemlərdən, bahalıq və işsizlikdən əziyyət çəkən insanlar sizdən bircə dəfə “insani rəftar” tələb edirlər.

İnsanlıqmı? Bəli, ona humanizm deyirlər.

Öz insanlarınıza insan kimi davranın, hörmətli deputatlar, möhtərəm məmurlar!

Xalqın səbri zəm-zəm suyu deyil… Bitə, tükənə bilər.

Barak Obama barədə isə unudun. Onun öz dərdi var. Öz problemləri var…

Sizin isə… Deyəsən, heç dərdiniz yoxdur.

Ordan bir “gamsız hayat” şarkısı… Hadı Rəcəblini də “tag” etməyi unutmayın!

Rüfət Əhmədzadə

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR