“Dolların bahalaşması Bakıda avtomobildən istifadə edənlərin sayını azaldıb”

48230Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-oktyabr aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 25 min 882 ədəd, yaxud 2,2 dəfə azalaraq 21 min 497 ədədə düşüb. Avro 4 standartına keçid, kreditlərin sərtləşdirilməsi, dolların bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi avtomobil idxalının azalması ilə nəticələnib.
Dövlət Statistika Komitəsinin məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanov Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, minik avtomobilləri daha çox Almaniya, Yaponiya, Koreya, Çin, ABŞ, Rusiya, Türkiyə, Birləşmiş Krallıq və Tailanddan idxal olunub. Onun sözlərinə görə,  2010-cu ildə ölkəyə 51 824, 2011-ci ildə 64 916, 2012-ci ildə 89 652, 2013-cü ildə 94 879, 2014-cü ildə isə 57 615 ədəd avtomobil idxal edilib. Digər məlumata görə, 2015-ci ilin yanvar ayında 3870, fevral ayında 3161, martda 2225, apreldə 2484, mayda 2172, iyunda 1833, iyulda 1600, avqustda 1476, sentyabrda 1565, oktyabr ayında isə 1111 ədəd minik avtomobili idxal olunub. Rəqəmlər kəskin azalmadan xəbər verir. Bəs, ekspertlər nə düşünür? İli avtomobil bazarı üçün necə xarakterizə edirlər?
Ekspert Ramil Osmanlı Azərbaycan üçün gərgin iqtisadi müstəvidə keçən və son günlərini yaşadığımız 2015-ci ilin yekunları ilə bağlı avtomobil bazarına dair şərh verib. O, ili müsbət yöndə xarakterizə etməyib: “2015-ci il müsbət xarakterizə oluna bilməz. Çünki bütün göstəricilərdə azalma müşahidə edilib.
Ötən illərlə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı kəskin azalıb. İdxalın azalması ilə yanaşı, alıcılıq qabiliyyətinin, alıcı sayının aşağı düşməsi, avtomobil bazarı üzrə problemli kreditlərin həcminin artması müşahidə olunmaqdadır. Azərbaycanın makroiqtisadi göstəricilərinin azalması istehlak bazarında olduğu kimi, avtomobil bazarına da təsirini göstərməkdədir.
Ötən ildən avro standartlara keçid, avtomobil bazarına kreditlərin verilməsi ilə bağlı Mərkəzi Bankın məhdudlaşdırıcı qərarları mənfi təsir göstərmişdisə, baş verən iqtisadi proseslər fonunda vəziyyət daha da ağırlaşıb. 2013-1014-cü illərlə müqayisədə 2015-ci ilin göstəriciləri kifayət qədər geriləyib. 2015-ci ildə sadaladığım qərarlarla yanaşı, manatın iki dəfə devalvasiyaya uğraması problemi daha da dərinləşdirdi”.
Ramil Osmanlı deyib ki, ilin yekununda idxal olunan avtomobillərin sayının 35 min civarında olması gözlənilir: “Çünki 10 ayın nəticələrinə görə rəqəmlər heç 30 minə çatmır. Əgər 2012-2013-cü il üzrə idxal edilən avtomobillərdə minik avtomobillərinin çəkisi 90 faizi ötürdüsə, 2015-ci ilin 10 ayının statistikasına əsasən bu rəqəm 73 faiz civarındadır. Yəni ölkəyə idxal edilən nəqliyyat vasitələri içərisində minik avtomobillərinin xüsusi çəkisi xeyli enib.
Bundan başqa, Gürcüstandan Azərbaycana avtomobil idxalı 3 dəfəyədək azalıb. Avro standartların tətbiqi Gürcüstandan Azərbaycana avtomobil idxalını tamamilə iflic vəziyyətinə salıb.
Rəsmi nümayəndəliklər tərəfindən idxal olunan nəqliyyat vasitələrinin sayı təkrar üzrə idxal olunan avtomobillərin sayından çoxdur. Bu da onu deməyə əsas verir ki, Gürcüstan və digər ölkələrdən Azərbaycana gətirilən ikinci əl avtomobillərin sayı 2 dəfədən də çox azalıb”.
İkinci devalvasiyanın fəsadlarından sonra maşın bazarında ucuzlaşma müşahidə edilir. Məntiqi baxımdan avtomobil almaq üçün əsl məqamdır.
Çünki bundan sonra idxal ediləcək avtomobillər yeni məzənnə ilə alınacağından hazırkı qiymətləri bir daha görməyə bilərik. Amma Ramil Osmanlı ucuzlaşma olmasına baxmayaraq, avtomobillərin real qiymətindən çox baha olduğu qənaətindədir: “Sahibkarlar daha çox mənfəət güdmək niyyətindədirlər. Azərbaycan kimi ölkələrdə bu daha çox hiss olunur. Çünki qeyri-leqal xərclər daha qabarıqdır.
Bu baxımdan, avtomobil istehsal etməyən ölkələrlə müqayisədə Azərbaycanda avtomobilin qiyməti çox yüksəkdir. Bu da alıcılıq qabiliyyətinin aşağı düşməsinə təsir göstərir.
Nəticə ondan ibarətdir ki, gömrük rüsumlarının hədsiz dərəcədə yüksək olması səbəbindən avtomobil qiymətləri real dəyərindən çox yüksəkdir, alıcılıq qabiliyyəti tələblə adekvat deyil. Nəzərə alaq ki, avtomobilə tətbiq olunan vergi rüsumları təqribən avtomobil istehsalçısı olan Rusiya ilə müqayisədə də yüksəkdir”.
Ekspert bildirib ki, şəhərdə avtomobildən istifadə kifayət qədər azalıb:
“Avtomobili olan insanlar maksimum dərəcədə onu qoruyub saxlamağa çalışacaqlar. Kreditlə nəqliyyat vasitəsi alanlar ödənişi edə bilmədiklərindən avtomobilləri əlindən çıxır. Eyni zamanda, tədricən iqtisadi vəziyyətin gərginləşməsi avtomobildən istifadəni azaldır.
Vəziyyət gərginləşdikcə, insanlar nəqliyyat vasitəsini sataraq öz problemlərini həll etməyə çalışırlar. Bütövlükdə iqtisadiyyatın zəifləməsi, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, istehlak bazarlarında inflyasiyanın həddinin yüksək səviyyəyə çatması avtomobilləşməyə mənfi təsir göstərir ki, bu da mövcud avtomobil parkının istifadəsini belə məhdudlaşdırır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR