Min manatlıq “yolkalar” və bahalı şaxta babalar – FOTO-CƏDVƏL

240427Yeni ilin yaxınlaşması ilə əlaqədar mağazalarda bayram hədiyyələrinin və ləvazimatlarının satışına başlanıb. Bu, vətəndaşları razı salsa da, ancaq mağazalardakı qiymətlər heç də hər kəsin cibinə uyğun deyil.
Anspress-in məlumatına görə, bayramda ən çox satılan küknar ağacı (yolka) və bayram hədiyyələrinin qiyməti kifayət qədər bahadır. Belə ki, mağazalarda apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bayramın simvolu sayılan küknar ağacının qiyməti 20 manatdan başlayır, 1000 manata qədər yüksəlir. Satıcıların sözlərinə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5%-ə yaxın bahalaşma deməkdir.
Yeni il ləvazimatlarının satışı ilə məşğul olan Mahir adlı şəxs deyir ki, bahalaşmaya səbəb manatın ucuzlaşmasıdır: “Hazırda 120 manata satılan küknar ağacı keçən il 80-100 manat idi. İndi onu daha baha aldığımız üçün məcburuq biz də baha sataq. Həm də axı bu mövsümi bayramdır. İl ərzində bir dəfə qeyd edildiyi üçün biz də bu bayramda qazanmağa çalışırıq”.
Qiymətlərin müqayisəli cədvəli
Satıcılar “yolka”-ları bəzəmək üçün lazım olan əşyaların qiymətlərində də artım olduğunu deyirlər. Ötən il orta böyüklükdə olan bir küknar ağacını bəzəmək üçün insanlara 50-55 manat kifayət edirdisə, indi 60-70 manat arası pul xərcləmək lazımdır.
Bayram hədiyyələri də kifayət qədər bahadır. Təkcə şaxta baba maskası insanlara 20 manata təklif edilir.
Alıcılar da qiymətlərin baha olmasından şikayət edirlər. Məsələn, şəhər sakini Telli Mirzəzadə deyir ki, ailəsi üçün şam ağacı almaq istəsə də, baha olduğundan ən kiçiyini seçməli olub.
“Düzdür, cibimizə uyğun olan küknar ağacı ən balacalarından biridir. Ancaq bu, ildə bir dəfə qeyd olunan bayram olduğu üçün cibimizdən bir az fədakarlıq etməyə məcbur oluruq. Həm də axı uşaqlara demək olmur ki, bizim böyük “yolka” almağa pulumuz çatmır. Ancaq ötən illə müqayisədə qiymət artımı, təbii ki, gözə çarpır. Qiymətlər baha olduğu üçün hədiyyələr barədə hələlik düşünmürəm. Çünki hələ bayram süfrəsi bazarlığında nələrlə qarşılaşacağımızı bilmirik”.
Mağazalarda apardığımız araşdırmalar zamanı məlum oldu ki, aylıq maddi gəliri 600-700 manat olan bir ailə adi bir “yolka” almaq üçün 80-100 manat, onu bəzəmək üçün bəzək əşyalarına 35-50 manat, hədiyyə almaq üçün isə ən azı 80-100 manat xərcləməlidir. Alıcıların dediyi kimi, bayram süfrəsi üçün ərzaqları alarkən hansı sülprizlərlə qarşılaşacağımız hələlik məlum deyil.
Amma topdansatış və şəhər mərkəzindən uzaq mağazalarda daha ucuz qiymətə bayram ləvazimatları tapa bilərsiniz.
Bayram “yolka”larının və hədiyyələrinin qiymətini təqdim edirik:
Ən böyük küknar ağacı – 850 AZN
Ən kiçik küknar ağacı – 20 AZN
Şaxta baba kuklası – 150 AZN
Şaxta baba maskası – 20 AZN
Şaxta baba və qar qız gəlincikləri – 20 AZN
Şaxta baba – 220 AZN
Bayram bəzəkləri – 5-25 AZN

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR