
Haşiyə: Sabir Ələsgərli diktor kimi ilk dəfə 1962-ci ildə dövlət radiosunda çalışıb. 1972-ci ildən isə uzun illər televiziya diktoru kimi işləyərək səsi və səlis diksiyası ilə tamaşaçıların rəğbətini qazanıb. Uzun illər AzTV-də çalışan diktor 2006-cı ildə ANS-də 5 il mütəxəsis kimi çalışıb, elə həmin kanalda “Sabiranə” verilişinin aparıcılarından biri olub. Hazırda Sabir Ələsgərli Milli Televiziya və Radio Şurasında ekspert qismində fəaliyyət göstərir.
Əməkdaşımız tanınmış diktordan səhhətinin hazırki durumu və son fəaliyyəti barədə kiçik müsahibə alıb. Müsahibəni təqdim edirik:
-Sabir bəy, səhhətinizin hazırkı vəziyyəti barədə danışardız.
-Bir balaca xəstələnmişdim. Həkimlər mədəmdə xəstəlik aşkar etmişdilər. Müalicə aldım, hazırda qorxulu bir şey yoxdur, hər şey yaxşılığa doğru gedir.
-Hazırki jurnalistika sizi qane edirmi?
-Jurnalistika elə bir sənətdir ki, gərək hər gün yeni, maraqlı verilişlər, layihələr olsun ki, insanlar da hər şeydən hali ola bilsin. İndiki verilişləri bəyənmirəm, çünki əksəriyyəti eyni tipdədir.
-Hansı televiziya kanallarını izləyirsiz?
-Bütün xəbərləri izləyirəm. Lakin aparıcılar xəbərləri yaxşı oxumurlar, bütün xəbərlər eyni səs tonunda təqidm edilir. Xoş xəbərlə bəd xəbəri ayırd etmək olmur. Xəbəri səs tonu və mimika ilə çatdırmaq lazımdır. Nəsə bizdə belə şeylər yoxdur…
Çox yaxşı olardı ki, köhnə, savadlı aparıcılarımız olan Ofeliya Sənani, Roza Tağıyeva və digərlərindən gənc kadrların yetişdirilməsində istifadə edilsin.
-Müğənnilərin aparıclıq etməsinə münasibətiniz necədir?
-Mən bununla razı deyiləm. Müğənnisənsə get müğənniliyini et, sənin aparıcılıqda nə işin var?! Aparıcı jurnalistikanı bitirməli, xüsusi kurs keçməli, təqdim etdiyi mətni, verilişin özəyini yaxşı bilməlidir. Amma çoxları çıxıb verilişdə səthi, yüngülvari danışırlar. Elə aparıcı var ki, danışmır, çığırır. Belə şeylərə diqqət edilmir.
-Bir müddət aradan sonra sizi ANS-in efirində, “Sabiranə” verilişində gördük. Lakin sonra yenidən efirlərdən uzaqlaşdız.
-5 ilə yaxın ANS-də gənc kadrlarla işlədim. Hazırda isə yaşlaşmışam. Artıq 78 yaşım var, indi işləməyin nə faydası var?
Bu yaxınlarda məni Milli Telviziya və Radio Şurasında İsrafil İsrafilovun yanında işləməyə dəvət etdilər. Hazırda orda ekspert kimi fəaliyyət göstərirəm, birlikdə verilişləri təhlil edir, televiziya kanallarına öz tövsiyələrmizi veririk.