Çingiz Abdullayev: “MTN-in təklifindən imtina etdim”

243096Qafqaznews.az  yazıçı Çingiz Abdullayevin “Kulis”ə müsahibəni təqdim edir.
– Çingiz müəllim ötən ili necə qiymətləndirirsiz? Sizin üçün necə il oldu?
– Mənim üçün çox uğurlu il oldu. Düzdür, manat iki dəfə devalvasiyaya uğrayıb, bu da işlərimizi bir qədər qəlizləşdirib. Bu il beynəlxalq mükafat (MDB ölkələrinin ulduzu) aldım, “Neftçi”yə gəldim. Sonra da Qara dəniz və Xəzər dənizi Əməkdaşlığı və Tərəfdaşlığı Beynəlxalq Fondunun Prezidenti oldum. Mənim əsərim əsasında rejissor Yavər Rzayev çəkdiyi filmin çəkilişləri bitdi, martda təqdimatı olacaq. Yəni şəxsi mənada pis il olmadı, amma təbii mən azərbaycanlıyam, bu baxımdan deyə bilmərəm ki, müsbət il oldu. Bir məsələ də var; bu böhran təkcə bizə aid deyil, bütün dünyaya aiddir. Bunu da çox yaxşı başa düşürəm.
– Ötən il “Neftçi”nin prezindenti seçildiniz. “Neftçi”də nə yeniliklər eləmisiniz?
– Mən gələn kimi qərara gəldik ki, birinci növbədə cavan futbolçular yetişdirməliyik. Çünki “Neftçi” Azərbaycanın brendidir və bu brendin adı altında daha çox azərbaycanlılar oynamalıdır. Mən gələndə “Neftçi”dən bir nəfər də milli komandada da oynamırdı, indi doqquz nəfər oynayır. Amma çətinliklər də var. Biz xarici oyunçular almaq istəsək də, problemlər yaşayırıq, onlara maaş dollarla ödənilməlidir.
– Siz həm də məhsuldar yazıçısız, yüz doxsan…
– Dörd.
– Mən yüz doxsan üç bilirdim.
– Bax yüz doxsan dörd kitabın hamısı burdadır (əlilə kitab rəfini göstərir-red.).
– Yəni demək istəyirdim ki, məhsuldar yazıçı olmaqla yanaşı beynəlxalq təşkilatlarda təmsil olunursuz, AYB-də katibsiz. Üstəlik ötən il “Neftçi”yə prezident gəldiniz. Bu ehtiyac haradan yarandı?
– Mənə təklif elədilər, qəbul elədim. Bəlkə o biri klublar təklif etsəydilər qəbul etməzdim, amma “Neftçi” bizim rəmzimizdir, buna görə də təklifi geri çevirmək olmazdı. İstəyirəm bir misal gətirim. Bu əlimdəki sənəd Real Madridin “Annual Report”udur, klubun prezidenti mənə məktubla bir yerdə göndərib. İndi mən ona məktub yazacam, məktuba da ispan və fransız dillərində olan kitablarımı əlavə edəcəm.
– Sizin əsərlərinizi oxuyub, bilmirsiz?
– Onu bilmirəm. Sözümü nəyə gətirirəm? Mən hesab edirəm ki, öz nüfuzumla “Neftçi”yə kömək edə bilərəm. Buna görə razılıq verdim.
– Bəs yazıçı kimi vaxtınıza heyfiniz gəlmədi?
– Mən uşaqlıqdan futbolu sevirəm. Məndən çox adam soruşur ki, sənin futbola getməyə vaxtın var? Nəinki futbola, hətta məşqlərə də gedirəm.
– Məşqlərdə iştirak edirsiniz.
– Nəinki məşqlərdə, keçən il iki dəfə Avstriya və Türkiyədə komandanın toplanışı olub, ikisinə də getmişəm.
– Futbolla əlaqədar beynəlxalq tədbirlərdə, görüşlərdə yazıçı Çingiz Abdullayevi görəndə təəccüblənirləmi?
– Yox. Adətən klub prezidentləri məşhur adamlar olur. Məşqçi olsaydım təəccüblənərdilər, mən axı Müşahidə Şurasının sədriyəm.
– Ötən ili yaradıcılıq baxımından necə dəyərləndirirsiz?
– 2015-ci ildə ispan, fransız, serb, xorvat, latış dillərində kitablarım çıxıb.
– Anar müəllim bu yaxında APA-ya müsahibəsində qeyd etdi ki, böyük əsərlərini ancaq yayda məzuniyyət zamanı yazır, qalan vaxtlarda isə kiçik məqalələr üzərində işləyir. Sözüm ona, indi bir çox qələm adamı vaxt darlığından şikayət edir. Bəs sizdə necədir? Bu qədər işin içində, belə məhsuldar olmağı necə bacarırsız?
– Anar müəllim məndən iyirmi yaş böyükdür. Bəlkə məndə onu yaşına çatanda daha az işləyəcəm. Amma bu gün işləyirəm. Mən on səkkiz təşkilatın ya rəhbəri, ya da həmsədriyəm.
– Gün ərzində…
– Üç saat yatıram. Bax bu gün saat altıda yatıb doqquzda qalxmışam. Şənbə-bazar düzdür, bir az çox yatıram.
– Nə qədər?
– Altı-yeddi saat yatıram. İnanmıram mənim kimi işləyən adam ola. Azərbaycanda elə yazıçı yoxdur ki, 10 romanı olsun, mənsə 194-ünü yazmışam.
– Tutalım, bu gün səhər durub “Neftçi”yə gəlmisiz. Burda görüşdük. Sonra nə edəcəksiz? Ümumiyyətlə günün hansı saatı yazırsız, hər günmü yazırsız?
– Hər gün yazmıram. Amma səhər ümumiyyətlə doqquzda durmuram. Səhərlər günüm belə olur: On birə yaxın dururam, Yazıçılar Birliyinə gedirəm. Orda iki saat oturandan sonra bura – “Neftçi”yə – gəlirəm. “Neftçi”də iki-üç saat oturandan sonra yenidən Yazıçılar Birliyinə qayıdıram. Orda da beşə kimi oturandan sonra tədbirlərə gedirəm. Tədbirlərsiz günüm olmur. Axşamlar həftədə bir dəfə “Neftçi” də qarşılaşma olur. Axşam evə gəlib səkkiz-ya doqquzda iki saat yatıram, sonra durub səhərə kimi işləyirəm; ya kitab yazıram, ya da oxuyurum, səhər altı-yeddiyə kimi.
– Yazanda çay, qəhvə və ya spirtli içkilərdən istifadə edirsiz?
– Mən indiyəcən bir siqaret belə çəkməmişəm. İçki ilə isə bir o qədər aram yoxdur, cavanlıqda idmanla məşğul olmuşam deyə içkidən uzaq durmuşam. Anar müəllim tez-tez zarafat eləyir ki, gəlin Çingiz müəllimin xanımını sevindirək; onu içirdək, qoy arvadı 30 il ərzində bir dəfə onu sərxoş görsün, görməyib hələ (gülür). Qəhvə də içmirəm. Amma çayı çox sevirəm. Səhər evdə mənim kabinetimə gələndə görürlər ki, stolumda 10-15 fincan çay var. Yəni gecə boyu hər dəfə təzə fincan götürüb çay süzmüşəm. Xaricə gedəndə də iki şey mənimlə olmalıdır: notbuk və elektrik çaynikim. Mən çay içməsəm işləyə bilmirəm.
– Deyəsən yazmağa başlayanda masadan qalxmırsız.
– Elə çox olub. İnanmırlar. Dəfələrlə 27-28 saat masadan qalxmamışam. Bu saatlar ərzində dörd-beş dəfə beş dəqiqəlik zəruri ehtiyaclar üçün fasilə edirəm, qalan vaxtı masadan qalxmıram.
– Nə zaman belə edirsiniz? Əsəri bitirmək üzrə olanda, yoxsa təzə başlayanda və ya elə oturub yazmağa başlayırsınız, bir də bitirəndə masadan ayrılırsınız?
– Əsəri başlayanda, ilk on-iyirmi səhifəni yazmaq çətin olur. Adətən son 50 səhifəni yazanda belə edirəm.
– Orhan Pamuk son kitabından sonra müsahibəsində dedi ki, bozaçılar haqqında məlumat toplamaq üçün universitet tələbələrini müsahibələr, material toplamaq üçün göndərirmiş. Sizin də köməkçiləriniz var?
– Yox. Çox istərdim olsun, təəssüf ki, materialı özüm toplayıram. Heç olmasa bir köməkçim olsaydı yaxşı olardı.
– Niyə köməkçi götürmürsünüz?
– Etibarım yoxdur. Qorxuram birdən səhv edər. O biri sahələrdə katibələrim, köməkçilərim var, amma ədəbiyyat sahəsində yoxdur. Təkbaşına yazıram. Hətta mən yazanda kompüterdə o biri proqramları söndürürəm, çünki o mənim yerimə söz seçir, mənsə sözlərimi özüm seçməliyəm. Anarın bir kitabını rus dilinə tərcümə eləmişəm. Onu Anara verəndən sonra and içdim ki, bir daha kitab tərcümə etməyəcəm. Ona görə yox ki, rus dilini pis bilirəm, ona görə ki, mənim üçün beş təzə kitab yazmaq bundan rahatdır.
– Bəlkə Anar o tərcüməni sizə qəsdən veribmiş ki, daha kitab yazmayasınız?
– Yox (gülür), xahiş eləmişdi. Bəlkəm qəsdən eləmişdi ki, Azərbaycan dilində danışmaq qabiliyyətim açılsın. Çünki 80-cı illərdə mən azərbaycanca zəif danışırdım.
– Nə əcəb Azərbaycan dilində yazmağa cəhd etmirsiniz?
– Ssenariləri azərbaycanca yazıram.
– Romanları?
– İnanmıram azərbaycanca roman yaza biləm. Hətta sizə deyim ki, rəsmi tərcüməçilərim belə məni çevirəndə əziyyət çəkirlər. Ona görə ki, mən rusca çoxlu təzə söz işlədirəm.
– Sizə qarşı münasibət birmənalı deyil.
– Bilirəm.
– Xalq arasında sevənləriniz çox olsa da, ədəbi mühitdə yazdıqlarınızı ciddi ədəbiyyat hesab etmirlər.
– Əgər ciddi yazıçı deyiləmsə, niyə 14 beynəlxalq mükafat veriblər? Nəyə görə Azərbaycan ədəbiyyatında ən gənc xalq yazıçısı adına layiq görüldüm? Əgər ciddi yazıçı deyiləmsə əsərlərim 30 dilə niyə tərcümə olunub, on filmim çəkilib və onlardan yeddisi xaricdə çəkilib. Mən sizə indi göstərim. Bu mənim axırıncı dəfə Fransada çıxan kitablarımdı, hərəsi 20 avrodan çoxdur. Elə bilirsiz fransızlar mənim qara qaş-gözümə vurulublar? Əgər bu ciddilik deyilsə onda fransızlar axmaqdırlar? Hələ kitabın arxasına baxın: “Liberation” qəzeti mənim haqqımda yazıb. Onda bunlar hamısı axmaqdırlar? Bəlkə bizimkilər məni qısqanırlar? Bilmirəm, mənə gülməli gəlir.
– Dünyada məşhur olub da ədəbi mühitdə ciddi qəbul edilməyən yazıçılar da var; Coan Rolinq, Paulo Koelyo…
– Axı Rolinqi milyonlarla insan oxuyursa kimin ona qeyri-ciddi deməyə ixtiyarı var? Təbii o, klassik anlamda ciddi deyil, axı o uşaqlar üçün yazır. Detektivin də öz pərəstişkarı var. Mən özüm detektiv oxumuram, fantastika xoşlayıram. Amma yenə də təkrar edirəm, bunu deyən adam fikirləşməlidir ki, Çingiz Abdullayevin 28 milyon nüsxə kitabı çıxıb.
– AYB-də də sizə qarşı belə münasibət var?
– Bilmirəm, əgər olsaydı dörd dəfə katib seçilməzdim.
– Sizə AYB-nin bankiri də deyirlər.
– Bəli.
– Niyə?
– Çünki AYB-nin maliyyə işləri ilə mən məşğul oluram. Özü də mənə bankir yox, maliyyə naziri deyirlər. Mənim peşəm yazıçılıq deyil, mən hüquqşünasam, belə işləri də bilirəm. İndi bəzi jurnalistlər yazırlar ki, guya büdcədən ayırmalar azaldıldı. Yalandı, Yazıçılar Birliyinə büdcədən ayırmalar azaldılmayıb, sabit saxlanılıb.
– Bəzi gənc üzvləriniz də təklif verdi ki, bina satılsın.
– Bunlara qalsa hər şeyi satarlar. Bir metr də satmamışıq. Satmaq da istəmirik.
– Sizcə AYB-nin əvvəlki imici qalıbmı?
– Yox, qalmayıb. Ona görə ki, Azərbaycanda kitab oxumurlar. Mən indi özümdən danışmıram. Əvvəllər Azərbaycanda ən nüfuzlu adamlar yazıçılar olublar. Milli Məclisin iyirmidən çox üzvü yazıçı idi. Yəni bu baxımdan yazıçılara hörmət vardı, amma indi o qədər də nüfuzumuz yoxdur.
– Sanki bu nüfuzun itirilməsində AYB-nin də təqsiri oldu. Ötən il Kəramət Böyükçölü sıralarınızdan xaric etdiniz. AYB-nin bir gənc yazarı cəzalandırması birmənalı qarşılanmadı. Ondan əvvəl da başqa bir gənc yazar Ayxan Ayvazla bağlı oxşar problem yaşanmışdı.
– Bəzi vaxtlar yazıçılar ölənləri, hansısa gedənləri təhqir edirlər. Bu da doğru deyil.
– Kəramətin çıxarılmağı doğru idi?
– O çıxarılanda mən olmamışam. Amma mən hər zaman AYB-nin katibliyinin qərarına hörmətlə yanaşmışam. Düzdür, mən ona görə AYB-də 28 il katibəm ki, bankirliklə, maliyyə işləri ilə məşğulam, yaradıcılıq işlərinə qarışmıram. Həmişə demişəm, bizdə 1800 dahi yazıçı var, bir nəfər dahi olmayan yazıçı mənəm. Mən öz işimlə məşğul oluram. Nəsə yazı ilə bağlı mənim yanıma gələndə deyirəm ki, bax bir belə yaradıcı katib var, onların yanına get, mən yazı işlərinə baxmıram, pul işinə baxıram. Qoy hamı dahi olsun, mən olmayım. Yazıçı bilirsiniz, təvazökar olmamalıdır, o gündəlik yazmır ki, əsər yazır və istəyir hamı oxusun. Qoy məni yazıçı hesab etməyənlərin bir milyon kitabı çap edilsin və onu insanlar oxumaq istəsinlər. Sonra danışaq.
– Siyasi detektivlər də yazırsız. Hansısa xüsusi xidmət orqanı sizinlə əlaqəyə keçib material ötürüb?
– Çox olub. Bax, Hacı Məmmədov hadisəsindən sonra Milli Təhlükəsizlik Nazirliyindən yanıma gəlib deyiblər ki, bundan yazın, imtina etmişəm. Səbəbini demək istəmirəm.
– Bəs Mossad, Mİ6, CİA kimi təşkilatlardan da təkliflər olub?
– Mossaddan olmayıb, olsaydı da deməzdim. Amma başqa təşkilatlardan mənə dosyelər göndərilib. Bax, “Həmişə dünənki sabah” kitabımda yazmışam ki, Litvada “Sayudis”in 11 üzvündən səkkizi xüsusi təyinatlıların agentidir. Litvanın prezidenti Landsbergis və baş naziri Prunskene bu siyahıda idi. Bunu mənə ötürmüşdülər. “Əclaflar qanunu”nda yazanda ki, “Qarabağda ölüləri daşıyıb dəyişirlər” bir çox yazıçı məni qınadı.
– Çingiz müəllim, Kulisdə də belə bir sorğu elədik, istəyirəm siz də ünvanlayım: Yazıçı nəyi yazmaqdan utanır, çəkinir?
– Yazıçı hər şeyi yaza bilər. Əgər yazıçının senzurası olsa onu oxumayacaqlar. Bir kitabımda maşını necə partlatmaq barədə yazmışam. Adicə hamının mətbəxində, vannasında olan ləvazimatlarla maşın partlatmaq olar. Amma mən bunu yazmaram. Ona görə yox ki, bilmirəm, ona görə ki, mən bunu yazsam, hansısa cavan uşaq oxuyub gedib kiminsə maşınını partladar. İkincisi də uşaqlara qarşı zorakılıq kimi şeylərdən yazanda ehtiyatlı olmaq lazımdır.
– Erotik, pornoqrafik məqamları yazmaq necə?
– Lazım olandan yazmaq olar. Fransanın keçmiş prezidentliyə namizədi vardı – Strauss-Kann, onun haqqında yazmışam ki, arvadı ilə svinger kluba gedirdi. Tərcüməçim gəlib deyir ki, azərbaycanca belə söz yoxdur nə yazım. Dedim svinger yaz, mənasını da qeyd elə: arvad dəyişmə. Orda gedib klublarda arvad dəyişirlər.
– Bəzən ədəbiyyatda öncəgörmələr olur. Hansısa əsər yazılandan sonra həmin hadisələrə həyatda baş verir. Sizin belə öncəgörmələriniz olub?
– Mən sizə deyim. Heydər Əliyevə və ya Şvarnadzeyə qarşı sui-qəsdlərdən yazmışam. Bundan əvvəl, körpü hadisəsi oldu və ya təyyarə ilə bağlı hadisə oldu. Bunlar həqiqətdir. Mən bunları yazanda Şvarnadzenin cangüdənləri ilə danışmışam, elə Vaqif Axundovla da danışmışam. Vaqif müəllim axır da dedi ki, heç nə yaza bilməyəcəksən, mən bütün təhlükəsizlik tədbirlərini görmüşəm. O mənə deyirdi ki, nə istəyirsən yaz, amma mən işimi tədbirli görmüşəm, heç nə mümkün deyil (gülür). Sizə bir gülməli əhvalat da danışım. Bir əsərimdə “Gülüstan” sarayındakı görüşdən yazmışam. İstədim orda “Gülüstan”ın direktoruna bir familiya uydurum. Sonra “Gülüstan”a gəlmişəm, direktor yanıma gəlib deyir ki, çox sağ ol, mənim adımı da yazmısan, familiyamı da. Mən bunları uydurmuşam, amma düz çıxıb. Yəni belə şeylər də olur (gülür).
– Çingiz müəllim, yaxın gələcəkdə dünyanın geosiyasi xəritəsini necə görürsünüz, nələr olacaq. Proqnozlarınız nədir. Siz bir siyasi detektiv yazıçı olaraq gələcəyi necə proqnozlaşdırırsınız.
– Gəlin ondan başlayaq ki, hamı dollar-manatın münasibətini soruşur. Onu deyim ki, bu neftlə bağlıdır, ona görə də bu böhran çox gedəcək. Siyasi proseslərin gedişatına çox pis görürəm. Mən görürəm ki, müsəlman aləmində sünnilərlə şiələr arasında daha böyük gərginlik ola bilər. Ya da müsəlmanlarla xristianlar arasında. Mən çox qorxuram, gec-tez böyük bir terakt olacaq. Balaca, çeçələ barmaq boyda plutoniumu götürüb hansısa böyük şəhərin mərkəzində qoysalar üç gündən sonra Paris, Berlin kimi böyük bir şəhərin yarısı həlak olacaq. Mən qorxuram ki, bu olsun. Nəticədə Avropada müsəlman talanları olacaq. Artıq buna doğru gedir. Bu baxımdan mən hesab edirəm ki, yazıçıların, siyasətçilərin borcu bu xalqları sakitləşdirməkdir. Amma görürəm ki, dil tapmaq istəmirlər, Türkiyə ilə Rusiya arasında hadisələrə baxın. Mən cavanlıqda belə hesab edirdim ki, insanları düzəltmək olar, indi baxıram ki, insanlar düzəlmir. Mən öz ölkəmdə də narahatam. Müxalifət fikirləşir ki, hakimiyyətə gələ bilər. Xeyr, nə müxalifət qalacaq, nə də iqtidar, qorxuram başqa qüvvələr gəlsin.
– Kimlər?
– Bizi İraq, Suriya kimi bir dövlətə çevirmək istəyəcəklər. Təbii ki, vicdansız məmurlara, yalançı müxalifətə inanmayan insanlar da gec-tez dinə meyl edirlər və bundan istifadə edib vətəndaş müharibələrinə də başlaya bilərlər. Ən böyük istəyim ondan ibarətdir ki, Qarabağ azad olunsun. Ölkədə əmin-amanlıq olsun.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR