Hansı icra başçısı neçə milyon qazanır?

12417686_145678889138846_4492642860497512057_nAvropada ilkin kapitalizmin və şəhər həyatının çiçəklənməsi “çəpərləmələr” dövründə baş verdi. Əyalətlərdə torpaqlarını itirən, ya mülkədarlar, ya da sələmçilər tərəfindən soyulub-talanan kəndlilər iri şəhərlərə üz tutur, bu şəhərlərdə ya oğru, ya dilənçi, ya xırda alverlə, ya da hamballıq və fəhləliklə məşğul olan bir şəhərli təbəqəsi formalaşdırırdılar.

Düzdür, şəhər həyatı beləcə çiçəkləndi, iri meqapolislər yarandı, lakin XVII-XIX Avropa tarixinin az qala hər səhifəsində şəhərlərin yaşadığı fəlakətlər, yanğınlar, iğtişaşlar əks olunub.

İri şəhərlərin iri problemləri var. İşsizlər ordusu, qul bazarları, evsizlər, oğrular, cibgirlər, getdikcə digərləri üçün daha çox təhlükə yaradan “gecə həyatı”, fühuş mafiyaları, xuliqanlıqlar və s. İstər köhnə, istər müasir şəhər olsun. İstər 100 il əvvəl, istər 100 il sonra…. İstər kriminal çox olsun, istərsə də az. 100 il əvvəl Bakı küçələrində dolaşan hamballar, “bir abbası” dərdi ilə gündüzü axşam edən fağır “şəhər qonaqları” indi gözə dəymirmi?

Ola bilər ki, bir az obrazda, bir az valyutada, bir az da müasir həyat şərtlərində qismən fərq olsun… Mahiyyət etibarilə, hambal elə hambaldır. Onun üçün 1916 ilə 2016 arasında elə böyük fərq yoxdur. Oturub gözləyək ki, kapitalizm bizdə nə vaxt lazımınca inkişaf edəcək, o zaman da bütün problemlər aradan qalxacaq? Şəhər həyatı bölgələrdə ağır güzəran yaşayan, torpağını itirən, ya da torpağı əkib-becərməyə vəsait tapmayan insanların ümid yeridir. Hindistanda belə bir məsəl var: “Almaz uzaqdan göz qamaşdırır”. Lakin Bakıya gəldikdən sonra ümidləri suya düşən, inşaatların dayandırılması və kütləvi ixtisarlar nəticəsində üzüsulu doğma rayona qayıtmağa məcbur olan insanların nə hisslər keçirdiyini təsvir etmək çətindir.

Rayonlarda vəziyyət nə yerdədir? Hansı icra başçısı neçə milyon qazanır? Dotasiyaları kim hara xərcləyir? Bu məsələ ilə baş sındırsaq, yazı uzun alınacaq. Açıq aydın görünür ki, bölgələrdə vəziyyət heç də ürək açan deyil. RİH başçılarının övladlarının təntənəli həyat tərzi, “dost” şirkətlərin qalib gəldiyi tenderlər, ancaq tikintilərə xərclənilən dövlət vəsaitləri… Və kənd təsərrüfatından uzaq düşən kəndlilər.

Bu gün problem “boğazdan aşır” demək düz olmasa da, “problem yoxdur” demək də ədalətsizlik olardı. Problemi görmək və zamanında düzəltmək lazımdır. İllər boyu paytaxtdan dotasiyalara göz dikən, dövlət başçısının etimadını doğrultmaq əvəzinə şəxsi biznes obyektlərini artıran, kiçik və orta sahibkarlara şərait yaradılması əvəzinə qohumluq və yerlibazlıq amillərinə nəzər yetirən icra başçıları bu gün yaxşı-yaxşı düşünməlidir. Ya dəyişmək zamanıdır, ya da dəyişdirilmək – demişdi bir qəmgin şair…

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR