İlham Şaban: “Təbliğat aparmadan istiqrazlar buraxmaq səhvdir”

maxresdefault“İnsanların təfəkküründə istiqrazlarla bağlı yaxşı xatirələr mövcud deyil”

Maliyyə Nazirliyi 250 milyonu ortamüddətli, 150 milyon manatı isə qısamüddətli olmaqla 400 milyon manatlıq istiqraz buraxır. Qafqaznews.az xəbər verir ki, ortamüddətli istiqrazların hər birinin nominal dəyəri 100 manat, sayı 2,5 milyon ədəd, qısamüddətli istiqrazların hər birinin nominal dəyəri 100 manat sayı isə 1,5 milyon ədədir. Bundan başqa, Maliyyə Nazirliyi 300 milyon dollarlıq qısamüddətli, 200 milyon dollarlıq ortamüddətli istiqraz buraxır. Qısamüddətli istiqrazların hər birinin nominal dəyəri 100 dollar, sayı isə 3 milyon ədəd, ortamüddətli istiqrazların hər birinin nominal dəyəri 100 dollar, sayı isə 2 milyon ədəddir.

Qeyd edək ki, bir neçə gün öncə maliyyə naziri Samir Şərifov dövlət büdcəsinin kəsrini örtmək üçün istiqraz buraxılacağını, dollar istiqrazlarına 3%, manat istiqrazlarına isə 10-12%-dən yuxarı gəlir təklif edəcəklərini bildirmişdi. Bu istiqrazların buraxılmasında əsas məqsədlər nədən ibarətdir? 1990-cı illərin əvvəllərində buraxılan istiqrazların uğursuzluğu və insanların bu cür mənfi “xatirələri”ni nəzərə alsaq, bu il buraxılan istiqrazlar nə dərəcədə uğurlu ola bilər? Cəmiyyəti istiqrazları əldə etməyə həvəsləndirmək üçün nə etmək lazımdır?

Bu və digər suallarla iqtisadçı-ekspert İlham Şabana müraciət etdik. 2015-ci ildə milli valyutanın iki dəfə devalvasiyaya uğramasını, neftin sürətlə ucuzlaşmasını, eyni zamanda Beynəlxalq Bank ilə bağlı qalmaqallı hadisələri xatırladan İlham Şaban bildirib ki, əhalinin banklara güvənsizliyi və əsas maliyyə vəsaitlərini evdə saxlaması dövlət büdcəsinə də mənfi təsir edib: “Cari il üçün dövlət büdcəsində böyük defisit yaranıb. Bunu nəzərə alan hökumət də, iqtisadiyyatın nisbətən dirçəlməsi üçün bu addımları atır”.

Lakin ekspertin fikrincə, istiqrazların buraxılması hazırda riskli addım kimi də sayıla bilər: “İnsanların təfəkküründə istiqrazlarla bağlı yaxşı xatirələr mövcud deyil. Ona görə də, təbliğat aparmadan istiqrazlar buraxmaq səhvdir. İnsanların inamsızlığını aradan qaldırmaq üçün, müəyyən məlumatlandırma işləri aparılmalıdır. Buna görə də, istiqrazların taleyi ilə bağlı proqnozlar ürəkaçan deyil. Amma yenə də, nəticəni və reaksiyanı görmədən mənfi danışmaq istəməzdim. Bəlkə, doğrudan da bu istiqrazlar cəmiyyətdə müsbət qarşılandı. Bu, çek məsələsinə bənzəmir.

O zaman çeklər çıxanda bir qrup işbaz süni ajiotaj yaratdı. Lakin istiqrazlar buna bənzəmir. Burda real olaraq müsbət nəticələr də əldə oluna bilər. Lakin hər şey cəmiyyətdə təbliğatdan və düzgün məlumatlandırmadan asılıdır”. İ.Şaban əlavə edib ki, ümumilikdə Azərbaycan iqtisadiyyatı ilə bağlı builki proqnozlar ürəkaçan deyil, lakin iqtisadiyyatın dirçəlməsi və qeyri-neft sahələrinə diqqətin artırılması nəticəsində fəsadları azaltmaq mümkündür.

 Rüfət Əhmədzadə

 Qafqaznews.Az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR